
SÖZÜN QÜDRƏTİ – SƏSİN SEHRİ ƏBÜLFƏZ MUXTAROĞLU YARADICILIĞINDA
Mənəviyyat insanın mənəvi şüuru ilə mənəvi davranışı arasında möhkəm əqidə yaradan, onları tənzimləyən, hərəkətə gətirən, idarə edən daxili mənəvi tələbatıdır, insanın həyatda yerinə yetirməyə cəhd etdiyi idealın həqiqətə çevrilməsinə dərin inam, möhkəm baxışlar sistemidir. Əqidəli adam prinsipial, sadə, təvazökar və humanist olur. Belə prinsipial, sadə, təvazökar və humanist insanlardan biri də mənə ali təhsil ocağında mühazirələr oxuyan müəllim, alim, şair və bu gün də əziz dostum Əbülfəz Muxtaroğludur.
Ədəbiyyatın, incəsənətin, xüsusilə poeziyanın vurğunu, alim, şair-pedaqoq Əbülfəz Muxtaroğlu mənalı ömrünü gənc nəslin təlim-tərbiyəsinə, Azərbaycan dilçiliyinin tədrisinə həsr etmiş, çoxlu elmi məqalə, monoqrafiya, dərs vəsaiti və ümumilikdə doqquz (9) kitabı işıq üzü görmüşdür. Əbülfəz müəllim ali məktəb müəllimi, təhsil işçisi kimi elmi əsərlərində də tərbiyə məsələlərinə daha çox yer vermişdir.
Müasir ədəbiyyatımızın görkəmli tədqiqatçı alimləri akademik İsa Həbibbəyli, Kamran Əliyev, Cəlal Qasımov, Sevindik Vəliyev, Akif Axundov, Məhərrəm Cəfərov, Nəzakət İsmayılova, Abbas Hacıyev və b. Əbülfəz Muxtaroğlunun yaradıcılığı barədə çox dəyərli fikirlər söyləmiş, elmi-tənqidi araşdırmalar aparmışlar. Lakin Əbülfəz müəllimin yaradıcılığı elə zəngin mənəvi sərvətdir ki, o, daim tədqiq olunmağa layiqdir və mənəvi ehtiyac vardır. Çünki Əbülfəz müəllimin çox zəngin şeir dünyası hər saat, hər gün çağlayır, yeniləşir, dolğunlaşır, fəlsəfi-estetik məzmun kəsb edir. Şair yazıb-yaratmaq eşqiylə yaşayır, ömrünün mənalı dəqiqələrini günümüzün söz inciləri axtarışına həsr edir. Yeni misra qoşmaq, cilalamaq istəyi yuxusuna haram qatır. Əbülfəz müəllimin şeirlərində qeyd etdiyimiz kimi, estetik və əxlaqi-tərbiyəvi mahiyyət vəhdətdədir. Şeirlərinin bədii və tərbiyəvi təsiri oxucusunu ovsunlayır, düşündürür, ona yüksək əxlaqi sifətlər aşılayır.
Əbülfəz Muxtaroğlu bu dəfə də oxucularının görüşünə “Ömürdən qalan izlər” adlı şeirlər kitabı ilə gəlmişdir. Kitabı vərəqləyib “Azərbaycan”, “Naxçıvan”, “Soruşdumu?”, “Millət imtana çağırır səni”, “İzimiz bizim”, “Ata arzusu”, “El arana qayıdanda”, “Qeyrət”, “Dünya”, “Haray”, “Cəngi” vaxtıdır”, “Şikayətim var”, “Hayıfdı” və s. şeirləri oxuduqca görürük ki, Əbülfəz Muxtaroğlunun yaradıcılıq diapazonunu şəxsiyyətin mənəvi zənginliyi, vətən-yurd sevgisi, övlad sevgisi, saf sevgi, mənəvi saflıq, estetik hiss və zövq, mərifət, təvazökarlıq, mərdlik, dostluğa sadiqlik kimi əxlaqi-mənəvi dəyərlər, həmçinin, düşmənə nifrət, lovğalıq, yüngüllük, paxıllıq, vəfasızlıq, xəbislik kimi mənfi xüsusiyyətlərə qəzəb, nifrət hissi də təşkil edir.
Əbülfəz Muxtaroğlu xüsusi pedaqoji əsər yazmamışdır, lakin onun istər fəlsəfi şeirlərində, istərsə də bədii təfəkkürünün heyrətamiz nümunələrində haqqında danışdımız məsələlər geniş yer tutur. Şairin yaradıcılığını dərindən təhlil edən akademik İsa Həbibbəyli haqlı şəkildə belə qənaətə gəlmişdir ki, “Əbülfəz Muxtaroğlunun şeirlərində maarifçilikdən gələn müəyyən didaktika da var… Əbülfəz müəllimin maarifçi didaktik şeirlərinə quru nəsihətçilik notları yox, poetik bir müdriklik ruhu hakimdir” (Bax: səh.12). Fikrimizi möhkəmləndirmək üçün Əbülfəz Muxtaroğlunun maarifçilik, əxlaqi dəyərlər haqqında fikirlərinin şərhinə keçək.
Əbülfəz Muxtaroğlunun əxlaqi görüşlərində vətənprvərlik hisslərinin inkişaf etdirilməsinin zəruriliyi diqqət mərkəzində dayanır. O, vətənpərlik və xalqpərvərlik uğrunda malından, canından keçməyi əsirgəməyən, vətəninin və xalqının mənafeyi və azadlığı uğrunda çalışan və hər cür əzab-əziyyətə qatlaşan şəxsləri patriot (vətənpərvər) adlandırır.
Bir qulaq ver ana Vətən,
Ürəyimdən gələn səsə…
Yeri gəlsə keçərəm mən
Hər arzumdan, diləyimdən.
Əgər qanım azlıq etsə,
Qan verərəm ürəyimdən.
Yaşayaram bu ürəklə
Sağında mən, solunda mən.
Yeri gəlsə, yolunda mən
Bu ürəkdən keçmək üçün [1, 18].
Doğma torpağın ecazkar, füsunkar gözəlliyindən vəcdə gələn şair gəncliyi vətəni sevməyə, vətənpərlik nümunəsi göstərməyə, doğma torpağın maddi və mənəvi sərvətlərini qorumağa səsləyir. Şair deklarativ şəkildə “Vətəni sevin!” demir, lakin “Vətənin qumsal, boz torpağı da güllü çəməndir”, “daşı da Vətənimdir” deməklə doğma torpağın müqəddəsliyini, toxunulmazlığını, böyüklüyünü orijinal misralarla dərk etdirir, hafizələrə hopdurur. Vətənpərvərlik, əməyə, torpağa və xalqa bağlılıq, mənəvi kamillik, bəşərilik və humanizm motivləri şairin yaradıcılığının qabarıq məziyyətlərini təşkil edir.
Gözümü açandan vurğun olmuşam
Dərənə, düzünə, daşına sənin.
Pərvanə olsaydım, səni şam bilib
Dönüb dolanardım başına sənin.
Dahilər yetirən ey şanlı torpaq,
Sənət bulağının gözü səndədir.
Ana məhəbbəti – “Mömünə Xatun” –
Memar Əcəminin izi səndədir [1, 71].
Vətəndaşlıq – vətənə sakinlik etmək deməkdir. “Əsil vətəndaş” dərin fəlsəfi mənalar daşısa da, yeniyetmələrin, gənclərin dərk edə biləcəyi, həyat idealına çevirəcəyi bir anlayışdır. Bütün dinlərdə və səmavi kitablarda vətən kəlməsi tez-tez səslənir, onu əziz və müqəddəs tutmağın zəruri olması göstərilir. Dünyanı və insanlığı dərindən və hərtərəfli dərk edənlər və gələcəyi görənlər peyğəmbərlərdir. İlahiyyatşünaslıqda, o cümlədən islamşünaslıqda doğulub boya-başa çatılan yerə, yəni vətənə məhəbbət və onu qorumağın müqəddəsliyi qeyd olunur və göstərilir: uşağa doğma olan iki şey var: onun biri anadırsa, ikincisi vətəndir. 30-35 il bundan qabaqkı Azərbaycan ailələrində aparılan tərbiyə işində əsas yeri millilik, özünüdərk, milli vətənpərvərlik deyil, beynəlmiləlçilik təşkil edirdi. Bu işin nəticəsi bizə çox baha başa gəldi, nəticədə erməni təbliğatı çoxlarını çaşdırdı, ona inananlar da tapıldı, türk soyumuzla fəxr etmək kimi mənəvi borcumuzu az qalmışdıq ki, unudaq. Və bütün bunlar da ermənilərin Qarabağı əlimizdən qoparmaq iştəhasını reallaşdırmaqda və Qarabağ müharibəsində bizim tam əleyhimizə işləmiş oldu.
Azərbaycan ailələrində yeniyetmələrlə, gənclərlə söhbətlərdə tariximizdən danışmaq məqsədəuyğun bilinmirdi. Unutqanlıq “əxlaqi” keyfiyyət hesab olunurdu. Elə bu mənada da Əbülfəz Muxtaroğlu yaradıcılığının əsas cəhətlərini bu istiqamətə yönəldir və vətənpərvərlik ruhunda şeirlərilə xalqı mübarizəyə səsləyərək deyir ki, Azərbaycan torpağı hər birimizin son kəfəni olmalıdır. Əbülfəz Muxtaroğlu Azərbaycanı düçar edildiyi bəlalardan qorumaq, xilas etmək və yaşatmaq üçün hamıdan qabaq Azərbaycanın özünü var gücü ilə “cəngi” etməyə, döyüşə çağırır. Qisas alınmalıdır. Özü də necə?! Azərbaycan övladları bir nəfər kimi silaha sarılacaq, hücuma keçəcək, erməniləri öz ərazimizdən təmizləyəcək və beləliklə, 26 fevral Xocalı faciəsində şəhid gedənlərin qanını alacaqlar. Hələ 1990-cı ildə qələmə aldığı doqquz bənddən ibarət olan “Cəngi” adlı şeirində şair hiddətini, qəzəbini belə ifadə edirdi:
Başımıza nə gəlmədi “sarı”dan,
Qovduq darvazadan, aşdı barıdan.
Yalvarmaqla donuz çıxmaz darıdan,
Götür qardaş, gəl tüfəngi vaxtıdır,
“Cəngi” çalın, bu gün “Cəngi” vaxtıdır.
Düşmənləri tanıyır haçandır,
Ermənilər qan gördümü qaçandır.
Gəlin kəsək bu xərçəngi, vaxtıdır,
“Cəngi” çalın, bu gün “Cəngi” vaxtıdır.
Xocalının intiqamın almasaq,
Bağışlamaz bizi bu daş, bu torpaq.
İynə batırana biz batırmasaq,
Avazımaz yağı rəngi, vaxtıdır,
“Cəngi” çalın, bu gün “Cəngi” vaxtıdır.
Haray salın bütün kəndə, şəhərə,
Bircə yol var, qələbəyə, zəfərə.
Mərd ərənlər süvar olsun yəhərə,
Qırılmasın qoy üzəngi, vaxtıdır!
“Cəngi” çalın, bu gün “Cəngi” vaxtıdır [1, 106-107].
Göründüyü kimi, şair Əbülfəz Muxtaroğlu milli köklərdən, ənənələrdən qüvvət və cəsarət əldə edərək yeni-yeni cığırlar salır.
Əbülfəz Muxtaroğlunun şeirlərinin şah damarı qoynunda boya-başa çatdığı təbiətdir. Təbiət lövhələrinə həsr olunan şeirlərini oxuduqca düşünürsən ki, əgər şair qəlbindən qopan hər bir misra, hər bir bənd, hər bir söz oxucunu torpağa, təbiətin seyrinə çəkə bilirsə, saflığa, duruluğa qaytarmağı bacarırsa, bu sənətkar ömrünün ən uca mükafatıdır.
Bürüyüb dərəni, təpəni, düzü,
Ürəklər oxşayan ətri güllərin,
Qızların örtdüyü şala bənzəyir,
Kənardan baxanda çətri güllərin.
O göz qamaşdıran bulaq daşları,
Sanmışam ən parlaq daş-qaşlarıdır.
Durnagöz bulaqlar qarlı dağların
Sevincdən tökdüyü göz yaşlarıdır.
Gah çoban olmuşam, tütək çalmışam,
Dinləmiş çəmənlər, çiçəklər məni.
Gecələr ulduzlar laylay deyibdir,
Səhərlər oyadıb küləklər məni [1, 60].
Saf, sağlam duyğulu şairin misra-misra, bənd-bənd açıqladığı “Tanrıyla söhbət”ini eşidib, anlayanlar da elə Tanrısına tapınan duyğulu insanlar olmalıdırlar – zənnindəyik. Elə buna görə də hər bir şeirini oxuyarkən, elə bil, şairin ürək çırpıntılarını eşidirsən, qeybdən gələn bir səslə qulaq-qulağa dayanırsan, bu mülayim səsin bəzən küskün, bəzən inamlı, bəzən sakit, bəzən coşğun axarında bir-birindən oynaq, bir-birindən zərif, bir-birindən mənalı söz sənəti gözəlliklərinə qərq olursan. İncə lirizm, axıcılıq, ürəkdən, candan yaşanan səmimi duyğulardan qopan həyatilik, təbiilik şeirləri oxucuya elə doğmalaşdırır ki, dönə-dönə oxuyub, hər birini öz duyğularında yaşatmağa başlayırsan – insana sevgi, yaşantıya ehtiram, taleyə şəriklik yanğısı kimi. Çünki bu şeirlər xalq yaradıcılığı ənənələrindən, şair ruhu, xalq ruhundan qidalanır.
Pozulubdur təbiətin naxışı,
Kədərlidir qayaların baxışı.
Ağı dedi bulaqların axışı,
Yerimdən oynatdı məni, ay Allah!
Bu dağlar ağlatdı məni, ay Allah!
Yaxud:
Qonaqgörməz əziz qonaq görmədi,
Qız-gəlinlər əvəliyin hörmədi.
Nəmi qurub, südü qaymaq sərmədi,
Kim belə alçaltdı məni, ay Allah!
Bu dağlar ağlatdı məni, ay Allah!
Yaxud da:
Tanrı, məni salma düşmən girinə,
Mehriban et xalqımı bir-birinə!
Qurbanım var ulu Qırxlar pirinə,
Bu arzuma çatdır məni, ay Allah!
Bu dağlar ağlatdı məni, ay Allah! [1, 77]
- deyən şair sevgi dünyasının istili-bürkülü, buzlu-şaxtalı aləminə baş vurur, nikbin arzularıyla bir xoş tale, qismət axtarır. Elə buna görə də kitabdakı şeirlər rəngarəngdir, əlvandır. Müəllifin özünəməxsus deyim tərzi, yığcam, oynaq ifadə üsulu, hiss və duyğuların poetik tərənnümündəki obrazlılıq onu oxucusuna sevdirir. Həm də ona görə ki, lirik tərənnümdən yoğrulmuş bu şeirlərin qəhrəmanı sevincini, kədərini, həsrətini, nisgilini mərdliklə yaşayan ülvi bir insandır.
Əbülfəz Muxtaroğlunun şeirlərində bəzən uzun müddət torpaq qoxusundan, əkindən, biçindən, dağdan-daşdan, təbiətdən uzaq düşən, onun xiffətini çəkən, onun həsrətini yaşayan bir şair də görürük. Gözəl yaylaqları, təmiz havalı və şirin çeşməli yurdu və məkanı, könülaçan və ruhtəzələyən xoş hava və şəfalı yerləri özləmişdir. Şair ümid edir ki, uşaqlıq və gənclik illərini birlikdə keçirdiyi dostları, həmçinin, Şahbuzun hər bir dağı, dərəsi, al yamacı, çayı, gölü, laləsi, nərgizi, bənövşəsi, kəkliyi, turacı, yaşılbaş sonaları da onu özləyir. Şair həsrət dolu anılarını poetik dillə yurdundan gələn bir oğlandan belə xəbər alır:
Batabatdan gələn oğlan,
Göz yaşımı silən oğlan,
El dərdini bilən oğlan,
Ellər məni soruşdumu?
Təzələyib donun meşə?
İnanmıram yolum düşə.
Lalə, nərgiz, tər bənövşə –
Güllər məni soruşdumu?
Gözəllikdir suda quşlar,
Oda tutar qəlbi daşlar.
Qanadlandı yaşılbaşlar,
Göllər məni soruşdumu?
Ot çalımı başlar haçan?
Göz oxşayan, könül açan,
Kərənti ağzından qaçan,
Güllər məni soruşdumu?
Abdulla dedi nəyindən?
Yarasının göynəyindən.
Saz çıxanda köynəyindən,
Tellər məni soruşdumu [1, 26]
Əbülfəz Muxtaroğlu öz təbirincə desək gül balaların da şairdən küsməmələri üçün uşaq şeirləri yazmışdır. Uşaqlar üçün də yazılan şeirlər cəlbedici və öyrədicidir. Əbülfəz Muxtaroğlunun uşaq şeirlərini iki qrupa və ya daha artıq qrupa ayırmaq olar: Təbiətə sevgi, insana sevgi, milli-mənəvi dəyərlərə sevgi və s. “Gözəl bir fəsildi qış”, “Niyə soyuq dəyməyir”, “Bahar gəldi” və s. adlı şeirlərdə şair gül balalara hər bir fəslin biri-birindən gözəlliyini və özəlliyini tərənnüm edir. Budur, balaca Dilbər babasına qışı sevmədiyini bildirir. Bu fəsildən giley-güzarı da olduqca çoxdur: Qışda qar yağır, yağış yağır, günlər qısa olur, günəş tez çıxır, tez batır, uşaqlar tez yatır, soyuqdan əli üşüyür, buz üstünə çıxanda sürüşüb yıxılır, quşlar da üşüyür, yemək tapa bilmirlər və s. Babası balaca nəvəsini gülə-gülə dinlədikdən sonra sadə deyim tərzi ilə qışın gözəlliyini belə təsvir edir:
Qışda çıx yağmasa qar,
Bax, quruyar budaqlar.
Quruyar axan çay da
Məhsul bol olmaz yayda!
Qar torpağın canıdır,
Ən isti yorğanıdır,
Qışda çox yağmasa qar,
Məhsul verməz tarlalar.
Qarğaya, sərçəyə sən
Hər gün dən verməlisən.
Sənin kimi uşaqlar
Gərək qoymasın onlar
Korluq çəksin acından.
Heç çıxarma yadından.
Çox yağsa da qar, yağış,
Gözəl bir fəsildi qış [1, 167].
Fikrimizcə, uşaqlar üçün şeir yazmaq heç də asan deyil. Şərt o deyil ki, şeirdə təhkiyə, qafiyə uyğunluğu, ritmik sürət, təmtaraq, elitarlıq və s. olmalıdır, xeyr, uşaq qəlbinə yol tapmaq üçün həm də gərək daha həssas emosionallığa, uşaq psixologiyasında olan rəngarəngliyə, estetikliyə, daha iti ustalığa, sənətkarlığa malik olasan. Əbülfəz Muxtaroğlunun uşaqlar üçün yazdığı şeirləri oxuduqca görürük ki, şair uşaq ruhunun bilicisi kimi uşaq qəlbinə yol tapmağı bacarır. Fəsillərin gözəlliyi dəqiqliklə, oynaq, lakonik misralarla qulaqdan süzülüb ürəyə belə axır:
Şirin-şirin töhfələrlə
Budur, gözəl bahar gəlir.
Al günəşli səhərlə
Budur, gözəl bahar gəlir.
Dağ başında əriyir qar,
Bağça, bağlar gətirir qar,
Noruzgülü bizə nubar,
Budur, gözəl bahar gəlir [1, 174].
Ümumiyyətlə, Əbülfəz Muxtaroğlu təkcə balaca balaların təfəkkür imkanlarını, maraq dairələrini əhatə edən mövzulara toxunmaqla kifayətlənmir, bu şairdə sözün özünü bədii ifadəni, deyim tərzini uşaq hafizəsinin, uşaq emosiyasının və psixologiyasının tələblərinə uyğunlaşdırmaq bacarığı güclüdür. Əbülfəz Muxtaroğlu uşaq şeirlərində primitiv nəsihətçilikdən, sözçülükdən və deklarativ ibarəpərdazlıqdan uzaqdır. Əbülfəz Muxtaroğlunun bu yanaşması ilə bağlı hələ vaxtilə V.Q.Belinski “Yeni ilə hədiyyə” adlı məqaləsində yazırdı: “…Başlıca iş – sentesiyalardan, nəsihət və tərbiyəpərdazlıqdan imkan daxilində qaçmaqdır: onları böyüklər də xoşlamır, uşaqların isə sadəcə zəhləsi gedir”.
Fikrimizcə, uşaq şeirləri yazmaq üçün şairin bədii dili zəngin olmalıdır, təbiiliyi, axarlığı olmalıdır. Bunlar, uşaq şeirləri yazmaqda xüsusi əhəmiyyət daşıyır. Əbülfəz Muxtaroğlunun uşaqlar üçün yazdığı şeirlərin dili sadədir, rəvandır, axınaqlıdır, lakonikdir və estetik tərbiyəvi əhəmiyyəti ilə də zəngindir.

Oxucularıyla görüşə “Ömürdən qalan izlər” şeirlər kitabı ilə gələn Əbülfəz Muxtaroğlunun ömründən qalan izlərini belə ümimiləşdirə bilərik: Əbülfəz Muxtaroğlu ömür yolunun zirvəsinə kamil qədəmlərlə addımlayan, sevimli müəllimim və həmkarımızın həyat akkordları barədə sonsuz sayda fikir və şərafət, erudisiya və ziyalılıq, şəfqət və qayğı, elmilik və fəzilət, milli-mənəvi irsə dərin məhəbbət, xalqımızın elm və sənət adamlarına ehtiram hissi – Əbülfəz Muxtaroğlunun həyat, yaradıcı qayəsidir. Elmə, şeirə, cəmiyyətə və təbiətə yüksək milli və bəşəri duyğularla bağlanan Əbülfəz Muxtaroğluya Ulu Tanrıdan bəşəri nemət olan can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
KAMAL CAMALOV
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Respublikasının Əməkdar müəllimi
Azərbaycan Yazıçılar Birliyinin üzvü
USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru