SONA ABBASƏLİQIZI “ÜÇ YARPAQ” – DA

DEYİL…

Ürəyimdə türlü-türlü yara var,
Təbibsiz,loğmansız sağalan deyil.
Nə qədər ki,ayrılıq var,ara var,
Üzüm gülən,kefim çağ olan deyil.

Yurduma uzandı xəyanət əli,
İtirdim obanı,itirdim eli.
Namərdin,nakəsin işi,əməli,
Əzəldən qaradır ağ olan deyil.

Fələyin dərd yükü qəddimi əydi,
Naşının söz oxu sinəmə dəydi.

Bağçada meyvələr vədəsiz dəydi,
Ovsanadan çıxdı, yığılan deyil.

Yadımdan çıxmayır el-oba dərdi,
Tale bəxş eləyib,mənə bu dərdi.
Bağ saldım barını özgələr dərdi,
İnnən belə canım sağ olan deyil…

= = = =

KİMƏ DEYİM…


Namərd tənəsini mərd yeyir daha,
Ağacı içindən qurd yeyir, daha,
Mənim ürəyimi dərd yeyir, daha,
Mən dərdimi kimə deyim, ILAHI?!.

Qəm-qüssə içimdə bitir elə bil,
Varlığım əriyir itir elə bil.
Bəxtim gündən-günə yatır elə bil,
Mən dərdimi kimə deyim, ILAHI?.

Bu dəli gərdişdə ağıllı çaşır,
Dərd tüğyan eyləyir, çay kimi daşır.
Gündəlik qayğılar başımdan aşır,
Mən dərdimi kimə deyim, ILAHI?

Zaman bizi ələyində ələdi,
Yurdumuzu qızıl qana bələdi.
Vallah, tələ kürən quran tələdi,
Mən dərdimi kimə deyim, ILAHI?

Dərd bilənlər dərdə baxmır, neyleyim,
Namerd dunya mərdə baxmır, neyleyim.
Göy deyənə Yer də baxmır, neyleyim,
Mən dərdimi kimə deyim, ILAHI?

Nadanlar əlində qalıbdı söz də,
Yenə duz deyənlər qalıbdır düzdə.
Daha abır, heya qalmayıb üzdə,
Mən dərdimi kimə deyim, ILAHİ?

= = = =

MƏNİ DİNDİRMƏYİN

Hayıf daha haram, halal bilinmir,
Eşq yolunda hicran, vüsal bilinmir,
Ta dünyada dilliylə lal bilinmir,
Gəlib məni dindirməyin, siz Allah.

Namərd yatır indi mərdin içində,
İtib-batdım itin-qurdun içində.
Boğuluram mən bu dərdin içində,
Gəlib məni dindirməyin, siz Allah.

Bu enişin, bu yoxuşun düzü yox,
Gecələrin ümidli gündüzü yox.
Bəxtimin də məni görən gözü yox,
Gəlib məni dindirməyin, siz Allah.

Eşidən yox ürəyimin naləsin,
Yadlar dərir gülşənimin laləsin.
Verməyincə yağıların bəlasın,
Gəlib məni dindirməyin, siz Allah.

Müəllif:SONA İSMAYILOVA

YAZARLAR.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-500-63-36     E-mail: yazarlaraz@yandex.ru

Advertisements