İLHAMIM

(Xudu Məmmədova)

Yenə dağ döşündə dənələndi qar,
Yenə zirvələrin həsrətində qal.
Sel qopdu, dərəyə düşdü qalmaqal…
Bir ocaq başında bir isinməsək
Sən kimə gərəksən,
Mən kimə gərək?!

Şimşək yelkəninə qoşulu anlar,
Göy bizi yamanlar, yer bizi danlar.
Görüm ayılmaya gec ayılanlar…
Dolular qırımlı, daşlar döyənək…
Sən kimə gərəksən,
Mən kimə gərək?!

Bax, donqar dəvənin səbət yükünə,
Bənzəyir içi boş şöhrət yükünə.
Ömür karvanının sənət yükünə
Bir-iki qeyrətli söz yükləməsək
Sən kimə gərəksən,
Mən kimə gərək?!

Tarix qayalarda yazı qalırmı?
Çoxu çoxdan itib, azı qalırmı?
Dağ öz duruşundan razı qalırmı?
Yalan-yarğanlara nağıl söyləsək,
Sən kimə gərəksən,
Mən kimə gərək?!

Bu dağlar qardaşım, bu çaylar bacım,
Özündən gəlməyən özündən qaçır.
Zaman qapımızda əlində qayçı…
Hər adi ölçüyə, ülgüyə gəlsək,
Sən kimə gərəksən,
Mən kimə gərək?!

Keçək dərələrin boğanağından,
Keçək dolayların doğanağından,
Günəşin zirvədə doğan anından
Nur alıb, bu yurda səpələməsək
Sən kimə gərəksən,
Mən kimə gərək?!

Müəllif: Məmməd Araz

Mənbə:ETİBAR QERİB

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru