ƏFŞAN YUSİFQIZI “ÜÇ YARPAQ” – DA

Nəyimə gərəksən sən indən belə,
Gəldiyin yol ilə qayıt get, adam,
Qayıt, bir də geri boylanma belə,
Artıq sənin üçün ögeyəm, yadam.
.
Nəyimə gərəksən sən indən belə,
Sən ki, bir sevdanı ağlar qoymusan,
Məlhəm əvəzinə çəkib üst-üstə,
Dağımın üstünə dağlar qoymusan.
.
Nəyimə gərəksən sən indən belə,
Qəlbimdən sən adda daş asılıbdı,
Gözümə əbədi kədərin hopub,
Kipriyim ucunda yaş asılıbdı. 
.
Nəyimə gərəksən sən indən belə,
Sən mənim qədrimi bilə bilmədin,
Yetimtək boynunu bükən sevgimin,
Üzündən nisgili silə bilmədin.
.
Nəyimə gərəksən sən indən belə,
Daha gözlərimdən çəkil uzağa,
Biz ki, əvvəlindən “biz” olanmmadıq,
Nə sən Yusif oldun, nə mən Züleyxa.

= = = =

NEYLƏYIM?
Gecə keçib yarıdan,
Yatammıram neyləyim.
Mən özümü özümdə,
Tapammıram neyləyim.
Xəyalından doymaqçün,
Eşq dadını duymaqçün
Hicrana son qoymaqçün ,
Çatammıram neyləyim.
Inciyib acı sözdən,
Çəkilmirsən bu gözdən
Indi anla bu üzdən,
Mən səni sənsizliyə
Qatammiıram neyləyim,
Səni bu candan, ruhdan,
Atammıram neyləyim…

= = = =

NƏDƏN?
Gizli bir eşq yaşadım, aləmə car oldu nədən?
Elə qəm-qüssə yedim, ürək bezar oldu, nədən?
.
Nə günah eyləmişəm, fəsli-bahar içrə bilim-
Xəzan oldu gülşənim, de, gülüm xar oldu, nədən?
.
Çox ümid bəsləmiş idim güləcək gül bənizim.
Bəs sonda mükafatım dərdi-azar oldu nədən?
.
Mən ki, əflakidə cövlan eləyən bir günəşəm,
Mənə, küskünlərin həp gündüzü tar oldu, nədən?
.
Bir dəfə güldü mənim gül üzümə, fəsli-bahar,
Bircə yol taleyimə güllər açar oldu, nədən?
.
Soldu ol gül bənizim, qönçə üzüm getdi hədər 
Baği-baxçam yenə viranə diyar oldu, nədən?
.
Eşq ruzigarına saldıqda nəzər yandı canım,
Mənim canıma qənim bu ruzigar oldu, nədən?
.
Həsrətin eylədiyin bülbülə bax, gör nə çəkir,
Əfşan da, gül kimi bir xarə şikar oldu, nədən?

Müəllif: ƏFŞAN YUSİFQIZI

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru