EŞQ ÜMMANIM


(Ömür-gün yoldaşımın yubileyinə şeir hədiyyəm.)

Həyatın qaranlıq, soyuq anında,
Ömrümə günəş tək doğulanımsan.
Ruhumun sərgərdan bir zamanında,
Seçdiyi məkanı-cismim, canımsan.

Mənim gül ətirli göy çəmənimsən,
Süsənim, nərgizim, yasəmənimsən,
Ömür bağçasında eşq gülşənimsən,
Könül sarayımda öz sultanımsan.

Sevgiyə köklənmiş ruh bəstəsiyəm,
Nəğmə çələngiyəm, söz dəstəsiyəm,
Ürək bimarıyam, yar xəstəsiyəm,
Dərdimə çarəsən, tək dərmanımsan.

Ey mənim işıqlı, nurlu cahanım,
Hissimi, duyğumu mən necə danım?
Gündüzlər günəşim, göy asimanım,
Gecələr ulduzlu kəhkəşanımsan.

Başımda dolanır sevgi havası,
Yalnız məhəbbətdir ruhun dəvası,
Elçinəm, olmuşam eşqin qəvvası,
Gözəlim, sən mənim eşq ümmanımsan.

Müəllif: Elçin Məlhəmli (Bagirov)

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru