MÖHTƏŞƏM MƏBƏDİM, PİRİM, AY ANA!

(Anam Firuzə xanım Ələsgərovaya ithaf edirəm)

Varlığımı varlığına borcluyam,
Mövlam verən dövlət-varım, ay ANA!
Varlığımda “o varlığın” özüsən,
Zəhmətkeş zənburum-arım, ay ANA!

Eləsgər nəfəsli “Göyçə gülü”msən,
Sonası oxlanmış “Göyçə gölü”msən,
Firuzəm, yaqutum, gövhər-ləlimsən,
Tükənməz sərvətim, varım, ay ANA!

Xudadan bağ-bağat, bar istəmirəm,
Dövlət istəmirəm, var istəmirəm,
Yayın ortasında qar istəmirəm,
Baharın yüz olsun, görüm, ay ANA!

Cənnət məkanımsan, Vətən bağımsan,
Sədəflə bəzənmiş ağ otağımsan,
Uca Çalmalımsan, Ağrı dağımsan,
Quzeydə xar tutan qarım, ay ANA!

Yaradanın töhfə verən payısan,
Nəim cənnətisən, Kövsər çayısan,
İlahəsən, mələklərin tayısan,
Müqəddəs varlığım, hurim, ay ANA!

Həcərül-Əsvədim, müşk-ənbərimsən,
Hər gün baş əydiyim iman yerimsən,
Qibləm, səcdəgahım, Kəbə evimsən,
Möhtəşəm məbədim, pirim, ay ANA!

Tanrı pak yaradır qız övladını,
Əmanət göndərir hər bir qadını.
Hər ana doğrultmur ana adını!
Analar anası – pərim, ay ANA!

Adınız çəkilir Vətənlə qoşa,
Sizə səcdə qılır ağa, bəy, paşa…
Allahdan diləyir Sima: “Yüz yaşa!”,
Susmayan kamanım, tarım, ay ANA!

Müəllif: Sima Azadqızı (Göyçəli)

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru