ADİL CƏFAKEŞ “ÜÇ YARPAQ” -DA

BAX GÖR KİMDİ

Çıxıb bu bazarı nəzərdən keçir, 
Bax gör kimdi atan qəpiyə güllə. 
Bax gör kim xoruzun quyruğun kəsir, 
Bax gör kimdi atan pipiyə güllə.

Gör kimdi zurnanı çalan tar kimi, 
Gör kimdi dinşəyən onu kar kimi. 
Gör kimdi üfrülüb şişən şar kimi, 
Bax gör kimdi atan köpüyə güllə.

Bax gör öz içində kim boğub səsin, 
Bir bax ayırd elə, yaxşısın, pisin. 
Gör kimdi tulası milli məclisin, 
Bax gör kimdi atan çəpiyə güllə.

Cəfakeş, görginən kimdi çürüyən, 
Gör kimdi kök kəsən, nəsil kürüyən. 
Bax gör kimdi yıxıb, xala sürüyən,
Bax gör kimdi atan bibiyə güllə.

= = = =

DAŞ ATMA DUYĞULARIMA

İt kimi gəmirir məni qayğılar, 
Başdan ayağacan diş yeriyəm mən. 
İçim arzuların qəbristanıdı,
Ölü yeriyəm mən, leş yeriyəm mən.

Yuxuda nə görsəm, həqiqət olur, 
Çalışma yozmağa yuxularımı. 
Kimdi oyatmağa çalışan axı, 
Kimdi daşa basan duyğularımı ?

Onsuz da qulağım dəng olub artıq, 
Bu pişik səsindən, bu it səsindən. 
Nə vaxt eşidirəm, ətim ürpənir, 
Bu çəpik səsindən, bu fit səsindən.

Çoxalıb ölkədə URA deyənlər, 
Kimdi məhəl qoyan axı azlığa. 
Hamı başlayıbdı mədh eləməyə, 
Hamı başlayıbdı tərifbazlığa.

Artıq lüzum yoxdur kişilənməyə, 
Bizim bazarımız dul bazarıdı. 
Baxırsan o tərəf dəllal bazarı, 
Bu biri tərəfsə qul bazarıdı.

Narahat adamam, tərpətmə məni, 
Qoy başım qarşsın qayğılarıma. 
Nə olar, qoy durum durduğum yerdə, 
Nə olar, daş atma duyğularıma.

= = = =

MƏNİM

Allah məndə olan dözümü kəssin, 
Artıq zəhləm gedir dözümdən mənim. 
Sən yaxşı bilirsən nələr çəkirəm, 
Oxunur bu nisgil üzümdən mənim.

Bir anlıq gözünü gözümə zillə, 
Neçənci pillədi, çıxdığın pillə ?
Hədəfdən yan keçməz atdığım güllə,
Bir tük də yayınmaz gözümdən mənim.

Özünə türk qızı, gah da rus dedin, 
Səni etdirərəm bil, məhbus dedin. 
Danışmaq istədim, mənə sus dedin, 
Basdın hər dəqiqə dizimdən mənim.

İstər türk qızı ol, istərsə əcəm,
Bax gör qismətimdə nə təkdi, nə cəm. 
Mən sənə eşqimi elan edəcəm, 
Bilirəm, çıxmazsan sözümdən mənim.

Eşqimin havasın çalıram neylə, 
Otur dinləginən, fikrini söylə. 
Adiləm, közünə əlavə eylə, 
Biraz da köz götür közümdən mənim.

Müəllif: ADİL CEFAKES

YAZARLAR.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-500-63-36     E-mail: yazarlaraz@yandex.ru