ALAGÖZ
( povest)

III hissə
(Əziz oxucu, əgər sənə görə dünyada həyatdan qiymətli heç nə
yoxdursa, onda bu əsər sənin üçün yazılmayıb…)

… Xudamdan bu sözləri eşidəndə bədənimi soyuq tər basdı, ürəyim sıxılmağa başladı. Hiss elədim ki, ayaq üstə dayana bilmirəm. Yavaşca yerə çökdüm. Xudam bu halımı görəndə qorxdu:
– Həsən, nə olub sənə, – dedi, – bir yerin ağrıyır? – Sonra əlini-əlinə vurub: – Allah ermənilərin evini yıxsın, bu camaatda ürək qoymayıblar ki!..
Özümü saxlaya bilməyib ağladım. Mənim ağlamağım Xudamı da kövrəltdi:
– Ə, niyə ağlayırsan, danış görüm, axı nə olub?!
Özümü zorla ələ alıb dedim:
– Xudam, sən ölənlərüvün göru, nə dedin? Dedin ki, Alagözü görmüsən? İranda?!
Ə, hə də… Burada nə var ki, bir il bundan qabaq , Ərdəbil bazarında rəhmətlik anamın öz əliylə toxuduğu, bacım Atlaza cehiz qoşduğu xalçanı gördüm.Yaxınlaşdım ki, alam, satan dəyyus elə qiymət oxudu ki, az qaldı ödüm qarışa. Daşıyıblar, qardaş, Azərbaycanın nəyi var çəkiblər bazara satırlar. Pal-paltardan tutmuş, namusuna kimi… Sən də deyirsən ki, nə bilim at belə gəldi, elə getdi. – At idi də sənin atın. Üstündən on il keçməyib, onbeş il keçməyib, deyəsən tanımadım. Cəmi-cümlətanı üç-dörd il bundan qabaq gördüyüm heyvandı da. Onu da tanımayacaqdım. Bir də nişan var də onun sol tərəfində.
Bu sözləri Xudamdan eşidəndə sevincimdən bilmədim ki, nə edim. Ayağa qalxıb onu qucaqladım və üz-gözünü duz kimi yalamağa başladım. Mənim belə etməyim onu da kövrəltdi.
– Ay Həsən, yaxı da. Bir məni başa sal görüm nə olub? Olmaya, o atı axtarırsan?!
Dedim, Xudam başına dönüm, axtarırsan nə sözdür? Bu neçə ili, day mənin anadan əmdiyim süd burnumdan gəldi ki… De görüm, atı nə vaxt görmüsən?
– Nə vaxt görmüşəm, deyirsən?! Ə, nə vaxt olacaq, iki-üç ay bundan qabaq. Mənim Təbriz şəhərində Ağazadə familiyalı yaxın dostum yaşayır, onunla getmişdik at yarışına baxmağa, orada gördüm. Yarış da belədir də, bilirsən, atları əvvəlcə tamaşaçıların gözü qabağından keçirirlər, onlar baxıb bəyəndiyi ata mərc gəlir, yəni pul qoyur. Orada da neçə min adam olur. Sənin atın birinci çıxdı. Vallah, o biri atlar heç onun tozuna da çata bilmirdi.
Xudamın bu sözlərindən sonra mən arxayın oldum ki, at mənim Alagözümdür. Odur ki, Xudama yalvar-yaxar etdim ki, məni də özüylə bərabər İrana aparsın.
O bir az fikirləşib dedi:
– Həsən, ölənlərimizin göruna and olsun, sabah yox, o birisi gün Kitaya gedirəm, orada bir az malımız ilişib qalıb. Bir aya kimi orada qalacağam. İstəyirsən gözlə, qayıdandan sonra gedərik.
Dedim ki, yox, bir aya mənim bağrım çatlayar. Mən, nəinki bir ay, heç bir gün də dözə bilmərəm.
Mənim bu sözlərimdən sonra o, nə fikirləşdisə dedi:
– Yaxşı, onda belə eləyək, gəl sən get İrana. Mən sənə dostum Ağazadənin ünvanını verərəm, onu axtarıb taparsan. O sənə nə lazımdır kömək edəcək, arxayın ol.
Elə oradaca Xudam cibindən qələm-kağız çıxarıb, dostuna nəsə yazdı. Kağızın o biri üzünəsə dostunun yaşadığı ünvünı yazıb mənə verdi. Sonra Xudamla görüşüb ayrıldım. Elə həmin gün avtobusa minib Bakıya gəldim.
İstirahət günü olduğuna görə oğlum evdə idi. Qapıdan işəri girəndə evdəkilər hamısı üzümə diqqətlə baxdılar.
– Nə olub, – dedim, – adam-zad görməmisiniz, nədi?
Oğlum mənə yaxınlaşıb dedi:
– Ay ata, bu neçə vaxtı səni həmişə qəmli, kədərli görməyə adət etmişik. Bu gün, maşallah, çox yaxşısan, e… Xeyir ola, deyəsən, inşallah, şad xəbər eşidəcəyik səndən.
– Alagözümü tapmışam, ay bala, Alagözümü! – sevincək dilləndim.
Mənim bu sözlərimdən onlar da sevindilər. Hər ikisi məni qucaqlayıb təbrik etdi, gözaydınlığı verdilər.
Bilirdim ki, bu neçə ili onlar da az əziyyət çəkməyiblər məndən ötrü. Necə olsa cavan ailəydi, deyib-gülmək, şənlənmək istəyirdilər. Ölənlə ölməyəcəkdilər ha… Bunların hamısını başa düşürdüm. Başa düşürdüm ki, mənim evdə qəmli, kədərli dolanmağım onları da narahat edir. Amma, Allah tərəfi bircə dəfə də olsun, nə oğlum, nə də ki, gəlinim bu barədə mənə bir söz deməmişdilər. Mən onlardan yerdən göyəcən razı idim.
Oğlum yaxın gəlib boynumu qucaqladı.
– Ata, de görüm hardan tapdın atı?- soruşdu.
– İrandan! – dedim.
Mənim bu sözlərim onların ikisini də təəccübləndirdi. İkisi də bir ağızdan?
– Hardan?!.. İrandan?!
– Hə də, atı aparıb İrana satıblar erməni köpəyuşağı, – dedim
– Bəs, atın orada olmasını sən kimdən öyrəndin? – oğlum soruşdu.
– Kəndçimiz Xudam görüb, bir ay bundan qabaq. Dedi ki, öz gözlərimlə gördüm İranın Təbriz şəhərində, at çapılan yerdə.
Mənim bu sözlərim oğlumun eynini açmadı. Bilirdim ki, onun İrandan xoşu gəlmir. Nə bilim, Şuşa şəhəri gedəndə, deyirdi ki, burada iranlıların da barmağı var.
Gecəni səhərə qədər yata bilmədim. Çox götür-qoy etdim. Səhər oğlum işə gedəndə ona tapşırdım ki, mənə sənəd hazırlasın, İrana getməyə.
Oğlum çox çalışdı ki, məni bu yoldan çəkindirsin. Ona bildirdim ki, mənə kömək edirsən et, etməyirsən onda gəl, mənə mane olma.
Oğlum bir söz deməyib çıxıb getdi. Axşam evə qayıdanda elə qapıdaca bildirdi ki, İrana getmək üçün hansı sənədlərin lazım olduğunu öyrənibdir. Bir həftəyə hamısın hazırlayacaq. Bir də dedi ki, sabah gərək gedib şəkil çəkdirək.
Bu sözləri ondan eşidəndə ürəyimdə dedim ki, şükür sənin kərəminə, ilahi, deyəsən işlərim düzəlir, axı.
Bir həftəyə sənədlərim hazır oldu. Oğlumla, gəlinim məni Biləsuvar keçid məntəqəsindən İrana yola saldılar.
İranda birinci dəfə olduğuma görə heç yeri tanımırdım. Ancaq Xudamın verdiyi ünvan məndəydi. Hə, nə başını ağrıdım, qardaş, birtəhər gəlib Təbriz şəhərinə çatdım. Adını ordan- burdan eşitdiyim Təbriz şəhəri, insafən çox gözəldi. Təmizliyinə və yaraşığına görə bizim Bakı şəhərindən üstün idi. İllah ki, yolları. O qədər hamar və rahat idi ki, avtobus gedə-gedə lap çay da içmək olurdu.
Mən bir taksi sürücüsünə yaxınlaşıb ünvanı ona göstərdim. O, ünvanı gözdən keçirəndən sonra bildirdi ki, apararam, amma pulun olsa. Dedim ki, nə qədər istəsən verəcəyəm.
Maşına oturub yola düşdük. Bir xeyli yol varmış, sən demə, Ağazadə deyilən iranlının mənzilinə. Onun yaşadığı yer Təbriz şəhərinin kənarındaydı. Biz ora çatıb maşından düşdük. Sürücü, hündür darvazalı bir binanı mənə göstərib dedi:
– Baba, Ağazadə deyilən şəxs bu binada yaşayır. Əgər mənə başqa bir qlluğunuz yoxdursa, icazə verin gedim işimin dalınca.
Ondan xahiş etdim ki, mənə kömək etsin. Mən İranda birinci dəfə olduğuma görə buranın qayda-qanunlarına bələd deyiləm.
Sürücü bir söz deməyib dəmir qapıya yaxınlaşdı və qapıda olan telefonla evin içinə zəng vurdu. Bildirdi ki, darvazanın qabağında şurəvidən gəlmiş bir qonağınız gözləyir. Sonra o üzünü mənə tutub dedi:
– Baba, narahat olmayın, bu dəqiqə qapını açacaqlar.
Mən onun haqqını verib yola saldım.
Bir-iki dəqiqədən sonra darvaza açıldı. İçəridən hündürboylu, saçları dümağ olan orta yaşlarında bir kişi çıxdı. Məni ayaqdan başa süzdükdən sonra dedi:
– Bağışlayın, baba, sizə kim lazımdır?
Mən bayaqdan əlimdə tutduğum kağızı ona uzatdım və üstündən də dedim ki, məni dostunuz Xudam göndərib buraya, sizinlə vacib işim vardır.
O, Xudamın adını eşidən kimi gülümsədi və mənə yaxınlaşıb ikiəlli görüşdü. Sonra qolumdan tutub içəri apardı. Çaydan-çörəkdən yedikdən sonra, söhbətə başladıq. Başıma gələn bütün əhvalatı, necə sənə danışmışdımsa, eləcə də, yerli-yataqlı ona da nağıl eylədim. O da mənə qulaq asandan sonra dərindən ah çəkib dedi:
– Həsən qardaş, darıxıb eləmə, inşallah, sənə kömək edərəm. Bir halda ki, Xudam qardaşımın yaxınısan, demək mənim də dostumsan Evimi öz evin bil, çəkinib eləmə. Qaldı at məsələsinə, biləsən ki, bizdə at yarışları bazar günləri keçirilir. Bu gün isə həftənin birinci günüdür. Bu hesabla, hələ bir həftə vaxtımız var. Qonağım olarsan, səni İranın görməli yerləriylə tanış edərəm.
Ağazadə deyilən bu adam İranda tanınmış adam idi. O, maşın-zad alveriylə məşğul olurdu. Təbrizdə iri maşın bazarı vardı, bu kişi orada böyük nüfuz sahibiydi. Böyükdən, kiçiyə hamı onun xatirini istəyirdi.
Hər gün tezdən onunla birlikdə evdən çıxardıq. O işini görüb qurtarandan sonra, şəhərin görməli yerlriylə məni tanış edərdi. Gördüklərim nə qədər ürəyimə yatsa da, yenə də fikrim-zikrim Alagözün yanındaydı. Bəzən küçədə at nalının səsini eşidəndə, dördgözlü dönüb baxardım. At qoşulmuş faytonu görəndə elə məyus olurdum ki…
İranlı dostum çox savadlı və siyasətdən baş çıxaran adamdı. Axşamlar yataqda uzanandan sonra bəzən sübhün gözü açılana qədər söhbət edərdik. Qınayırdı bizləri, torpaqlarımızı ermənilərə verdiyimizə görə. Deyirdi ki, torpaqlarınızı ermənilərdən elə-belə ala bilməyəcəksiniz. Quran oxumaqla, donuz darıdan çıxmaz, deyirdi. Bir də deyirdi ki, sizin ən böyük bədbəxtçiliyiniz ondadır ki, düşməniniz gözlərinizin qabağında ola-ola, öz aranızda düşmən axtarırsınız. Düşmən qalıb bir yanda, siz bir-birinizi qırırsınız. O deyir sən satdın, bu deyir sən verdin. Erməni də deyir ki, siz zsatmısınız biz də almışıq. İşdir, nə vaxtsa o torpaqları qaytarası olsalar, onda da sizə deyəcəklər ki, o vaxt pulla almışıq, filan qədər ödəyin, sonra torpaqlarınızı qaytaraq.
Ay qardaş, əvvəl bir-birinizlə ədavətə son qoyub, birləşin, torpaqlarınızı alın, sonra da kimin haqlı, kimin haqsız olduğunu sübut edin də, qaçmırsınız ki… Biriniz gedib oturub Rusiyada, biriniz Amerikada, biriniz İsraildə, digəriniz də İranda… Qalanları da zindanda. Hamınız da olmusunuz bir-birinizlə qanlı bıçaq. Ay başına dönüm, belə də ölkə olar?!
Mənim atam danışırdı ki, əgər o vaxt Bakı omasaydı, İran camaatının yarsı acından qırılardı. Buradan Bakıya işləmək üçün gedərmişlər. İndi Bakının camaatı bir tikə çörək üçün səpələniblər dünyanın hər yerinə. Belə də müsibət olar, adamın sizə yazığı gəlir. Mən bir neçə dəfə siz tərəflərdə olmuşam. Gördüklərimdən dəhşətə gəlirəm. İlahi, nə qədər dilənçi olar? Demək olar ki, millətin yarsı dilənçi kökündədir. Bakıya tərəf hər yan çadırdır. İnsan neçə il çadırda yaşayar, bir il olar, iki il olar, beş il olar… Əşi, day bu qədər olmaz da… Bir də gördün rus gəlib baxır, amerikalı gəlib baxır, ingilis gəlib baxır, fransız baxır, qısası ölkənizə kim gəlir sürüyüb gətirirsiniz çadırlara, o mağmun camaatın yaşayışına baxmağa. Onlar da baxırlar. Onlar baxdıqca, çadırdakılar da boyunlarını çiyinlərinə qoyub, elə yazıq-yazıq ağlaşırlar ki, adamın ürəyi kabab olur. Ədə, insafınız olsun, milləti hər qor-qoduğun qabağında bu qədər alçatmayın. Heç kəsin onlara yazığı gələn deyil. Onlar hamısı siyasət naminə gəlib gedirlər. Onların orada xeyiri olmasa biri də sizin ölkənizə ayaq basmaz. Millətin hamısı qırılsa belə o gəlib gedənin vecinə də olmaz. Gedəndə də, qoltuqlarına xalça-palazdan verib, ciblərini də doldurub yola salırsınız. Həmin o xalça-palazı verin o çadırdakılara, qoy sərsinlər altlarına, yazıqdırlar soyuqdan xəstəlik tapıb, vərəmləməsinlər. Onsuz da o gələnlərin heç birinin ürəyi onlardan ötrü “cızz” eləməyəcəkdir. Bir də, onlar heç vaxt ermənilərin yamını verməyəcəklər. Bə, nədi, baba? Lazım gələndə erməniləri qancıq it kimi qısqırdacaqlar yenə də üstünüzə. Ermənilər onların şilləvuranıdır da, baba. Qardaş, istəmirlər ki, sizin başınız ayılsın. Bunu birdəfəlik başa düşün. Yenə də qalıb özünüzə, sizin əvəzinizdə heç kəs gedib ermənilərlə dava etməyəcəkdir. Bir misal var e, – eşitməmiş olmazsan, deyir, – doğan arvadın başına nə qədər həbçi yığışsa da, güc yenə onun özünə düşər.
Ay Allah, bu Ağazadə nə çoxbilmiş adamdı. Nələr danışırdı. Elə sözlər danışırdı ki, indiyə kimi xoruz səsi eşitməyib. Nə yaxşı ki, qoy qalsın qarnımda. Mənim belə şeylərdən başım çıxmaz.
Səhəri gün at yarışı olmalıydı. Gecə gözlərimə yuxu getmirdi, bərk həyəcanlanmışdım. Ağazadə bir neçə dəfə yuxudan ayılıb, niyə yatmadığımı soruşdu. Deməsəm də, hiss etdi ki, atın fikrini çəkirəm. Mənim halıma gülüb dedi:
– Baba, qəlbinə dəyməsin, bir söz deyim. Deyəsən, Azərbaycanda namus, qeyrət dərdi çəkmək az-maz səndə qalıb. Düşmüsən o dərə sənin, bu dərə mənim at axtarırsan. Səndən başqa deyəsən heç kəs bu barədə fikirləşmir.
Doğrusu, dostumun sözləri yaman mənə yer eylədi.
Niyə, – dedim, bizdə namuslu oğlanlar çoxdur. Amma onlar elə gözümçıxdıya salınıb ki, day, olmayan kimi. Hərənin əlinə bir yumaq verib sarıtdırırlar. Kimini vurub öldürürlər, kimini tutub atırlar içəri, kimini də didərhin salırlar, baş götürüb çıxıb gedir başqa ölkəyə. Deyir, canavar canavarlığını sübut eyləyənəcən, çəkib dərisini boğazından çıxarırlar. Hərə bir tikə çörəyin möhtacı olub, qardaş. Bir tikə çörək, keçəl qız kimi dilimizi gödək edib bu hökumətin yanında. Zəhrimara qalsın o çörəyi ki, biz yeyirik. Heyvan heyvanlığıyla səhər tövlədən açıb buraxırsan örüşə, gedib qarnını doyurub gəlir. Payaya bağlayanda da, belinə bir-iki dəfə tumar çəkirsən. Qardaş, bizim həm qarnımız acdır, həm də ki, başımız qapazlı. Bəndə yanında da üzüqarayıq, Allah yanında da. Bizlərə cəhənnəm odu yoxdur. Biz cəhənnəmi elə bu dünyada çəkirik. Haqq-ədalət yoxdur, qardaş. Haqq deyənin dilini kəsirlər. Hər yerindən qalxan “millət, millət” deyir, amma ortada bir şey yoxdur. Elə ac qalan da millətdir, balası ölən də. Yuxarıda oturanlar da iş görəndə xeyirin, zərərini fikirləşmirlər. Üstündən iki-üç il keçir, baxıb görürlər ki səhv eləmişik. Xalqdan üzr istməkdən, xəcalət çəkməkdənsə, onu bir borclu da çıxarırlar. Səhv etdiklərinə görə heç kəs də onlara gözün üstə qaşın var demir.
Deyir, bir dovşan, – vallah, axır vaxtlar biz bir iş görməkdən çox, əngə güc vermişik. Elə mən də onlardan biriyəm. Hə, bir dovşan meşədə qaçırmış, bir tülkü onu saxlayıb deyir, – ay dovşan qardaç, nə olub hara qaçırsan? Dovşan qaça-qaça bildirir ki, meşəyə yoxlama gəlib, kimin üç qulağı var birini qopardırlar. Tülkü gülüb deyir ki, ay axmaq, sən nədən qorxursan, sənin ki iki qulağın var.
Dovşan ona cavab verib deyir ki, ay tülkü lələ, mən bilirəm e, mənim iki qulağım var, amma bu qəribə yoxlamadır, əvvəl qulaqları qopardırlar, sonra isə sayırlar.
İranlı dostum dodağını dişləyib, sonra asta-asta başını yırğaladı.
Səhər saat onda evdən çıxdıq. Ağazadənin dediyi kimi yarış günortaya yaxın başlamalıydı. O vaxta kimi də tamaşaçılar atlara baxıb, hərə bəyəndiyinə pul qoymalıydı. Adam əlindən tərpənməyə yer yox idi. Mən bilməzdim ki, İranda at yarışına bu qədər maraq olar. Güc-bəla ilə bilet alıb yerimizə keçdik.
Adam çox olduğuna görə, atlarla bizim aramızda uzun bir məsafə vardı. Bir-bir atlara baxdım. Hamısı yarış atları olduğuna görə say-seçməydilər. Bir azdan yarış başladı. Yan-yörəmdə tamaşaçılar 10 nömrəli atdan danışırdılar. Onların söhbətlərindən belə məlum oldu ki, bu at yarışlarda bir neçə dəfə qalib gəlib.
Deyirəm axı, atlar bizdən xeyli uzaqda olduğuna görə, onların böyüründə olan nömrələr güclə görünürdü.
Elə birinci dövrədə, 10 nömrəli, qızılı rəngli at qabağa çıxdı. Tamaşaçıların səs-küyündən qulaq tutulurdu. Hamı ayaq üstə durduğundan mən atları yaxşı görə bilmirdim. Onlar ancaq biz dayandığımız səmtə çatanda onları görmək olurdu. Həmin at yenə də qabaqda idi. Yay kimi açılıb, yığılırdı.
Ürəyimə danmışdı ki, bu Alagöz olacaq. Amma ondan uzaqda dayanmağım fikrimi təsdiqləməyə imkan vermirdi. Həyəcandan bədənimi soyuq tər basmışdı, ürəyim sıxılırdı. – Bircə, yaxına gedə bilsəydim, – düşündüm. Daha dözə bilmirdim, nə fikirləşdimsə, adamları yara-yara irəli cumdum. İndi demək olar ki, atlardan iyirmi-iyirmibeş metr aralıda idim. Arada təkcə dəmir barmaqlıqlar vardı. Bu dəfə tam əmin idim ki, atlar yaxınlaşanda hər şey aydın olacaq. Bədənim nanə yarpağı kimi əsirdi. Barmaqlarımı dartışdırmaqdan sümüklərim ağrıyırdı.
Atlar get-gedə yaxınlaşırdı. Ay Allah, budur da Alagözdür!.. Amma yelkəsi qısa idi, elə bil qırxmışdılar. Bəlkə quyruğundan tanıyaydım, axı Alagözün uzun quyruğu vardı.
Zalım uşağı, onu da yumurlayıb, düyünləmişdilər. Tərslikdən elə yerdə dayanmışdım ki, atın sağ tərəfi mənə yöndü. Nişan isə onun sol sarğısında idi. Atların sol tərəfi, ancaq dövrə vurub dönəndə yaxşı görünürdü. O da ki, xeyli uzaqda olurdu.
Yox, daha səbrim qalmamışdı. Odur ki, atlar yanımdan keçəndə bir kərə “Alagöz!!!” – deyə qışqırdım.
Qabaqdakı at qulaqlarını şəklədi, amma dayanmadı.. Bir azdan bilirsən nə baş verdi?! – Sənin mənə andın yoxdur, o brcə balamın canına and olsun, atlar dövrə vurub üzü mənə sarı gələndə, qabaqdakı at elə bərkdən kişnədi ki, lap başımın tükləri qalxdı. Onun Alagöz olduğuna şübhəm qalmamışdı. Odur ki, bir də ucadan “Alagöz!!!!- deyə bağırdım.
Qardaş, kaş orada yanımda olaydın, bunların hamısını öz gözlərinlə görəydin. Alagöz dik yerindəcə dayandı və mənə tərəf dönüb bərkdən kişnəməyə başladı. Allah, at nə edirdi, yerində fır-fıra kimi fırlanaraq yeri-göyü dağıdırdı.
Özümü dəmir barmaqlıqlara çatdırıb, dayandım. Artıq Alagözlə bir-birimizi yaxşı görürdük… Onunla burun-buruna dayanmışdıq…

(Ardı var…)

Müəllif: Meyxoş Abdullah

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru