
AYNUR HAQVERDİNİN SÖZ DÜNYASI – ÖZ DÜNYASI
Mən sevgidən yetim qaldım
Mən sevgidən yetim qaldım,
Qışda donan uşaq kimi.
Tez üflənən çıraq kimi.
Sevilməyən qonaq kimi.
Mən sevgidən yetim qaldım
Ürəyimdə sənə daldım,
Sevinc verib, kədər aldım
Dinc başımı dərdə saldım
İçin-için sızladım mən.
Eşq odunda buzladım mən,
Gecə-gündüz ağladım mən
Dağları da dağladım mən.
Xəyalına sarılaraq,
Həsrətinə darılaraq.
Mən sevgidən yetim qaldım.
Həyat məni kül eylədi,
Qönçə solan gül eylədi.
Sözə həsrət dil eylədi.
Yaz görməyən il eylədi.
Mən sevgidən yetim qaldım,
Sevinc verib, kədər aldım,
Səni sevib, sənə daldım.
Mən sevgidən yetim qaldım.
29.09.2018
<<<< Aynur — Haqverdi >>>>
Şəhərimi tərk etmişəm
Şəhərimi tərk etmişəm
Kəndinin xətrinə
Ciyərlərim möhtacdır
Nəfəsinin ətrinə
Sevgimi hörürəm
şeirimin hər sətrinə.
Pişiyim də küsüb məndən,
Sən gedən o məşum gündən.
Günəş çıxmır bu diyarda,
Havada çən, ağlımda sən.
Bayquş kimi tənhayam mən.
Sərçələr də yemir artıq,
Səhərlər atdığım dəni…
Quşlar da özləyir səni…
Burada bir həssas ürək
Bir qız var, gözləyir səni.
10.02.2019
<<<< Aynur — Haqverdi >>>>
Unutdurma, ay Allah!
Dənizlərə balıqları,
Qışa soyuğu, qarı,
Qaranquşlara baharı,
Mənə onu
Unutdurma, ay Allah!
Atlara qaçmağı,
Quşlara uçmağı,
Çiçəklərə açmağı
Ona məni
Unutdurma, ay Allah!
Buludlara yağışı,
Dodaqlarına gülüşü,
Ayaqlarına dönüşü,
Yollarına qucağımı
Unutdurma, ay Allah!
09.02.2019.
Müəllif: Aynur Haqverdi
USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru