ƏFSANƏ RƏVAN “ÜÇ YARPAQ” – DA

Ayağım düşməz

Mən biləni düz deyildi gedişin,
O getdiyin yer də sənə yaraşmır.
Sən olduğun yerin səmalarında,
Ulduzlarda bir-birinə qovuşmur.

Ta o vaxtdan söyləmişdim tələsmə,
Mənə qalsa qoymazdımki gedəsən.
Sən dirəndin getmək üçün əzizim,
Gedənlərə qapı açıq biləsən.

Bilirdinki məndən getmək yasaqdı,
Özün seçdin yasaqları pozmağı.
Mən də daha söz verirəm bu gündən,
Tərgidəcəm sənə şeir yazmağı.

Öz içimdə bitirdim e mən səni,
Yüz il keçə məni heçnə dəyişməz.
Bütün çıxmazlarla kəsişər yolum,
Sizin küçənizə ayağım düşməz.

<<<<ƏFSANƏ —- RƏVAN>>>>

Birdənəm

Sarılıram qorxulara, düşünürəm görəsən,
Hərdən içinə dolurmu məni atmaq istəyi?
Asta-asta, aram-aram yox oluram birdənəm,
Məni məndən aparıbdı, sənə çatmaq istəyi.

Dizlərimi qucaqlayıb küncə qonaq oluram,
Sus-pus olub yıxılıram sən düşəndə yadıma.
Yalvarıram, qayıt mənə, sənə vətən olaram,
Bizi bölən şəhərləri qurban elə adıma.

Hər şeyə öyrəşib üzüm şərə, böhtana belə,
Yıxılana zərbə vuran nə çox olurmuş adam.
Bilirsənmi, canımüçün düz deyirəm birdənəm,
Ruh bəndənnən ayrılmamış da, yox olurmuş adam.

Qayıt, içimdə bitməmiş, çölümdən çıxıb gedən,
Özgə evin ocağına qızınmaq olmaz heç vaxt.
Məndə sən var, səndə də mən ayıb olar birdənəm,
Başqa-başqa yataqlara uzanmaq olmaz heç vaxt.

<<<<ƏFSANƏ —- RƏVAN>>>>

Bax deyirəm

Bax deyirəm –
Mən olmasam pozulacaq,
həyatının düzəni.
Bağışlama, məndən başqa
Səni hər gün üzəni.
Mən olmasam tək dolaşma, 
gəzmə dar küçələrdə.
Şeir deyib, reqs eləmə,
mənsiz kar küçələrdə.

Dost-tanışla vaxt keçirib,
baş qatmağa çalışma.
Mən olmasam gecələri,
təkliyinlə barışma.
Yeddi binə yada çevir,
doğmaları, dostları.
Yağdır hər gün şərəfimə,
sağlıqları, tostları.

Çünki sən olmasan mənim,
qan donar damarımda.
Çünki sən olmusan mənim,
dövlətim də, varım da.
Səndən yana darıxmağ e,
məni sürüdü, yıxdı.
Bilirsənmi mənim üçün,
səndən sonrası yoxdu!

Bax deyirəm sən olmasan,
bu saçı süsən qadın.
Hər kəlmədən tez inciyib, 
hər sözdən küsər qadın.
Sən olmasan, bu qadının 
ruhu çəkilər şişə,
Bu kimsəsiz, tənha qadın 
bax beləcə, dəli kimi,
səni sevir həmişə.

Müəllif: ƏFSANƏ RƏVAN

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Advertisements