
HƏR HƏRFƏ BİR ŞEİR, RƏQƏMLƏRƏ TAPMACA:
Salam, dəyərli oxucum. Bu səhifədə “Gülünün Şeirləri” kitabındakı hərf və rəqəmlərə aid olan bütün şeir – tapmacalar toplanmışdır. Sıralama məktəb – liseylərin proqram ardıcıllığına uyğundur. Buyurun, oxuyun:
“ A “
A ilə Ana deyə,
Aləmə səs salırıq.
Azərbaycan sözünə
A ilə başlayırıq.
Ata, Ana tək sözlər
A-nın nəfis ilməsi
A-dan Z-yə hərflər
Allahın bir töhfəsi.
“ 1 “
Asan bir sual verim,
İnan, yoxdur beləsi.
Üçdən iki çıxanda
Söylə, qalır neçəsi?
“ 2 “
Hansı qoçaq tez deyər,
Söyləyin ay uşaqlar?
Xor-xor yatan pişiyin,
Neçə xumar gözü var?
“ 3 “
Kvadrat dörd bucaq,
Dairə bütün olar.
Üçbucağın bəs onda,
De, neçə bucağı var?
“ 4 “
Dünyanın dörd tərəfi,
Damın dörd dayağı var.
Ən böyük, nəhəng filin
De, neçə ayağı var?
“ 5 “
Eşitdim, öyrənmisən
İndi daha saymağı,
Adamın bir əlində
Neçə olur barmağı?
“ N “
N, iyirminci hərfdir,
Düşüb qabağa amma.
Çünki, onu bilməsək,
Yaza bilmərik Ana.
N, nənəmin ninnisi,
N, nənəmin nehrəsi,
N, nənəmin şipşirin
Noğul kimi nəvəsi.
“ 6 “
Cavabını kim verər,
Belə asan sualın;
Dörd ayağı, qulağı
Neçə edər ulağın?
“ 7 “
Bazar günü gələndə
Çox sevinir uşaqlar.
Bəs kim indi tez deyər,
Həftədə neçə gün var?
“ 8 “
At yanında balası,
Gəzirdi otlaqları.
İkisinin bir yerdə
Neçədir ayaqları?
“ T “
Tuncay topu tulladı,
Tutu, topu tut görək!
Top-top mənə yaraşmaz,
Mən tankçı olum gərək!
Tapançamı götürdüm,
Tüfəngi də ver mənə.
Tankı, topu sazlayım,
Hücum edim düşmənə!
“ 9 “
İki əldə bir yerdə
On dənədir barmağım.
Bax, birini qatladım,
Neçə qaldı qoçağım?
“ Ə “
Əlifbam əlimdədir,
Ə hərfi tanışdır.
Gözümün önündəki
Əlim Ə – lə başlayır.
Nənədə iki Ə var
İki Ə – li nəvə də
Babam Ə – dən küsəndə,
Ona deyirəm dədə.
“ 10 “
İnan ki, çətin deyil
Düşünsən, asan olar.
Bir əldə, bir ayaqda
Cəmi neçə barmaq var?
“ L “
Lalə dostların yenə
Topladı ətrafına,
Axı, mən nənəmgilə
Getmişdim Lənkərana!?
Orda bir ağac vardı,
Meyvələri sapsarı.
Leyla dadına baxdı,
Büzüşdü dodaqları.
“ I “
I – nı yazmaq asandı,
Asan da yadda qalır.
Kim tanımır, tanısın
Lap çomağa oxşayır.
“ R “
Raul əlində fırça,
Yanaşdı molbertinə,
Rənglər rəngə qarışdı,
Oxşatdı raketinə.
Rəna görəndə rəsmi,
Dedi, qəşəng rəndədi
Hətta qanadı da var,
Sanki, uçacaq indi…
“ İ “
İlqar sevir, idmanı
Hey hoppanır ip üstdən,
İz axtarır bağçada,
O, tez tapır itindən.
“ B “
1 ilə 3 birləşib,
Birlikdə “B” oldular.
Bakı sözün başlayıb,
Kitabı qurtardılar.
“ Y “
Yabını yəhərləyib,
Yusif mindi, dalına
Yellətdi, yorğa getsin
Bərk yapışdı yalına.
Yabı heç tərpənmədi,
Bir az əydi boynunu.
Çəkəndə yüyənini
Oynatdı quyruğunu.
“ U “
Uğur baxıb göylərə,
Dedi, usta olacam!
Uca bir qüllə tikib,
Ulduzlara çatacam!
“ D “
Dəvənin damı damdı,
Durdu, damı dağıtdı.
Dəvətikanı dərib,
Dammayan dam düzəltdi.
“ O “
O yumuru hərfdir,
Oxşayır yumurtaya.
Yazmağı lap asandı,
Qələmi kim fırlaya.
“ X “
Çarpaz iki xətt çəkib,
Adını “X” qoydular.
Xəbər çatdı, xoruza
Dedi, gecikib onlar.
“ M “
Malik məktəbə
Bu ildən gedir.
Müəllim ona
Ancaq beş verir.
Heç bir məsələ
Deyil qaranlıq.
Malik düşünür,
Yalnız bir anlıq.
“ K “
Kirpi kələmlə bir gün
Gəldi kəllə-kəlləyə.
Dedi, çəkil yolumdan,
Kələm, güldü kirpiyə.
Sonra, gördü ciddidi
Dedi, əkil başımdan.
Bura mənim yerimdi,
Bir də keçmə qarşımdan!
Kartofla, kök dözməyib,
Yetişdilər köməyə.
Kirpi başa düşdü ki,
O, məcburdu dönməyə.
“ Q “
Qu quşu qurbağanı
Gördü göl qırağında
Qurbağa oxuyurdu,
Kefində, damağında.
Qu dedi, quruldama,
Xoşum gəlmir, qurbağa!
Matı-qutu qurudu,
Lap, karıxdı qurbağa.
“ E “
E darağa oxşayır,
Dişi tökülüb, amma.
Üçcə dişi qalıbdı,
Onunla çox oynama!
“ S “
Saatsaz saatları,
Aşıq sazı sazladı.
Saatlar işləməyə,
Aşıq sözə başladı.
Neçə saat durmadan,
Aşıq söylədi, dastan.
Saatsaz yuxuladı,
Səs gəlmədi saatdan.
“ Ş “
Şamil şamları,
Qoydu şamdana.
Çərşənbə günü,
Qalsın axşama.
“ C “
Sancağımı bəzəyən
Hilala bənzəyirsən!
Azərbaycan sözünü
Can ilə bəzəyirsən!
Ana da balasına
Can deyə cavab verir.
Cahu-cəlal sözünə
C hərfi rəvac verir.
“ V “
Vaqifin bir vərdişi
Hər şeydən vacib idi,
Vaqonda da, evdə də
Mütləq var-gəl edirdi.
“ Ç “
Ç hərfi çobanla
Lap çoxdan dostluq edir,
Ç – li çomax həmişə
Çobanın əlindədir.
Çəməndəki keçisi,
Ç – li çayırı çeynər,
Arxacdakı çəpişlər
Çeşmələrdən su içər.
Ç – li alaçıq, çadır
Çöldə çobanın evi,
Çoban yaman çox sevir
Ona görə bu hərfi!
“ Z “
Zanbağı görən kimi,
Zümrüd dedi, Zeynəbə
Paxıl deyilsən əgər,
Zanbağını ver mənə.
Zəhra qarışdı işə,
Sonra dedi, bu qədər
Tənbəl deyilsən əgər,
Zəhmət çək, özün becər!
“ Ö “
Çıxıb qunun önünə
Özünü öydü ördək,
Göldə məndən gözəli
Varmı, bir deyin görək!?
“ Ü “
Üzdüm üzümü,
Üzdüm, özümə!
İstəyirsənsə,
Gəl, üz özünə!
Üzüm qurusu
Üzümdən dadlı,
Qaldıqca olur
Daha faydalı!
“ P “
Paşa, əlində maşa
Hücum çəkdi pişiyə,
Burda pişik özüməm
Haydı çıxdın eşiyə!
“ G “
Hər Günəşin doğması
Yeni günü başlayır,
Günəş qürub edəndə
Demək, gün başa çatır.
Günəş özü möcüzə
Sirr dolu varlığıyla,
“Bir gün” isə məsajdır
Dünyaya, insanlığa!
“ H “
Həsən çıxdı hasara,
Nə yaman hündürimiş.
Hop eləyib, hoppandı,
Hündürdən hündürimiş!
“ Ğ “
Qarğa ilə qurbağa
Getdilər qonaqlığa,
Sağsağanın toyuydu
Düşmüşdülər bolluğa.
Söz verildi qarğaya,
Sağsağan əhsən dedi.
Qurbağa başlayanda,
Bəyin ürəyi getdi.
“ J “
Jalə aldı jurnalı
Baba, ver baxacağam!
Böyüyəndə istəsəm,
Jurnalistolacağam!
Müəllif: Zaur Ustac

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:
BÜTÜN HƏRFLƏRƏ, RƏQƏMLƏRƏ AİD YENİ ŞEİRLƏR BURADA
“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI
<<<<XİDMƏTLƏR>>>>
Təqdim edir: Zaur Ustac
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ