MƏMMƏD QƏDİR “ÜÇ YARPAQ” – DA

Getmə

Offf, sənsiz bu canım quru qəfəsdi,
Kəsilir taqətim, amanım, getmə.
Məni yaşatmağa hənirin bəsdi, 
Ay mənim sonuncu gümanım , getmə.

Sənsiz çəkər məni hər iz aparar,
Çəkim elə itər, ilbiz aparar, 
Cin-şeytan aldadar, iblis aparar, 
Pirim, peyğəmbərim, imanım, getmə.

Bəxtin bəd duasın pozan sən idin,
Dəli sevdalara yazan sən idin, 
Dünyanı xeyrimə yozan sən idin,
Sirli sehrbazım, şamanım, getmə.

Sənsiz bu dünyanın sönər işığı, 
Nə ləzzəti qalar, nə yaraşığı,
Boynum bükük olar, başım aşağı, 
Ay uca sevgilim, cananım, getmə.

Çin çıxan sehirli yuxum ki, sənsən,
Varlığım ki, sənsən, yoxum ki, sənsən, 
Cismimdə həyatım, ruhum ki, sənsən, 
Canımda canımsan, ay canım, getmə…

…ü ç y a r p a q… – اؤچ یارپاق

Deyirlər

Yaşından-başından bir azca duz səp,
Şair, şeirlərin şitdi deyirlər!
İndi Nəsimidən utanır Hələb,
Sözün zəmanəsi bitdi deyirlər!

Kamil öyrətsə də Allah hər elmi,
“Hazıram”- deyirəm, görmür əlimi,
Bir para ruziyə möhtac alimi,
Dəyirmanda görüb bitdi deyirlər!

Biti də, iti də Allah törədib,
Törədən ümman ki, nə üst var, nə dib,
İtə adam kimi min dil öyrədib,
Adamı hürdürüb itdi deyirlər.

Hürsün də, de, Aya kim hürmür, atam,
Bəlkə anlamıram mən, bisavadam,
Güllə yarasından sağalır adam,
Donuzu öldürən fitdi deyirlər.

Bu dünya şeytandı, şərdi, İlahi,
Həmişə qəm təzə, tərdi, İlahi,
Bəs kimlə bölüşək dərdi, İlahi,
Məmməd bu dünyadan getdi deyirlər…

…ü ç y a r p a q… – اؤچ یارپاق

Səndə mən

İşığında üzə çıxdım, Ayüzlüm,
Görünmürdüm dumanda mən, çəndə mən.
Anlamıram səhv edirəm, ya düzgün,
Bələdçiyəm bəlli olan kəndə mən.

Nə ətirli eşq cücərdi qışımdan,
Bir sevdalıq möhlət aldım daşımdan,
Boylananda papaq düşür başımdan,
Gör nə boyda ucalmışam məndə mən.

Necə çıxır baxanların cızdağı,
Bu ucalıq görənlərin göz dağı,
Damla-damla yoxa çıxıb buz dağı,
Allah, necə ərimişəm səndə mən.

Əridikcə candan çıxır acı su,
Gözdən axır ayağına uca su,
Şirinləşmir ayrılığın acısı,
Ha çəkirəm şəkərə mən, qəndə mən.

Eşq əzabı aşiq ömrün mabədi,
Saf sevgindi ürəyimin məbədi,
Qurban olum, bax, neynirsən Məmmədi,
Bu sevdada Tanrı sənsən, bəndə mən.

…ü ç y a r p a q… – اؤچ یارپاق

Müəllif: MEMMED QEDİR

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru