QAFQAZ QURUÇAYLININ SÖZ DÜNYASI

ANLAMADIN Kİ…

Kölgəntək arxanca hey qaçdım sənin,
Üz tutub adına əl açdım sənin.
O ülvi sevginə möhtacdım sənin,
Nələr çəkdiyimi anlamadın ki…

Verdiyin zülümdən doymadın belə,
Can nədi,sevgindən qıymadın belə.
Bir şair qəlbiylə oynadın belə,
Nələr çəkdiyimi anlamadın ki…

Mənə dəyərlisən incidən,gülüm,
Sevmədim mən səni incidəm,gülüm.
Ey mənim ruhumu incidən gülüm,
Nələr çəkdiyimi anlamadın ki…

Sevgini şairdən uzaq eylədin,
Nə bir,harayıma qulaq eylədin.
Gözümün yaşını bulaq eylədin,
Nələr çəkdiyimi anlamadın ki…

Saldın hər addımda məni çətinə,
Qürurla baxırdım məhəbbətinə.
Sığınmaq istədim mərhəmətinə,
Nələr çəkdiyimi anlamadın ki…

Gözüm sevdi,dilə tutdu gözünü,
Yaş oynadı,gilə tutdu gözünü.
Gözəlliyin,elə tutdu gözünü,
Nələr çəkdiyimi anlamadın ki…

<<<QAFQAZ QURUÇAYLININ SÖZ DÜNYASI>>>

DÜNYA…

Bir dəfə salmadın yadına məni,
Ac qoydun çox şeyin dadına məni.
Saldın atəşinə,oduna məni,
Sonra da qızındın közümə,dünya…

Sevinci gözümdə ana döndərdin,
Ömrümü,günümü qana döndərdin.
Həmişə üzünü yana döndərdin,
Bağladın qapını üzümə,dünya…

Gəzirsən həm zəhər,həm qənd əlində,
Hər keçid,hər oymaq,hər bənd əlində.
Məni axtarırsan kəmənd əlində,
Çoxdandır düşmüsən izimə,dünya…

Gördüyün əməllər başdan betərdi,
Qurun var,alışmır yaşdan betərdi.
Sürtülmüş sifətin daşdan betərdi,
Bəsdir,kül üfürmə gözümə,dünya…

Gecdir,tay oduna yanma yazığın,
Yediyin qan etdin,danma yazığın.
Yükünü çox çəkdim amma,yazığın,
Gəlmədi əyilən dizimə,dünya…

<<<QAFQAZ QURUÇAYLININ SÖZ DÜNYASI>>>

DƏRDİMİ…

Tanrı məhəbbətin hörüb qəlbimə,
Sevinc də,kədər də verib qəlbimə.
Bir gözəl istərəm,girib qəlbimə,
Ala sevgisiylə,ala dərdimi…

Sevərdim həyatı,gülsəydi üzüm,
Yox olur taqətim,tükənir dözüm.
Gücüm də çatmayır tək-tənha özüm,
Gətirə bilmirəm yola dərdimi…

Toxunub taleyim daşa,bilirəm,
Nədir bu gələnlər başa,bilirəm.
Nə keçib,nədə ki aşa bilirəm,
Qarşıma sədd çəkən,qala dərdimi…

Ağlayan ürəyə,nə gözə baxır,
Durub canavartək göz-gözə baxır.
Nə bir rəhmə gəlir,nə sözə baxır,
Anlıya bilmirəm bala,dərdimi…

Nə ölür,nədə ki batır içimdə,
Hələ də qol-qanad atır içimdə,
Qara günlərimdi,yatır içimdə,
Bənzədirəm qara xala dərdimi…

Günlər bir-birindən bəd gəldi,Allah
Ürəyim möhnətdən kövrəldi,Allah.
Tutub yaxasından bir əldi,Allah,
Hələ çəkir sağa,sola dərdimi…

<<<QAFQAZ QURUÇAYLININ SÖZ DÜNYASI>>>

OLMADIM..

Yaradan əyrini,düzü yaratdı,
Dağı,dərələri,düzü yaratdı.
Haqq, məni dünyaya özü yaratdı,
Var oldum dünyada, yalan olmadım.

Elə ki,boy atdım mən də göründüm,
Bu dünyanın əzabına büründüm.
İlan təki qabıq qoydum süründüm,
Ancaq ki zəhərli ilan olmadım.

Heç, bahar gəlmədi qışımın üstə,
Gəldi bəduğurlar işimin üstə.
Kəsdilər dilimi dişimin üstə,
Sınıb,dağılsam da,talan olmadım.

Qol atdım böyüdüm özüm kölgəli,
Özümə açdığım izim kölgəli.
Olmadı kimsədən gözüm kölgəli,
Nədə,söz altında qalan olmadım.

Qılıncın çıxaran indi qından çox,
Hər addım başında atam,bundan çox.
Dünyanın eşşəyi adamından çox,
Şükür ki kiməsə palan olmadım.

Sözlərimlə dilə gətdim lal daşı,
İnsan olmaz qayaların sal daşı.
Unutmayıb yaxşı dostu,yoldaşı,
Heç,vaxt nəzərimdən salan olmadım.

Qafqazam,çox çəkdim sənsiz ar, Vətən,
Qərib dünyam gəldi mənə dar ,Vətən.
Bilirəm ki bir günahım var, Vətən,
Mən,sənin layiqli balan olmadım.

Müəllif: QAFQAZ QURUÇAYLI

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru