VAQİF COŞĞUN “ÜÇ YARPAQ” – DA

Sənsizlik…
(Ustad şairimiz Rüstəm Behrudiyə)

Heç nə görmür gözlərim,
Səndən başqa nə varsa…
Xəbər tutmaram hicran,
Bir gün Səni aparsa…
*****
Tükəndim, bitdim, İlahi!
Sənsiz ömür – ömür deyil…
Bu nə eşqdir düşdüm,mənə
Dəlilər də “dəli” deyir?!…
*****
Canımdan elədin məni,
Gülüm,bircə baxışla…
Qayıt,yerdən götür məni,
Bir az üstümdə ağla!!!…
*****
Heç nə görmür gözlərim,
Səndən başqa nə varsa…
Xəbər tutmaram hicran,
Bir gün Səni aparsa,
Bir gün Səni aparsa..

= = = =

Sən olacaqsan… 


Hələ də fikrimdən getmir xəyalın, 
Hələ də qəlbimdə nalə kimisən…
Gərək dəyməyəydim xətrinə sənin, 
Gərək qoymayaydım elə gedəsən…
*****
Bilirəm, sənintək sevə bilmədim,
Amma ki, tən tutdum güllərə səni…
Bir zaman mənimlə dil-dil ötərdin,
İndi də salmısan “dillərə” məni… 
*****
Ha çağırdım, yetmədin ki, dadıma…
Mən beləyəm, bal tuturam “duz” çıxır…
Elə sözlər qoşdular ki, adına
Baxıb gördüm, yalanı da “düz” çıxır…
*****
Mənə inanmadın, bu azmış kimi,
Elə dərd verdin ki, dərdim – “dərd” çəkir…
Unuda bilmədim mən “adam” kimi,
İlahi, bu dərd də “min ildi” çəkir!!!…
*****
Boşunamı qovduq illərimizi ?!
Heyif, bu sevdaya yana bilmədik…
Bu necə sevgidi, bir-birimizin
Qədrini bilirik ayrılanda biz?!… 
*****
Hər gün saçlarında gəzər yad əllər,
Yad nəfəs “öldürər” səni hər gecə…
Nə vaxtsa qəlbində qalan arzular,
Gözlərində yaşa dönər hər gecə…
***** 
Səni qınamağa güc yox canımda…
Bilmirdim ömrümə qəm olacaqsan…
Özümü “asacam” xəyallarından,
Hər gecə qatilim Sən olacaqsan…
***** 
Hələ də fikrimdən getmir xəyalın, 
Hələ də qəlbimdə nalə kimisən…
Gərək dəyməyəydim xətrinə sənin, 
Gərək qoymayaydım elə gedəsən…
Gərək qoymayaydım elə gedəsən…

= = = =

Əgər çağırsan…

Hanı, deyirdin ki, bitməz bu sevgin?
Nə oldu, bəs niyə çıxıb gedirsən?…
Taleyin – qədərin nə günahı var,
Sən mənim üstümə yıxıb gedirsən…
***** 
Hələ baxışlarda görünmür kədər,
Hələ ki, bilmirik tənhalıq nədir…
Kim bilir, bəlkə də bütün günahlar,
Elə vaxtsız gələn ayrılıqdadır?!…
*****
Bilirəm, gözümə görünəcəksən,
Sənsizlik hər dəfə üzəndə məni…
Sən də bu həsrətə bürünəcəksən,
Rüzgar yarpaq kimi əzəndə səni…
*****
Gəl axtarma məni yad nəfəslərdə,
Harda unutmusan, orda qalmışam…
Çağırsan, astaca döyülər qapın,
Baxıb görərsən ki, mən dayanmışam…
***** 
Hələ ki, həsrətin yuxuma gələr,
Hər gecə yaş olub düşər gözümdən…
Hər gözüm yaşında bir ulduz sönər, 
Bir sevda ağlayar bu Yer üzündə…
Bir sevda ağlayar bu Yer üzündə…

Müəllif: Vaqif Coshkun

YAZARLAR.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-500-63-36     E-mail: yazarlaraz@yandex.ru