
MÜƏLLİM
Bir müqəddəs zirvə idi MÜƏLLİM,
Duyğu-duyğu, kəlam-kəlam əridi.
Bayram-bayram dərd topladı, qəm yedi,
Kədər-kədər, ələm-ələm əridi.
Vətən-Vətən, torpaq-torpaq çat oldu,
Dünya qurdu, bir quruca ad oldu…!
Kitab-kitab, dəftər-dəftər od oldu,
Vərəq-vərəq, qələm-qələm əridi.
Qarğış tutdu, qarğışlarla biçildi…,
Böyüklüyü kiçildikcə kiçildi… .
Seçilmişə “əl ağacı” seçildi…,
Gedən-gedən, gələn-gələn əridi… !.
Evi oldu məzarının yas… himi…,
Dörd divarda əzab sıxdı cismini… .
Namərd aldı Bank adıyla ismini…,
Faiz-faiz , sələm-sələm əridi.
5.10.2019… 13:20
Müəllif: RƏSUL MUROVDAĞLI
========================================================

Müəllim
Müəllim, ey əziz, ey gözəl insan,
Sənə nə söyləyim, olsun dəyərli?
Dünyada elə bir agac varmıdır,
Əkdiyin ağactək ola bəhərli?
Dünyada elə bir zirvə varmıdır,
Sənin fəth etdiyin zirvədən uca?
Mən necə yığım ki, etdiklərini
Müəllim adına sığsın qısaca?
Sən bizə həm ana, həm ata oldun,
Bizimlə bağlandı arzun, diləyin.
Bütün ömrün boyu bizlərdən ötrü
Şam kimi əridi vuran ürəyin.
Haçan dara düşdük, əlin uzadıb
Özünü köməyə yetirmisən sən.
Bizim sabahımız nur olsun deyə
Gözünün nurunu itirmisən sən.
Unudub evində qayğılarını
Məktəbdə büruzə vermədin bir an.
Görüb şagirdlərin ruhdan düşməsin,
Bizləri düşündün sən hər bir zaman.
Bəzən acıladın, danladın bizi,
Ki bizlər düşməyək pis səmtə, yönə.
Deyərdin, “eybi yox, inciyin məndən,
Vaxt gələr, minnətdar olarsız mənə”
Allah iki şəxsi sevər hər zaman,
Birisi şəhiddir, digəri alim.
Əgər Allah səni belə sevibsə,
Mən necə sevməyim de, ey müəllim?
Sənin sənətinin bərabəri yox,
O həm şərəflidir, həm də ki çətin.
Dünyada nə qədər sənət var isə,
Qoyub bünövrəsin sənin sənətin.
Yerin bizlər üçün daima uca,
Özü də, qəlbi də təmiz müəllim.
Haqqını yüz ömür ödəmək çətin,
Haqqını halal et, əziz müəllim!
Haqqını halal et, əziz müəllim!
Müəllif: Zaur Ilhamoglu
=======================================================

MÜƏLLİMLƏR
(Əsl müəllimlərə ithaf olunur)
Ömrünü bəxş edib neçə ömürə,
Ağaran saçları nur əlaməti.
Nə qədər şagirdə qol-qanad verib,
Onunçün qazanıb el məhəbbəti.
Çox vaxt gec yataraq,tezdən oyanıb,
İtirib gözünün nurunu hətta,
Yorğunluq duysa da,məğrur dayanıb,
Təmənna duymayıb əsla həyatda.
Verib,bəxş eləyib istedadını,
Nə qədər layiqli insan yetirib,
Qürurla daşıyıb hər an adını,
Bu ada hər zaman şərəf gətirib.
Bəzən laqeydlik çıxıb önünə,
Acı söz dilinə gəlməyib əsla.
Şükürlər eyləyib hər bir gününə,
Keçibdir dərsini köhnə həvəslə.
Müəllim kimləri verib cahana,
Önündə İskəndər,Teymur əyilib,
Boynu qalstuklu adi insana,
Hətta prezidentə müəllim deyilib.
Təəssübün çəkibdir ana torpağın,
Hər an alnı açıq,üzü də ağdır,
Az maaş alaraq şax dayanmağın,
Bəlkə də özü bir qəhrəmanlıqdır.
Sizə üz tuturam,sizə yenə də,
Qəlbi saf,ürəyi təmiz müəllimlər.
Bir vaxt bilik ,savad verdiz mənə də,
Mən sizə borcluyam,əziz müəllimlər.
Müəllif: AQİL KƏNGƏRLİ
==========================================================

MÜƏLLİM
( Bütün Müəllim həmkarlarımı təbrik edirəm ! )
” Müəllim ” ! “Nə gözəl səslənir bu söz !”
Bu söz başdan – başa hikmətdi , hikmət !
Dünyada ən nəcib , ən müqəddəs borc ,
Müəllimə hörmətdir , müəllimə hörmət .
****
Bağbandır , bağçası bar verir hər an ,
Daim fəxr eləyir öz əməyiylə .
Gecəni , gündüzü dinclik bilməyib ,
Xalqa xidmət edir öz biliyiylə .
****
Sonsuza çatsa da çəki vahidi ,
Müəllimin əməyi çəkiyə gəlməz .
Müəllimin əməyin itirən kəslər
Heç zaman zirvəyə yüksələ bilməz .
****
Onun ziyasından nur alır Günəş ,
Acizəm şəninə söz deməyə mən .
Atadır , anadır əsl müəllim ,
Hazıram önündə baş əyməyə mən .
Müəllif: NAZİM YAQUBOĞLU
USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru