
ZAUR USTAC “ÜÇ YARPAQ” RUBRİKASINDA
MİN ŞÜKÜR
Bir yaqut gizlidi sədəf dalında,
Misli yox ölçülə sərraf dalında,
Min kəlmə şəlləyib əlif dalında,
Dildən dilə gəzdirənə min şükür…
* * *
Dədəm, babam nəğmə deyib, söz qoşub,
Kəsə gedib, doğru deyib, düz qoşub,
Məclis qurub, min oxuyb, yüz qoşub,
Teldən telə gəzdirənə min şükür…
* * *
Ustac deyər, hardan gələr bilinməz,
Ha deyilə, yeri dolar bilinməz,
Gülər gözdən qəm süzülər bilinməz,
Eldən elə gəzdirənə min şükür…
20.10.2016. Bakı.
= = = =
NƏDƏNDİ
Yanağına qəmzə atan gülüşün,
Ürəyimə nizə atır nədəndi?!
Ədasıyla meh gətirən yerışin,
Ürəyimi közə atır nədəndi?!
* * *
Sən gələndə yoxa çıxır dərd, ələm
Cismim dəftər olur, ruhumsa qələm,
Bir baxış atəşli gözümə məlhəm,
İynə tək dizimə batır nədəndi?!
* * *
İstədim deyəm ki, olasan agah,
Mat qaldım, bu işə özüm də Billah,
Ustacın işləri Vallahi dəsgah,
Qan-tər içrə buza batır nədəndi?!
07.06.2011. Bakı.
= = = =
GÜLSÜN
Bir baxıb, baxmamaq olurmu, Gülüm?
Dil qəlbin oxusun, göz gözə gülsün…
Qaynayıb, axmamaq olurmu, Gülüm?
Sözlər gül qoxusun, göz gözə gülsün…
* * *
Al rəngli tər qönçə bəzək gül üzə,
Ruhun mehman ola, gəzək gül üzə,
Süz dolsun qədəhlər içək, gül üzə,
Üz üzə toxunsun, göz gözə gülsün…
* * *
Ustacam, söyləməm, heç zaman yarın,
Çoxdan cəzbindəyəm, sənin tək yarın,
Əgər, inanmırsız bu qəlbi yarın,
Arzular qovuşsun, göz gözə gülsün…
22.05.2015. Bakı.
Müəllif: Zaur Ustac
© Zaur USTAC,2019. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ
Çox gözəl. Var olun.
BəyənBəyən