Eldar İsmayıl Böyüktürk Ana şeiri

ANAMI AXTARIRAM

Könlüm intizardadı,
Gözlərim yollardadı.
Görən anam hardadı?
Anamı axtarıram!

Günəş nurun yaxanda,
Eyvanıma axanda…
Mən otaqdan çıxanda
Anamı axtarıram!

Üstümdən yel əsəndə,
Soyuq məni kəsəndə…
Bacılarım küsəndə
Anamı axtarıram!

Ağlayanda, güləndə,
Göz yaşımı siləndə…
Axşam evə gələndə
Anamı axtarıram!

Bu dağların qaşında,
Baharında, qışında…
Bulaqların başında
Anamı axtarıram!

Kədərlər tufanında,
Həsrətlər ümmanında…
Atamın hicranında
Anamı axtarıram!

Ömrümün hər anında,
Ürəyimin qanında…
Anaların yanında
Anamı axtarıram!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru