EY ANA YURDUM

Ey dərbədər olmiş Vətənim, dərdə yar oldum,
Tapdım özümə arxa, dayaq səndə, var oldum,
Bu dərdlərinə tapmayaraq çarə, xar oldum,
İllərdi ki,düşmənlərinə lütfikar oldum,
Qarşında günahkar oğulam, ey ana yurdum,
Sərhədlərini salmalıyam sahmana yurdum.

Qəddar yağılar həmlə edir dörd yanımızdan,
Bir gün belə çıxmır bu bəla, dərd canımızdan,
Tarix utanır toz bürümüş ad-sanımızdan,
Torpaqlarımız kündələnib öz qanımızdan,
Bir gün öcünü almalıyam, – qan-qana! Yurdum!
Sərhədlərini salmalıyam sahmana yurdum.

Məğlublara yoxdur nə bəhanə, nə bəraət,
Torpaqlarının hər qarışı dürlü bəkarət,
Bizdən təpər istər bizə qalmış bu əmanət,
Cəngdir xilasın, yoxdu buna başqa zəmanət,
Qoymam olasan hər yetənə astana yurdum,
Sərhədlərini salmalıyam sahmana yurdum.

Qeyrətli oğullarla müzəffər olacaqsan,
Hər fərdin ilə bir igid əsgər olacaqsan,
Aləmdə yenə nurlu, münəvvər olacaqsan,
Öz əzmin ilə daima sərvər olacaqsan,
Şanın düşəcəkdir yenə də dastana, yurdum,
Sərhədlərini salmalıyam sahmana yurdum.

Müəllif: Müzəffər Məzahim

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru