
BALAYAR SADİQDƏN BİR ŞEİR
Azadlıq
Azadlıq!
Səni çox istəyirdik,
az aldıq.
Səni sevə-sevə azaldıq.
Eh, azadlıq, azadlıq…
Dəli kimi sevdik səni,
Sevgimizdən asıldıq.
Sənə uzalı əllərimizi
zəmi kimi biçə-biçə,
meydanlara, küçələrə tökülən
qanımız üstdən keçə-keçə,
adına meydan verdilər,
küçə verdilər – Azadlıq!..
Bir gün
məmləkətin başı üstə
şəhid ruhların
qiyamı başlanacaq.
Göy üzündən ahlar,
günahlar daş-daş yağacaq. …
Yağacaq
“Azadlıq” adı verilmiş
meydanlara, küçələrə;
Üstünə qərənfil çilənmiş
qara paltarlı şəhid gecələrə.
Ah, azadlıq, azadlıq –
kiminə çörək ağacısan,
kiminə başdaşı.
Mən sənə arzularımı uzatdım,
Sən mənə iki damla göz yaşı…
Müəllif: BALAYAR SADİQ
USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru