GEDƏRƏM

Keçib ümidlərin cadar izindən,
Ələnib arzumun şadar gözündən,
Yıxılmam namərdin hədər sözündən,
Həyat sınağından keçib gedərəm.

Durdurmaq istərəm, vaxtı, zamanı,
Ələrəm, əfsərəm yaxşı, yamanı,
Əhdə sədaqəti, dosta inamı,
Ədalət sarayın tikib gedərəm.

Kədərlərim sevincimlə yarışır,
Ağrım-acım sirinimə qarışır,
Həsrət çaşıb vüsalımla barışır,
Qəm əkib, sevinci biçib gedərəm.

Ta yoxdur həyatda arxam, dayağım,
Sönməyib, gur yanır hələ çırağım,
Kaş çata dünyaya zəfər sorağım,
Zəfər şərbətini içib gedərəm.

Qəlbimin məhəbbət tağı üzülüb,
İntizar gözümün yağı süzülüb,
Amalam, dizimin bağı çözülüb,
Xəbərsiz-ətərsiz köçüb gedərəm.
05. 11. 2019-cu il.

Müəllif: SONA AMAL

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru