ALAGÖZ
(povest)

II- hissə
(Əziz oxucu, əgər sənə görə dünyada həyatdan qiymətli heç nə
yoxdursa, onda bu əsər sənin üçün yazılmayıb…)


O mənim kimi olmazdı, çox vəfalıydı. Alagöz məni heç vaxt darda qoyub qaçmazdı. Kaş, biz insanlar da, o dilsiz-ağızsız heyvanlar kimi bir-birimizə vəfalı, sadiq olaydıq.
– Sənə Alagöz atımdan bir əhvalat danışım, qardaş, başağrısı olmasın, gör o at necə at idi. Bir dəfə bərk xəstələnmişdim, yataqdan qalxmağa cürətim çatmırdı. Mal-qaraya da qonşumuz qulluq edirdi. Dedim də, həyat yoldaşım həmişə xəstə olardı. Bir gün qonşim mənə dedi ki, ay Həsən, bilmirəm nə olubsa, Alagöz bir çəngə də olsun ot-ələf yemir, deyəsən o da sənin kimi naxoşlayıb.
Güc-bəla ilə yerimdən qalxıb onunla bərabər tövləyə getdim. At məni görən kimi nə oyun çıxartdı, bir öz gözlərinlə görsəydin. Başımı qoyun-qoltuğuma soxub, məni imsiləyirdi. İlahi, onun gözlərindəki yaşı görəndə, özümü saxlaya bilməyib boynunu qucaqladım. Axurundakı ot-ələfi özüm yerbəyer edəndən sonra, Alagöz yemini yeməyə başladı. Qonşum bunu görəndə əlini əlinə vurub: – pa atonan, day mənim bu ata sözüm yoxdur, – dedi. O, belə at idi, qardaş. Mən isə onu od-alovun içində qoyub, öz canımı götürüb qaçdım, Özü də yerlə də yox, göylə qaçırdım. Bu torpağın nemətini ye, suyunu iç, kefini çək, ara qarışan kimi də tüpür dabanına, asta qaçan namərdir, – deyib çıx aradan. Ay nankor insan, ona görədir də həmişə başımız dərddədir.
– Hə, qardaş, başına dönüm, bizi gətirib tökdülər Bakıya. Oradan gəldim oğlumun evinə. Özü evdə yox idi, gəlinim dedi ki, dünəndən evdən çıxandı. Kəlbəcərin işğal olduğunu biləndə dəli olmuşdu, bir dəqiqə də olsun evdə qala bilmədi.
– Bəs hara getdi? – gəlindən soruşdum.
– Nə bilim çıxanda dedi ki, gedim görüm bizimkilərdən nə xəbər var?
Axşamacan onun yolunu gözlədik. Bu vaxta qədər gəlinimlə dərdləşib, sızlaşdıq. Gecə yarıdan keçmişdi ki, oğlum gəlib çıxdı. Məni sağ və salamat görəndə sevindi. Qucaqlaşıb ağlaşdıq. Anasını soruşdu.
– Ata, anam hardadır! – dedi.
– Ananı evdə qoyub gəlmişəm, bala! Səndən nə gizlədim, xəstəydi. Bir saatın içində aləm dəydi bir-birinə. Yazıq arvadın qorxudan, elə yataqdaca bağrı çatladı. Gətirə bilmədim ananı, oğlum, – dedim.
Bu sözləri deyəndə anladım ki, ölmək nə yaxşı iş olardı belə vaxtda. Oğlumun: – “ Anam hardadır bəs?” sualına cavab vermək üçün mən nə qədər əzab çəkirdim. Amma mən də başqaları kimi ölüb, o yerlərdə qalsaydım, yəqin indi oğlum özgələrindən soruşacaqdı: – “Atam hardadı bəs?” Onda mən nə qədər əziz olacaqdın onunçün, – elə anası kimi.
İndi o deməsə də, mənə qarşı ürəyindən nələr keçirdi, onu bir olan Allah bilirdi. Onu qınamıran, adamdan soruşarlar da: – “Bəs, sən necə oldu salamat çıxdın? Sən niyə ölmədin?”
Bəlkə də, o anasının ölümünün, Kəlbəcərin düşmənə verilməsinin bütün günahını məndə görürdü. Hələ, Alagöz barədə bir şey soruşmadı, axı o atı çox istəyirdi.
Hara çatacaq, o gecəni oğlumla elə bir halda keçirtdik ki, Allah heç tarı bəndəsinə beləsini göstərməsin.
Beş-on gün evdən bayıra çıxmadım. Utanırdım camaatın üzünə baxmağa. Elə bilirdim ki, hamı məni söyəcək, vətəni, torpağı qoyub qaçdığıma görə üzümə tüpürəcəklər. Əslinə baxsan, elə mən düşündüyüm kimiydi. Bilirsən, qardaş, adamdan bir şey soruşurlar, özü də dik adamın gözlərinin içinə deyirlər: – “Niyə sağsan, niyə ölmədin?” Yenə də deyirəm, insan həyatında elə anlar olur ki, ölmək yaşamaqdan min dəfə şərəflidir! Oğul tanıyırdım ki, döyüşlər başlananı bir dəfə də olsun, ev üzü görmədi, yağışın, qarın altında düşmənlə göz-gözə dayandı, odun-alovun içindən keçdi, bəxti, taleyi gətirdi ölmədi. İndi ondan da soruşurlar: – “Niyə ölmədin!!!” Bilirsən bunlar niyə görədir? Ona görədir ki, torpaq, vətən əldən getdi, biz məğlub olduq. Deyirlər: “Qaliblər mühakimə olunmurlar!”- haqq sözdür. Yurd-yuvasını qoyub qaçanları söyərlər də, lap güllələyərlər də… Bəs necə, məğlub olanın nəyindən danışacaqlar?
Şəhərdə hamı bizə tərs-tərs baxırdı. Niyə də baxmasınlar, mən Kəlbəcərli ola-ola Bakının ortasında yaşayım, bakılı, şəkli, ağcəbədili də gedib Qarabağ uğrunda, Kəlbəcər uğrunda vuruşsun, şəhid olsun… Belə də iş olar?
Ağır olsa da həyat davam edirdi. Oğlum da yavaş-yavaş anasızlığa öyrəşirdi. Deyirlər, torpağın üzü soyuq olur, axı.
Oğlum anasının necə öldüyünü görmədiyi üçün, o da başqaları kimi, bunu unutmalıydı. Torpağın soyuq üzüylə barışmalıydı.. Amma, mən bədbəxt oğlununsa, unuda bilmədiyim çox dərdlərim vardı. Oğlumdan fərqli olaraq, mən həyat yoldaşımı unuda bilmirdim. Ona görə yox ki, o mənim ömür-gün yoldaşımdı, mənimlə bərabər çox əziyyət çəkmişdi. Yox! Mən ona görə onu unuda bilmirdim ki, ölənləri qalanların yaddaşından çıxaran qara torpaqdı. Mənsə oğlumun anasını soyuq torpağın altına yox, isti yorğan-döşək içində qoyub qaçmışdım, qardaş. Onun bədəni də, ruhu da soyumamışdı. O bədənin, ruhun od-alovuydu məni yandırıb-yaxan, qardaş. Soyuda bilmirdim, sakitləşdirə bilmirdim özümü, korun-korun yanırdım!
Həyat yoldaşımın ölümü də, torpağın getməsi də, gözlərimin qabağında oldu. Nə qəədər ağır da olsa, buna dözürdüm, bilirdim ki, gedən gedibdir. Amma günlər ötdükcə, torpaq dərdi, Alagözün həsrəti yandırıb-yaxırdı məni. Qəribə də olsa, torpaq itkisinə də yavaş-yavaş öyrəşirdim. Çünki, şəhərə çıxanda rastlaşdığım hər on nəfərdən biri, yurd-yuvasından ayrı düşmüş qaçqınlardı. Onların içində çoxlu tanışlarım, dostlarım vardı. Deyir, ellə gələn dərd yüngül olar. Baxıb görəndə ki, hamı sənin günündədir, bir az ürəyin sakitləşir. Düşünürsən, ölən təkcə sən deyilsən. Birdə ki, ağrın alım, mən müəllim işləmirdim, yüksək vəzifədə deyildim ki, başımdan böyük danışım, iri-iri məsələləri həll edim. Adamlar var e, görürsən öz ailələrinə ağsaqqallıq edə bilmir, amma elə yekə-yekə danışır ki, bəs deyirsən alçaq dağları bu yaradıbdır. Mən çoban-çoluğun, qoyun-quzunun, atın-ulağın fikrini çəkməliydim də…
Bir gün oğlum atdan ötrü daıxdığımı görüb, məni Bakıdakı at yarışları keçirilən yerə apardı. Burada özümə azacıq da olsa, toxtaqlıq tapırdım. Saatlarla oturub atlara tamaşa edirdim. Elə kövrəlirdim ki, ta olmayan kimi. Amma, bu atların heç biri Alagözə tay ola bilməzdi, nə yerişdə, nə duruşda, nədə ki, gözəllikdə. Bəzən ona azcıq oxşayan at görəndə, yerimdən qalxar və dəli kimi ata tərəf qaçardım. Mənim bu hərəkətim çox vaxt at sahiblərinin açığına gələrdi.
Evə dönəndə oğlum üz-gözümdə günrahlıqdan çox, yorğunluq görüb soruşardı?
– Atacan, niyə darıxırsan? Daha bəsdir bu qədər özünü üzdün. Atlara baxanda ürəyin sakitləşmədimi?
– Oğlum, ağrın ürəyimə, – deyərdim. – O atlara baxanda Alagöz bir az da bərk yadıma düşür. İkincisi də, o atlar Alagözün yanında dayça-doluqdan başqa bir şey deyillər. Daha bir də o tərəflərə getməyəəcəyəm. Yox, daha bəsdir, bu hala dözməyə taqətim qalmayıb.
Bir müddət yenə də evdən bayıra çıxmadım. İstəyirdim ki, hər şeyi unudum, torpaq itkisini də, əzizlərimin nisgilini də, lap elə Alagözün yoxa çıxmasını da… Amma bacarmırdım. Nə qədər unutmağa çalışsam da, onlar bir az da çox yadıma düşürdü.
… Həsən kişi yenə də məndən papiros istədi. Mən cibimdən papiros qutusunu çıxarıb ona tərəf uzatdım Papirosdan bir gilə götürüb qutunu geri qaytarmaq istəyəndə, əlini yavaşca geri itələdim və: – qoy, qalsın, – deim.
– Əvvəllər çəkən olmamışam. Heç bir dənə də, zəhləm gedərdi onun tüstüsündən. Təzə-təzə öyrəşirəm, – deyə Həsən kişi dilləndi.
O, papirosa elə dərin bir qullab vurdu ki, elə bil əvvəllər çəkmədiyi üçün peşiman olmuşdu, İndi çəkmədiyi günlərin də əvəzini çıxmaq istəyirdi.
Həsən kişi papirosun kötüyünü otların arasına basıb əzdi. Sonra üzünü mənə tutub dedi:
– Qardaş, başağrısı vermirəm ki? Deyir: – Fikirli yatağan olar, dərdli deyingən, – haqq sözdür. İndi mən də bayaqdan deyinirəm, birdən sizə xoş gəlməz sözlərim.
Mən onun ehmalca qoluna toxunub:
– Xahiş edirəm, danışın, mənim üçün çox maraqlıdır söhbətiniz, – dedim.
– Hə, qardaş, yaxın-uzaq qohumlardan hər tərəfə səpələnmiş kəlbəcərlilərdən soraqlayırdım Alagözü. Deyirdim, bəlkə görən olub. Neçə dəfələrlə sərhəd bölgəsinə gedib çıxmışdım. Başıma itin oyunu gəlib. Hər dəfə də əliboş qayıdanda, dərdim bir az da artırdı. Bir dəfə oğlum lap təpindi mənə. Dedi ki, eşidib-biləndən ayıbdır, axı. Bütün millət nə haydadır, sən nə hayda? Ailəsini, ev-eşiyini qoyub gələnlər belə eləmir, gör sən nə oyun çıxarırsan? Camaat atasını, anasını, oğlunu, qızını axtarır, sən isə at axtarırsan.
Oğlumun bu sözləri yaman mənə toxundu, lap ürəyimin başını qanatdı. Dedim: – Oğul, səni and verirəm, o anovun sərgərdan dolanan ruhuna, bir də mənə belə söz demə. İşin olmasın mənlə, onsuz da mən ölü kimi bir şeyəm. Elə bil ki, atan yoxdur, o da ölüb, qalıb Kəlbəcərdə. İnsanın ki, illərlə, diş-dırnaqla qurduğu ev-eşik, var-dövlət, yurd-yuva dağıldı, onun yaşamağının bir mənası yoxdur. Allahım haqqı, o çadırdakı adamlara baxanda gündə neçə dəfə ölüb-dirilirəm. Beş-altı otaqlı evlərə sığmayan bir ailə, indi tozlu-torpaqlı xırda bir çadırın küncünə sığınıbdır. Ə, Allah kəssin belə yaşamağı, necə kəsib, – deyə Həsən kişi damarları çıxmış əlini havada yellədi. Sonra söhbətinin ardını danışmağa başladı.
– Bir dəfə Ağcəbədi bazarında yerlim Xudamla rastlaşdım. Görüşüb, öpüşdükdən sonra, bir-birimizlə hal-əhval tutduq. Xudam elə sovet hökumətinin vaxtında alverlə məşğul olardı. Rusiyyətin elə şəhəri yox idi ki, o, orada at oynatmasın. Sovet hökuməti dağılandan sonra da, düşdü xarici ölkələrin canına. Burdan vurub, oradan çıxırdı. Bir dəfə gedib, lap zəncilər yaşayan yerin adı nədi e, hə, Afrikaya çıxmışdı. İranı isə həftəbazarına döndərmişdi. Hər üç-dörd gündən bir oradaydı.
Soruşanda ki, Xudam indi nə işlə məşğulsan? Üzümə baxıb güldü:
– Evi dağılmışın oğlu,- dedi, – mən o boyda sovet hökumətinin “mirro-mirro” vaxtında alver edirdim, indi bütün Azərbaycan alverdəykən, məndən soruşursan ki, nə işlə məşğul olursan? Ə, nə işlə məşğul olacam, dəd-baba adətimlə. Bəs, eşitməmisən deyir: – canavar rəngin dəyişər, amma xasiyyətini dəyişməz.
Bəs, sən nə edirsən, ay Həsən kişi, Bakıda da mal-qar saxlayırsan?! Axı, sənin yaxşı heyvanların vardı, onlar necə oldu?!
Xudam bu sözləri deyəndə, nədənsə duruxdu. Sonra ikiəlli çiynimdən yapışıb:
– Ə, Həsən, sənin bir atın vardı ha, nəydi onun adı? Qaragözdü, Alagözdü, nəydi e? Mən onu İranın Təbriz şəhərində gördüm, özü də at yarışında. Cavan qardaşımın itgin göru haqqı, oydu. Ədə, necə tanımayaydım… az görmüşdüm onu.

(Ardı var…)

Müəllif: Meyxoş Abdullah

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru