MAYIL DOSTU “ÜÇ YARPAQ” DA

GÜNAHKAR ÖZÜNSƏN

Hardan gəldin,necə girdin qəlbimə,
Ömrümün yazını boran, qar etdin.
Dədəlik elədin könül dünyama,
Bu geniş aləmi, mənə dar etdin.

Mənəmlik,lovğalıq sevgiyə yaddır,
Apardın özünü, sultan sayağı.
Güldürdün özünə doğmanı,yadı,
Özün saxta oldun,sevgin bayağı.

Sadəlik insanın başının tacı,
Bu sənə çatmadı, ola bilmədin.
Adi sözlərin də zəhərdən acı,
Ağıla, kamala dola bilmədin.

Təkəbbür başına bir bəla oldu,
Cavanlıq ötübdü, üstdən keçmisən.
Belə ömür tərzin, bu həyat yolun,
Heç kimi qınama, özün seçmisən.

= = = =

V U R Ğ U N A M

Dəyişə təbiət, hər yan allana,
Naxışlana, dərə-təpə xallana,
Çəmən, çiçək bala bata, ballana,
Nəfəsi ətirli yaza vurğunam.
***
“Baş Sarıtel” gilə – gilə süzülə,
“Ruhani”, “Dilqəmi” simə düzülə,
Kərəm yana, tüstülənə, üzülə,
Havası ləngərli saza vurğunam.
***
Qələm qaşlar düyünlənə yay ola,
Çəp baxışlar, zülmət yaran ay ola,
Xoş təbəssüm gül üzünə pay ola,
Yandıran, can alan naza vurğunam.
***
Pərdə – pərdə bəmdən qalxa, zillənə,
Zəngulə ucala, göyə millənə,
Bu haraydan qara daş da dillənə,
Gözəl səsə, xoş avaza vurğunam.

= = = =

KAMİL ÖMÜR SÜR...

Bir həsrətin dumanına,
Xoş niyyətin gümanına,
Kor fürsətin amanına —
Düşənləri görürsənmi?
***
Haqsızlıq üzüb didənə,
Son ümidə yol gedənə,
Ehtiyaclar qul edənə,
Qəlbindən pay verirsənmi?
***
Zalım cəsuru əyəndə,
Harın, yazığa dəyəndə,
Haram halalı yeyəndə,
Haqqa qala hörürsənmi?
***
Təbiətə zər toxuyan,
Naxışa meydan oxuyan,
Behiştin ətrin qoxuyan,
Gül – çiçəyi dərirsənmi?
***
Beşcə günlük bu dünyada,
Bir fikirləş, sal da yada —
Ömrü vermirsən ki, bada,
Kamil ömür sürürsənmi?

Müəllif: MAYİL DOSTU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru