SƏNƏ YAZMADIQLARIMI SƏNSİZLİYƏ YAZDIM…

SƏNSİZLİK MƏKTUBLARI

BİRİNCİ MƏKTUB

Sən gedən yolların baxışlarında,
Əcəl kəndiri tək yellənir həyat.
Səni pıçıldayır sinəmdə ölüm,
Gəl bu pıçıltını ətrinlə oyat.

Adın doluxsunub dodaqlarımda,
Cavabsız məktubdu gözümün yaşı.
Bir nəfəs yaxın gəl, ay ömrüm-günüm,
Gəl sənin zülmündən sənə danışım.

Fələyin daşları ağlar başımda,
Qançir-qançir olub bəxtin dizləri.
Sinəmə çəkdiyin dağlar başında,
Gülür sənsizliyin ayaq izləri…

...s ə n s i z l i k…  سه نسیزلیک

İKİNCİ MƏKTUB

Sahildə can verən balıq kimidir,
Yanaqda çırpınan bir cüt göz yaşı.
Sənin saçlarının qaranlığında,
Mənim əllərimin azıb yaddaşı.

Yağışı başlayıb xatirələrin,
Varağın üstündə adın islanır.
Qiyamət odunu geyib əyninə,
Gözümdə bir misra qadın islanır.

Qərib oxşamadı, qərib ağıdır,
Bu yetim sevginin yetim sözləri.
Kövrək duyğuların hıçqırığıdır,
Dodaqda çırpınan dodaq izləri.

...s ə n s i z l i k…  سه نسیزلیک

ÜÇÜNCÜ MƏKTUB

Susur qəmli-qəmli ayaq izlərin,
Yollar xəcalətdən baxmır üzümə.
Çiçəyi çırtlayıb ayrılıqların,
Bunu dərd eləyib ömrünü üzmə.

Ovcumda bir ovuc səsin üşüyür,
Əlim çatmır onu isidim bir az.
Axirət dünyası, Sirat körpüsü –
Mənə məktubları bu ünvana yaz.

Gözum lepələnən kədər dənizi,
Ümidim qəzaya düşən gəmidir.
Sənsizlik içində titrəyən bu yol,
Sahildə can verən balıq kimidir.

...s ə n s i z l i k…  سه نسیزلیک

DÖRDÜNCÜ MƏKTUB

Dodaqda çırpınan dodaq izlərI
Dodağı qurumuş sözdü, sətirdi.
Küləyin üzündən öpürəm hər gün,
Bir ovuc ətrini bəlkə gətirdi.

Sənin həsrətindən köksünü tutub,
Varaqlar üstündə misra qıvrılır.
Gəl dinsiz könlümdə ibadətə bax,
Gah küfr eyləyir, gah namaz qılır,

Səbrin çöllərində can iməkləyir ,
Sinəmdə qanayib sözün ürəyi.
Ayrılıq alovu üşüdür yaman,
Açıb yaxasinı həsrət küləyi…

...s ə n s i z l i k…  سه نسیزلیک

BEŞİNCİ MƏKTUB

Nazlanır ömrümün yolları üstə,
Ətrinə bələnmiş bir dəli misra.
Bu şeirirn içində duran adamın,
Bir əli- ayrılıq, bir əli- misra.

Dərd durub sinəmdə üzü qibləyə,
Üşüyür saçımda bir payız yolu.
Günahın gözündən öpüb gəlmişəm,
Bir misra gülümsə, qurbanın olum.

Səbrim çiliklənib, ahım dağılıb,
Sən gedən yolların dodağı üstə.
Əcəl varaqlayır göz yaşlarımı,
Sinəmə çəkdiyin bu dağın üstə.

...s ə n s i z l i k…  سه نسیزلیک

ALTINCI MƏKTUB

Solub ilmə-ilmə ömür xalçası,
Solğun naxışların rəngi üşüyür.
Sənsiz işğal olmuş Vətən kimiyəm,
Ruhumda bir ovuc «Cəngi» üşüyür.

Arzular həsrətdən kövrəlib bu gün,
Yazım yazıq oldu, yazı yiyəsi.
Bəxtimi çöllərə salana söylə,
Bu ömrün içində azıb yiyəsi.

Payız yarpağı tək tökülüb illər,
Bircə naxışı da qalmadı vaxtın.
Görən qulağına nə pıçıldayım,
Açılsın ürəyi bu qara baxtın…

...s ə n s i z l i k…  سه نسیزلیک

KAŞ SƏNƏ YAZAYDIM, SƏNSİZLİYƏ YOX….

Müəllif: BALAYAR SADİQ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru