ŞAİR İLHAMININ VƏRƏQLƏRƏ SƏPİLMİŞ ŞEİR SƏTİRLƏRİ

Qarşımızda atəşpərstliyin simvolunu alov dili ilə təcəssüm etdirən bir kitab var. Kitabın adı “Şeir özü çınqıdır”. “Nuhçıxan-Naxçıvan” (2006), “Köksüm altda söz döyünür” (2008), “Qarabağdır Azərbaycan” (2010), “Son sevgi məktubum” (2012), “Ömür boyda zaman” (2016) kimi şeir kitablarını sevə-sevə oxuduğumuz pedaqoq-şair Tofiq Qəbul. Güclü xarakterik cəhətləri ilə bir-birindən seçilən şeirlər, şeir hadisələrindəki inandırıcılıq, təsvirlərdəki liriklik və reallıq, dərin psixologizm şairin yüksək sənətkarlıq mövqeyində dayandığını göstərən cəhətlərdir. Şeirlərdə ən kiçik təfərrüatlar belə, şair süzgəcindən keçirildikdən, yüz ölçüb bir biçildikdən sonra qələmə alınmışdır.
Sənətinin vurğunu, ədəbiyyatın gözəl bilicisi və təbliğatçısı olan müəllimlərdən söhbət düşəndə də, şeirləri ilə ürəkləri oxşayan, ağıla, idraka nüfuz edən istedadlı şairlərdən söz açanda Tofiq Qəbulu yada salırıq. Tofiq müəllim Naxçıvan Muxtar Respublikasında tanınmış və təcrübəli ədəbiyyat müəllimlərindən biridir. O, qəlbən ədəbiyyata bağlıdır, fitrətən şairdir. Vətənpərvərlik duyğularının, təbiət gözəlliklərinə vurğunluğunun incə lirizmlə yoğrulmuş nümunələri… Şair ilhamının vərəqlərə səpilmiş şeir sətirləri. Vərəqləri çevirdikcə şirin misraların ləzzətini duya-duya özünü təbiətin, gözəlliyin qoynunda hiss edirsən. “Şərq qapısı Naxçıvan”da necə hərəkət edəsən ki, təbiətə bəzək verən bu gözəl naxışlar pozulmasın.
Haçadağı ehram kimi,
Sıra dağlar sərhəd-kəmər.
Bu şəhəri soran kimi,
Ağıla ilk Duzdağ gələr.
Min-min qonaq heyran ona,
Duz-çörəkli Naxçıvana.
Naxçıvançay axır-axır,
Dövrəsini alıb evlər,
Nuh türbəsi qucaq açır,
Gülərüzdür bizim ellər.
Köhnə qala gəlib cana,
Qürur verir Naxçıvana (səh.11).
“Şəlalə”, “Nəğməkar yağış”, “İlk qar”, “Son çərşənbə” və s. şeirlərində də şair rəng vurmağa xəsislik etmədən əlvan boyalarla Azərbaycanımızın doyulmaz mənzələrini şeirlərilə təsvir etmişdir. Şairin palitrası dağlar, dərələr, meşələr, çaylar, rənglər yığını yurdumuzun füsunkar təbiəti, sətirləri düzən fırçası vətənpərvər şairin coşan-çağlayan ürəyi, büllur gözlü ilhamıdır.
Şair şeirlərinin əksəriyyətində ciddidir. Mövzuları rəngarəng və aktualdır. O, az sözlə çox mətləblər deməyi xoşlayır. Və xoşbəxtlik də ondadır ki, məqsədinə çatır. Dili aydın, səlis və oxunaqlıdır. Klassik şeirimizdən, folklorumuzdan bəhrələnir. Bu xüssiyyətlər onun şeirlərinə təravət, aydınlıq, yığcamlıq verir. Axı, xalq şeiri və ya folklor nümunələrindən bərələnməyin üstünlüklərini həmişə görkəmli sənətkarlarımız yüksək qiymətləndiriblər. Müəllifin “Son çərşənbə” şeirinə nəzər salaq. Şeirin məzmunu belədir: Son çərşənbədə təbiətin yuxusu qaçır və gnəş öz nuru ilə torpağı oyadır. Günəş yatandan sonra həyətlərdə od qalanır, tonqallar çatılır. İnsanların üzündə sevinc olur, fərəh olur.

İlin axırıdır, son çərşənbədir,
Daha təbiətin yuxusu qaçır.
Yel covlan eyləyir belədən-belə,
Günəş torpaq üstə nurunu saçır.

Tonqallar çatılır günəş yatanda,
Hər evdə, həyətdə bir çınqı, bir od.
Elimdən, obamdan səslər yüksəlir:
– Var olsun gözəl yaz! Var olsun həyat! (səh.32)
Şair bu kitabda kövrək qəlb çırpıntılarına, mübarizə ruhuna, öyrənmək həvəsinə sadiq qalaraq Vətənə, yurda, torpağa, min bir bəzəkli, min bir sərvətli təbiətə, dünyanın əşrəfi sayılan bəşər övladına, romantik uşaqlıq aləminə həsr etdiyi bir-birindən gözəl şeirlərlə, poetik tapıntıları ilə oxucularının görüşünə gəlib.
Kitabın “Uşaq şeirləri” bölməsində (səhifə 75-dən 81-ə) verilmiş şeirlər əsasən məktəbəqədər yaşlı uşaqlar və ya kiçikyaşlı məktəbli şagirdlər üçün nəzərdə tutulub. Çünki bu şeirlərdəki vətənpərvərlik, cəsarətlilik, vətəndaşlıq duyğuları, torpağa, el-obaya məhəbbət, düşmənə nifrət hisləri və digər əxlaqi-mənəvi, bədii-estetik keyfiyyətlər uşaqların anlamı və dünyagörüşü səviyyəsində təqdim olunur. “Bilirəm Qarabağı”, “Gəl, novruz bayramım”, “Ağıl oyunu” şeirləri də bu qəbildəndir.
Azğın ermənilər Azərbaycan torpaqlarına köçüb gələli iki yüz ilə yaxındır ki, bu yerlərdə zaman-zaman qırğınlar, fəsadlar törədirlər. Qarabağ camaatı öz yurdundan-yuvasından köçkün düşəsi olublar. Göylərə yüksələn nalələr, ahlar hələ də cavabsız qalıb. Şeiri oxuyan zaman görürük ki, ancaq yenə də atalar, analar, babalar, nənələr və müəllimlər Xankəndindən, Şuşadan, Topxana meşəsindən, Əsgəran qalasından, Pənah xandan, Natəvandan, Xan Əmidən, Bülbüldən söhbət salır, Qarabağ salnaməsini balaca uşağın zehninə həkk etdirirlər.
Mən balaca olsam da,
Bilirəm ki el nədir.
Bilirəm, Vətən nədir,
Bilirəm ki, dil nədir.

Qarabağ cənnətməkan,
Elə şirindir mənə.
Çox deyibdir bu haqda
Atam, babam, müəlliməm.
Uşaq köksünə əminliklə yazıb ki, əzəli torpağımız Qarabağ çox da uzaqda olmayan günlərin birində Ali Baş Komandanımız tərəfindən geri qaytarılacaqdır. Çünki Azərbaycanın yenilməz ordusu var. Uşaq da bizim kimi əmindir ki, Qarabağ “arxalı köpək”lərdən azad olunacaq və üçrəngli bayrağımız Qarabağda dalğalanacaqdır.
Bilirəm ki, ordum var,
Alacaq Qarabağı.
Orda dalğalanacaq
Azərbaycan bayrağı
Şairin nikbin və ya optimist duyğuları, sabaha ümidi, inamı balaca körpələri, növcavanları ruhlandırır. İnanırsan ki:
Mən balaca olsam da,
Əzizimdir bu torpaq.
Bax, köksümə yazmışam.
Dünya cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ,
Yaddan çıxmaz Qarabağ! (səh.75-76)
Müdrik düşüncələrdən, işıqlı baxışlardan, yaşanmış ömrün vurduğu naxışlardan, şairin humanist duyğularından süzülən bu misralar, durulub hikmət çələnginə, həyat fəlsəfəsinə çevrilib. Çevrilib ki, balaca oxucular duyğulansınlar, haqq yolunu seçsinlər və ən əsası torpağa yaraşıq olsunlar.
Tofiq Qəbulun “Oyunçu Özləm” adlı şeirini oxuyan zaman şairin sanki bir arzusunu görürük. Arzu da bu körpənin təmiz gülüşünün daim çöhrəsində qalması arzusudur. Bildiyimiz kimi, nəvələrin emosional, intellektual inkişafında baba və nənələrin rolu heç də az deyil. Uşaqlar sonsuz istək və arzularının reallığını baba və nənədə tapır. Çox zaman uşaqların hər bir oyun istəklərini reallaşdıran yenə də baba və nənələrdir. Budur, Özləm hakimdir – baba müttəhim, Özləm həkimdir – baba xəstə, Özləm müəllimdir – baba şagird, Özləm mühəndisdir – baba fəhlə.
Özləm həkimdir sanki,
Xəstəyəm nəzərində.
“Həblərini ud!” – deyir – 
Gözlərim üzərində

Özləm olub mühəndis,
Fəhləyəm nəzərində.
Deyir: “Evi yaxşı tik!
Gözlərim üzərində”.

Hərdən də qucur məni,
Babayam nəzərində.
Deyirəm: “Gözəl nəvəm,
Həmişə belə şən ol,
Gözlərim üzərində” (səh.80).
Uşaq psixologiyasını yaxşı bilməsi, kiçikyaşlıların arzu və istəklərini həssaslıqla duyması şairə bu sahədə şeirlər yazmağa geniş imkan vermişdir.
Torpağa bağlılıq, gözəlliyə vurğunluq, insana məhəbbət – bunlardır “Şeir özü çınqıdır”dan aldığımız bəşəri hislər, duyğular. Sadəliyi ilə seçilən, lakin ehtiraslı qəlbə malik olan şair çox şairlər kimi xəyala dalmağı sevmir, daha çox qəlbən yaşadığı, görüb-duyduğu, müşahidə etdiyi fakt və hadisələri qələmə alır, real duyğularını pafos və ritorikaya varmadan oxucularına təqdim edir. “Dar ağacı”, “Ruhu yandıran sual”, “Belə də olur”, “Güllə yaraşır”, “Nə mənası var”, “İlahi ədalət” və digər şeirlərində axıcılıq, obrazlılıq, məzmun dərinliyi oxucunu razı salır, həyəcanlandırır, kədərləndirir, sevindirir. Xoşagələn cəhətlərdən birincisi, biz deyərdik ki, hər bir şeirin məzmunlu sonluqla bitməsidir, tamlıq, bütövlükdür. Şair nədən bəhs edirsə, onu mənalandırır, oxucusunu bu mənaya varmağa məcbur edir. “Nəyindən yazım” şeirinə fikir verək: Hər bir insanda doğruluq, dürüstlük, sözübütövlük, mərdlik, şərafət, namus, ləyaqət kimi ali insani keyfiyyətlər və prinsiplər cəmiyyətimizdə daxili gözətçi rolunu oynayır. Bu ali keyfiyyətlərin yerini riyakarlıq, yaltaqlıq, mütilik, ikiüzlülük, xəbislik, xəsislik kimi mənfi keyfiyyətlər əvəz edirsə o adam sağlığında da, dünyadan köçəndə də ittiham olunur. Şair altı bəndlik şeirində mənfi obrazı necə də gözəl ustalıqla təsvir edir:
Deyirsən, məndən yaz, yazım ey, yazım,
Ancaq söylə görüm, nəyindən yazım?
Hər baxdıqca sənə tükənir sözüm,
Əxlaqın iy verir, iyindən yazım?..

Qəlbin döyünürmü millətin üçün?
Elə çırpınırsan sərvətin üçün.
Qəpik xərcləmirsən hörmətin üçün.
Saxta şivənindən, vayından yazım? (səh.49)
Məhəbbət lirikası! İnsanların ülvi hisslərinin, şirin duyğularının lirikası! Heç vaxt solmayan, heç vaxt sönməyən məhəbbətin tərənnümü hansı şairin rübabında öz ifadəsini tapmamışdır? Bu mənada, Tofiq Qəbul da yaradıcılığında ismət dolu, həya dolu lirik şeirlərə də yer ayırmışdır. Ona görə ki, V.Belinskinin dediyi kimi, “Lirika dilsiz duyğulara söz və surət verir, onları dar köks qəfəsi içindən bədii həyatın təmiz havasına çıxarır, onlara xüsusi bir həyat verir”. Tofiq Qəbul insan həyatını mənalandıran sevgidən, vəfalı, sədaqətli sevgidən yazmağı unutmur. Onun lirik şeirlərində səmimilik, nikbinlik, xoş əhval-ruhiyyə, əhdi-peymana sədaqət və s. ifadəsi vardır. Şair gəncliyə Şərq ənələrinə sadiq qalmağı, yəni, ulu babalar sayağı sevməyi məsləhət edir:
Mən diz çökməyəcəm qarşında sənin,
Səni sevəcəyəm şərqli sayağı.
Mən gül səpməyəcəm başına sənin,
Səni sevəcəyəm şərqli sayağı.

Yalan vədlər ilə aldatmayacam,
Özümü qarşında alçaltmayacam,
Sənə tərif deyib ucaltmayacam,
Səni sevəcəyəm şərqli sayağı…

Sevgi qəlbimizdə yaşayacaqdır,
Sonra övladlara daşınacaqdır,
Ailə sevgisi başlanacaqdır.
Səni sevəcəyəm şərqli sayağı (səh.72).
Tofiq Qəbulun bu şeirini oxuyan zaman Qurban Səidin “Əli və Nino” əsərindən bir epizodu xatırlalamaq olmur. Səfər xan oğlu Əli xana etdiyi nəsihətlərindən biri də belədir: Qadın tez sınan bir qabdır. Bunu bilmək vacibdir… Bilirsən ki, müsəlmanlar dörd arvdı birdən saxlaya bilər. Amma biri ilə kifayətlənsən, daha yaxşıdır. Onunla səbirli ol (Nino nəzərdə tutulur). İstədiyin vaxt ona çoxlu hədiyyələr gətir, ipək və daş-qaş ver… Kişi gərək arvadı sevməsin. Kişi vətəni, müharibəni sevər. Kişi qadını qorumalıdır, sevməli deyil.
T.Qəbulun lirik qəhrəmanları aciz və passiv deyildirlər. Onun qəhrəmanları məhəbbəti uğrunda çarpışan, vüsala qovuşmağa əmin olan, ən şirin arzularına yetişəcəyinə möhkəm inanan nikbin aşiqlərdir. Onların əhval-ruhiyyəsi oxucuya gözəl təsir bağışlayır, oxucuya inam və iftixar hisləri aşılayır.
Bu payız gecəsində,
Sən yadıma düşmüsən.
Xəzəllərin səsindən
Sandım ki, üşümüsən (səh.64).
Şairin şeir yaradıcılığının digər bir qolunu düşünən, düşündürən yetkin insanların həyati arzularını, baxışlarını, əməllərini əks etdirən lirika təşkil edir.
Bir vaxt qışın sərt günündə,
Sən, mən, bir də şəhər idi.
Qar nur idi gecəmizə,
Elə bil ki, səhər idi.

Atabəylər türbəsinin
Meydanında əylənirdik.
O, sanki eşq Kəbəsiydi,
Dövrəsində hərlənirdik.
Bunu bütün oxucular təsdiq edə bilər ki, Tofiq müəllim nə qədər yazır-yazsın, onun şeir dili dadlı, duzlu və yeni ideyalarla zəngin olduğu üçün ictimaiyyət tərəfindən sevilə-sevilə oxunur. Maksim Qorki belə insanlar haqqında necə də gözəl deyib: “Əgər sən bütün ömrün boyu həmişə və hər yerdə adamlar üçün ancaq yaxşılıq – yaxşı çiçəklər əkmisənsə, yaxşı fikirlər yaymısansa, özün barədə xoş xatirələr qoya bilmisənsə, sənin həyatın asan, xoş və şən olacaqdır”. Öz yaradıcılıq münasibətilə həyat kredosunu insanlara yaxşılıq etməkdə görən şair Tofiq Qəbul şüurlu həyatını millətimizin gələcəyi olan gənclərə həsr edərək poetika aləminin inkişafına ləyaqətlə xidmət edir. Bu sadə və səmimi insanı yeni şeir kitabı münasibətilə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Müəllif: KAMAL CAMALOV

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Respublikasının əməkdar müəllimi
Azərbaycan Yazıçılar birliyinin üzvü

YAZARLAR.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-500-63-36     E-mail: yazarlaraz@yandex.ru