LİLPAR CƏMŞİDQIZI “ÜÇ YARPAQ”- DA

Olardım

Dünyanın dərd-sərin başımdan atım,
Al məni qoynuna yorğunam, yatım,
Bu son muradıma, arzuma çatım,
Vətən, torpağının daşı olardım.

Yenidən dünyaya doğulub gəlsəm,
Saxsı tək qəlibdə yoğrulub gəlsəm.
Xırmanda döyülub, sovrulub gəlsəm,
Dünyaya nabələd naşı olardım.

Hər kəsdən uzaqda olaydım cansız,
Həyatı yaşardım səhvsiz, yalansız.
Bir dağa dönərdim çənsiz, dumansız,
Uca zirvələrin başı olardım.

Əl üzüm vəfasız, fani dünyadan,
Doğulan günümdən hər kəsə yadam.
İllərdir alışan tüstüsüz odam,
Dörd fəslin soyuğu, qışı olardım.

Bezmişəm gileydən, güzardan artıq,
Qayğılar azalmır çoxalıb, artıb.
Ayağım yalındı, dizimsə yırtıq,
İstəsəm üzüklər qaşı olardlm.

Lilparam geriyə qayıtmır illər,
Susuz yaşayarsa saralar güllər.
Ömrüm yarı olub ağarıb tellər,
Bacarsam gəncliyin yaşı olardım.

= = = =

Taleyim

Sinəmin üstündə közün qoyubdu,
Ömrümdə silinməz izin qoyubdu.
Məni zərrə- zərrə yeyib doyubdu,
Əl çəkmir yetim tək qalan, taleyim.

Gənclik təravətin əldən alıbdı,
Al yanaq üstünə kölgə salıbdı.
İndi mənlə birgə tənha qalıbdı,
Dözümü, təpəri alan, taleyim.

Salıb nə hallara gözü doymayır,
Qəlbim inildəyir görür duymayır.
Verdiyi nisgili, dərdi saymayır,
Məni məzlum hala salan, taleyim.

Tikmişdim minarə damın uçurdu,
Ürəyin arzusun, kamın uçurdu.
Sevinci, fərəhi məndən qaçırdı,
Xoş günü ömrümdən çalan, taleyim.

Tanrının əmriylə boyun əymişəm,
Zülümdən, zillətdən libas geymişəm.
Mən daşam, kəsəyəm bilməm nəymişəm,
Fələyin əliylə talan, taleyim.

Ömrümü böş yerə hədər vermişəm,
Gül əkib yerinə tikan dərmişəm.
Mən nədən dünyaya belə gəlmişəm,
Əvvəldən axıra yalan, taleyim.

Lilparı çəkmisən hey bərkə – boşa,
Arzusun, istəyin vurmusan daşa.
Ömür gəlib çıxıb düz əlli yaşa,
Əritdin şam kimi yanan, taleyim.

= = = =

Sumqayıtım

Günəş durub xəzərdən, 
Salamlayır şəhəri.
Öz nuruna boyayır, 
Sumqayıtda səhəri.

Hər tərəf gül-çiçəkdir,
Lalə, nərgiz, yasəmən.
Sanki, təzə gəlintək,
Bəzənibdi göy çəmən.

Açıb qolun, qanadın, 
Dayanıbdı göyərçin.
Arzuları çüçərmiş,
Ümidləri olub çin.

Gözəlləşən şəhərim,
Ayın, ilin mübarək.
Yetmişınə çatmısan,
Bəyaz telin mübarək.

Gözəlliyin yayılıb, 
Yaxın, uzaq ellərə.
Adın, şöhrətin düşüb, 
Nəğmə deyən dillərə.

Lilpara bir anatək, 
Qollarını açıbsan.
Sən hələ də cavansan, 
Kim deyir qocalıbsan.

Müəllif:LİLPAR CƏMŞİDQIZI

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru