GƏL

Gəl tutaq əl-ələ bir axşam çağı,
Dolaşsın barmaqlar qoy bir-birinə.
İki əl yaratsın sevgi ocağı,
Aləm heyran olsun eşqin sirrinə.

Qoy olsun o dünya hər ikimizin,
Bu yalan dünyaya bənzəməsin heç.
Bölüşək varlığın saf eşqimizin,
Mən səni götürüm, sən də məni seç.

Gəl tutaq əl-ələ, göylərə ucaq,
Səma yer üzündən daha təmizdir.
Ulduz bağışlayım sənə bir qucaq,
Düşünək, asiman sərvətimizdir.

Şəfəqdən don geyək gəl səhər-səhər,
Yuyunaq sabahlar çiçək şehiylə.
Durub qarşımızda güzgütək Xəzər,
Öpsün üzümüzdən ləpələriylə.

Süzək sona kimi ağ buludlarda,
Mələklər seyr edib həsəd aparsın.
Eşq əbədi olur göy səmalarda,
Bizim sevgimiz də burda yaransın.

Göylərdə qoyulur eşqin təməli,
Enib yer üzündə yaşayır sonra.
Eşq cismin deyil ki, o ruh əməli,
Ruhlarsa ölümdən yaşayır sonra.

Müəllif: TƏRANƏ MƏMMƏD

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru