MAYIL DOSTUDAN GÜNÜMÜZƏ AYNA TUTAN ŞEİRLƏR:

YURDDA QALIB

Pərən – pərən düşən elim,
Bükülübdü dizim, belim,
Para-para ağzım, dilim,
Yurdda qalıb ağız dadım,
Ondan doyub kam almadım.

Yetim qalıb daşın, kolun,
İzə həsrət cığır, yolun,
Ay hazarat, ağah olun:
Özgə yerə iz salmadım,
Yurddan doyub kam almadım.

Sığal görmür meşən,çölün,
Sonasızdır çayın, gölün,
Məni doğran, yarı bölün.
Orda qalıb pir olmadım, 
Yurddan doyub kam almadım.

Meşə sirdaş hər talana,
Dağlar həmdəm daş qalana,
Dağ çəkirsən mən balana.
Xəyalən sənsiz qalmadım,
Yurddan doyub kam almadım.

Yurddur dərdə dərman,davam,
Orda qalıb nəğməm, havam,
Adı qalıb, yoxdur obam.
Onsuz boşaldım, dolmadım
Yurddan doyub kam almadım.

Qucaq açam dağ yelinə,
Dar dərənin gur selinə,
Qaçqın, köçkün mərd elinə.
Sənə tay bir yer bulmadım,
Yurddan doyub kam almadın.

= = = =

ŞƏHİD ANASI

Bilirəm, möhtacsan şirin bir sözə,
Həsrətsən gülüşlü quru bir gözə,
Dağsan, əriyirsən sən dözə-dözə,
Oğlunu itirmiş, şəhid anası.

Günü aya dönür, ayı illərə,
Naləsi, fəyadı düşür dillərə,
Nəmli gözü meydan olur sellərə,
Gözü nəm bitirmiş, şəhid anası.

Dərdinə tapılmaz əlac, nə dərman,
Bəxtinə yazılıb dəhşətli fərman,
Sanki, külə dönüb yaşıl bir orman,
Qəlbini əritmiş, şəhid anası.

Ən uca yer sizlərindi, biləsiz,
Zəfər çalaq, bir ürəkdən güləsiz,
Niskili, acını bir az siləsiz,
Ər oğul yetirmüş, şəhid anası.

17. 07. 2019

= = = =

HALAL QARDAŞIM

Kürəyin şələli, əlin qabarlı,
Gəlindən həyalı, qızdan abırlı,
Güvənin tərindi, zəhmətin barlı.
Qürurum,adımsan, vüqarlı başım,
Yaşamaq halalın,halal qardaşım.
***
Çörəyin torpaqdan, ya daşdan şıxır,
Ehtiyac çox zaman qəlbini sıxır,
Yüz haram sarayı– bir halal yıxır.
Mayası mərdlikdən bünövrə daşıım,
Yaşamaq halalın, halal qardaşım.
***
Şöhrətin zəhmətdi, alın tərindi,
Mənliyin bütövdü,həm də dərindi,
Vicdanın dayağın, saf hünərindi.
Sən, quru oduna yanan, ay yaşım,
Yaşamaq halalın, halal qardaşım.
***
Nəfsini qul edir, cəza verirsən,
Gözünlə od yeyir , oda girirsən,
Özgənin yox, öz barını dərirsən,
Özgə malın haram sayan sirdaşım,
Yaşamaq halalın, halal qardaşım.
***
Dünyanın nizamı çiynində durub,
İçində paklığı, saflığın qurub,
Niyyətin haramı gözündən vurub.
Harama,tamaha sənsən savaşım,
Yaşamaq halalın, halal qardaşım.
***
Bu haram dünyada işin çox çətin,
Ağır, fəqət şərəflidir qismətin,
Sən uca varlığı, uca millətin.
Sənədir hörmətim, güvən,alqışım,
Yaşamaq halalın,halal qardaşım.

Müəllif: MAYİL DOSTU

YAZARLAR.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-500-63-36     E-mail: yazarlaraz@yandex.ru