ELDAR İSMAYIL BÖYÜKTÜRKDƏN BİR ŞEİR 

QALX ARXAMDA DAYAN, QARDAŞ!

(Üzümü Cənubi Azərbaycandakı
qardaşlarıma tuturam…)

Eşit mənim harayımı,
Düşmən pozub halayımı.
Dağıdıblar alayımı,
Yurdum olub talan qardaş!
Qalx arxamda dayan qardaş!

Qalx səsini səsimə qat,
Harayıma, ünümə çat.
Soyuqluğun daşını at,
Qoy kor olsun düşmən, qardaş!
Qalx arxamda dayan qardaş!

Torpağımız dilim-dilim,
Başım üstə gəzir ölüm…
Bu nə vəhşət, bu nə zülüm?
Dərdim sənə bəyan, qardaş!
Qalx arxamda dayan qardaş!

Aralıqdan şər qalxmasa,
Öz yerindən nər qalxmasa…
Yumruğumuz bir qalxmasa
Qınar bizi zaman qardaş!
Qalx arxamda dayan qardaş!

Təklənmişəm, səsin hanı?
Yağılara “dərsin” hanı?
Səttarxan tək hirsin hanı?
Qoparmırsan tufan qardaş!
Qalx arxamda dayan qardaş!

Niyə dinmir qoca Təbriz?!
Ucalardan uca Təbriz!
Mən düşmüşəm saca, Təbriz,
Vermə yada aman, qardaş!
Oyan Təbriz, oyan qardaş!

Bir-birinə yadlar kömək,
Sən orda tək, mən burda tək…
Əgər qalsaq biz darda tək
Qınar bizi zaman, qardaş
Qalx arxamda dayan qardaş!

Söykənək haqqa-divana,
Bir atılaq hər tufana…
Mən boyanan qızıl qana
Sən özün də boyan qardaş!
Qalx arxamda dayan qardaş!

Qardaş gərək qardaş ilə,
Bir ağlaya, birgə gülə.
Qeyrətini götür ələ,
Qoyma qalsın bu qan, qardaş!
Qalx arxamda dayan qardaş!

Gir döyüşə qisas alaq!
Ölsək-ölək, qalsaq-qalaq!
Gəl birlikdə zəfər çalaq!
Oyan Təbriz, oyan qardaş!
Qalx arxamda dayan qardaş!

Müəllif: ELDAR İSMAYIL BÖYÜKTÜRK 

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru