İlahi eşqin qatları
(M.Abdullahın “Saçlarından asılan qız” kitabı haqqında)

Hər dəfə şeir kitabları haqqında yazanda fikirlərimdə daha sərbəst oluram.Çünki poeziya ruhuma daha yaxın olur.Ürəyimin sirlərini oxucularımla paylaşanda da şeirlər köməyimə çatır….
Ancaq ədəbiyyat təkcə şeirdən ibarət deyil axı.Bu düşüncələrlə özümlə söhbət edə-edə yazıçı Meyxoş Abdullah gözlərimin önünə gəlir.Onu da qeyd edim ki,Meyxoş müəllim mənə məsafə və məkan baxımından daha yaxın ədəbi mühitdə yazıb-yaradır.Mərkəzdən bir qədər aralıda yaşasa da,son iyirmi ilin ədəb dünyasında imzası görünməkdə,Cənub ədəbi mühitini yazdığı əsərləri ilə ləyaqətlə təmsil etməkdədir.Onun əsərlərindəki incəlik,dərin lirizm,poetik fiqurlar,dilindəki səmimilik oxucu qəlbini ehtizaza gətirir.
Qeyd etdiyim kimi,yazıçı əsərləri ilə özünə geniş auditoriya qazanmışdır.Oxucu auditoriyası yazıçının bir-birindən fərqli,sanballı əsərləri ilə tanışdır…
Bu yazıda yazıçı Meyxoş Abdullahın “Saçlarından asılan qız” hekayəsi ilə oxucular arasında ədəbi körpü yaratmaq fikrindəyəm.Əsər yaxın vaxtlarda tərcüməçi-publisist Giya Paçxataşvilinin ön sözü və tərcüməsi ilə Azərbaycan və rus dillərində çap olunmuşdur.
“Saçlarından asılan qız” sevgi əsəri olmaqla həyata inamın,bağlılığın bədii ifadəsi,təcəssümüdür…
Sevgi insan qəlbində mübhəm duyğu olduğu qədər saf münasibətlərin ocaq yeridir.Həmin ocaq insan övladını isindirir,isti yapıncısına bürüyür,soyuqlardan,tufanlardan,nifrətlərdən qoruyur.Çünki o,İlahi duyğudu,amaldı.Çünki Tanrısal sevgi dünyanı da hər bəladan qurtarmağa qadirdir.Eşq bəşəri duyğudur.Onun anlamı dünya xalqlarının hamısı üçün eynidir.İrqindən asılı olmayaraq,sevginin dili,dini birdir.Əsl sevgi nə var,nə şöhrət tanıyır…
Meyxoş Abdullahın “Saçlarından asılan qız” əsəri də məhz bu motivlər üzərində qurulmuş sevgi əsəridir “Saçlarından asılan qız” uzaq illərin İlahi sevgisini yaxına gətirən sənət əsəridir. Onun səhifələrində 12 yaşlı qızın ürək çırpıntılarını eşidir,sevginin insanla yaşıd olduğuna inanır,insanla bir doğulduğunu görmək olur.
Nağılvarı girişlə başlanan hekayədə hadisə davam etdikcə əsərin qəhrəmanı Xatirənin taleyi oxucuda hadisəni sona qədər izləməyə maraq yaradır.Yazıçı burada yuxu pryomundan məharətlə istifadə edir.Burada Ağ divin insanlaşan obrazı yaradılır.Belə hissələr hekayəni daha da maraqlı edir.
Hekayədə maraqlı məqamlardan biri də Ağ divin paslı mıxı ürəyinə sancıb Xatirəni saçlarından həmin mıxdan asması,qolları ilə belini quçaqlayıb sinəsinə sıxmasıdır.Buradan görünür ki,aşiq qəlbindəki yaranı həmin silahla öldürüb yeni həyata başlamaq istəyir.O,sevdiyi qadını ürəyinə pərçimləməklə sevgiyə yeni həyat gətirir.
Hekayə maraqlı sonluqla bitir.

Anası yanağından süzülən göz yaşlarını silə-silə:
-Sənin taleyin yuxun kimi olacaq,qızım…Sən yuxunda gələcək taleyini görmüsən…
-Bəs o ağ div..? O hardan gələcək qismətimə?
-Sən böyü,qızım,o ağ div özü gəlib səni tapacaq…

Hekayədə hadisələrin yuxuda görüldüyü təsvir edilsə də,kökü reallığa söykənir
“Saçlarından asılan qız” iki aşiqin sevgi dayanacağı və xoşbəxtliyinin sevinclə başlanan yoludur…
Bu yolu sevgi ilə qələmə alan Meyxoş müəllimə uğurlar diləyi ilə söhbətin sonuna çatıram…                                                                   

Müəllif: Qədiməli Əhməd

Mənbə: Giya Paçxataşvili

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru