MÜZƏFFƏR MƏZAHİM “ÜÇ YARPAQ”-DA

EY VƏTƏN ÖVLADI…

Ey Vətən övladı, gəl, qıyma əzilsin Qarabağ!
Tapdaq altında qalıb bunça üzülsün Qarabağ!?

Öndə düşmən dayanıb, arxada sevdiklərimiz,
Geri yol yoxdu, zəfər gözləyir evdəkilərimiz,
Bu inamla hücuma keçsək əgər əzm ilə biz,
Öz halal haqqını gec-tez alacaqdır Qarabağ,
Bu çətin məngənədən qurtulacaqdır Qarabağ.

Rəhbər olsun bizə bu qovğada öz vicdanımız,
Qoymayaq yerdə qala bunca tökülmüş qanımız,
Qələbə marşı çalaq, ərzə yayılsın şanımız,
Yenə olsun əbədi müstəqil, azad Qarabağ,
Yenə saçsın cahana ətrini abad Qarabağ.

Ey igid! Sən də zəfər müjdəni qat yurdumuza,
Öz mətin ruhun ilə gəl, ver həyat yurdumuza,
Dayanıb-durmaq ilə yoxdur nicat yurdumuza,
Gözləri yollardadır, qurtula xardan Qarabağ,
Çıxa aydınlığa bu düşdüyü dardan Qarabağ.

= = = =

YOLSUZLAR

Yenə məsləksizlər məsləhət verir,
Yenə yol göstərir bizə yolsuzlar.
Yenə dolanbaca salıb azdırır,
Köhnə yolçuları təzə yolsuzlar.

Mərdlikdən dəm vurar satqın, güdüklər,
Çalar hər havada arsız düdüklər,
İz qoyaq yol olsun,-dedik, gədiklər,
Bir iz qoymadllar izə yolsuzlar.

Desən ki, yollanaq, gəl gedək yola,
Yolunu azdırıb qalacaq dala,
Gah mıxa vuracaq, gah da ki nala,
Bəddə dirənərlər üzə yolsuzlar.

Haqq yolu, el yolu, Vətən yolu var,
Əqidə safdırsa yolunu tapar,
Mötəbər deyil ki, bunlarda ilqar,
Daş qoyar, mız qoyar düzə yolsuzlar.

= = = =

BU TORPAĞIN OĞULLARI

Pozulubdur sığalları,
Sevməz daha nağılları,
Bu torpağın oğulları,
Dözümə düşmən kəsilib.

Basılıbdır sərhədlərim,
Haya gedib igidlərim,
Səbr verən öyüdlərim,
Özümə düşmən kəsilib.

Sevincim əsirmi qəmdə?
Bu millət qalmaz ələmdə.
Dərdimi yazmır qələm də,
Sözümə düşmən kəsilib.

Oyatmışam yaddaşı da,
Yanır bağrımın başı da,
Daha gözümün yaşı da,
Gözümə düşmən kəsilib.

Müəllif: MUZEFFER MEZAHİM

YAZARLAR.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-500-63-36     E-mail: yazarlaraz@yandex.ru