ABDULLA MƏMMƏDDƏN BİR ŞEİR

SƏNSİZ TALEYİM DƏ ÜZÜMƏ GÜLMÜR
Axır hədər yerə günlər su kimi,
Qəmli qənşərimə çıxanım dönmür.
Ürəyim açılmır gül arzu kimi,
Qəmi bəşərimə çıxanım dönmür.

Gözümdən süzülən sözmü göz yaşı?
Mürgülü ürəyim dinmir dilimdə.
Qurunun oduna dözmür söz yaşı,
Sənsiz sərgiləmir xoş söz dilim də.

Astarı üzünə çevrilən ömür,
Qəmə yem olandan sözümə gülür.
Sənsiz taleyim də üzümə gülmür,
Yolunu gözləyən gözümə gülür.

Yol çəkən gözüm şad soraq arayır,
Azdıqca hissimin dumanlığında.
Sənli duyğularım dərdə yarıyıb,
Qəlb üzür qədərin samanlığında.

Yolunda yolun da bağrı yarılır,
Tək qəmli gümanı saxla, yar, mənə!
Yol boyu gözümə əksin sarılıb,
Hicranı hədiyyə saxlayar mənə.

Həsrətin gözündə dağa dönsən də,
Qəlbimdə əvvəlki “sən” olmayacaq.
Səhvini anlayıb geri dönsən də,
Sevdalı ürəyim şən olmayacaq…

Məni soraqlasan şehli çiçəkdən,
Gülün gül gözündə qəm çiçəkləyər.
Çıxarsan ürəklə ahı ürəkdən,
Sevinc gül gözündə nəm çiçəkləyər.

Azərbaycan. Quba.

10.09.2019.

Müəllif: Abdulla Məmməd

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Advertisements