Alagöz
(povest)

V və son hissə
(Əziz oxucu, əgər sənə görə dünyada həyatdan qiymətli heç nə
yoxdursa, onda bu əsər sənin üçün yazılmayıb…)

… Uzun yelkəsi, topuğuna çatan quyruğu, ceyrana bənzər duruşu, qulaqlarını şəkləyib baxması, hər şey, hər şey əvvəllər olduğu kimiydi.
Mən ona yaxınlaşıb dizlərini qucaqladım və yerə çökdüm. Bilirsən, nə baş verdi? At da dizləri üstə çöküb, başını çiynimə qoydu və elə qırıq-qırıq kişnədi ki, elə bil son nəgəsiydi.
Mən onun boynunu qucaqlayıb, gözlərindən öpdüm. Onu iysilədim. İysilədim ki, o məndən sonra vətəndən çıxmışdı, Kəlbəcərimin havasından, ətrindən bəlkə onda qalaydı, düşündüm.
Alagöz də başını qoyun-qoltuğuma, üz-gözümə sürtüb fınxırırdı. Ayağa qalxdım, Alagöz də dikəldi. Mən onun boyun-boğazını, yal-yalmanını tumarladım. Gözlərindən elə yaş axırdı ki…
Alagözlə bu cür görüşümüz, ətrafdakılara da təsir etmişdi. Arxadan hıçqırıq səsi eşitdim. Geri dönəndə gördüm ki, ağlayan erməninin cavan arvadıdır. Dostum Ağazadə isə dəsmalla gözlərini qapayaraq üzünü yana çevirmişdi. Çiyinlərinin titrəməsindən hiss etmək olurdu ki, o özündə deyil.
Aşot isə orada yox idi, çıxıb getmişdi.
Bərk həyəcanlanmışdım, qızdırmalı adamlar kimi bədənim od tutub yanırdı. Özümdə deyildim, ağlını itirmişlər kimi, atın yan-yörəsində hərlənib, öz-özümə nə isə mızıldanırdım. Məni qınama, qardaş, elə bil itirdiklərimin hamıısını tapmışdım. O, qərib yerdə Alagöz mənim üçün hər şey idi.
Ağazadə vəziyyətimin ağır olduğunu görüb, tövləyə keçdi. Atın yalmanına sığal çəkib sonra ehmalca qolumdan yapışaraq: – daha bəsdir, gedək! – dedi.
Yenidən Alagözün boynuna sarıldım. O başını çiynimə qoydu, ayrılacağımızı hiss etmişdi, elə bil. Yavaş-yavaş geri dönüb qapıya tərəf getdim. At ondan ayrıldığımı görüb elə dartındı, elə kişnədi ki, dedim bəs, tövləni xaraba qoyacaqdır. Bir də dönüb ona baxdım. İlahi, onun gözləri nə boyda olmuşdu? Elə bil, bu dəqiqə hədəqəsindən çıxıb düşəcəkdi. Burun pərləri də dəmirçi körüyü kimi qalxıb, enirdi.
Çölə çıxanda ağlamağımı erməni görməsin deyə, özümü zorla saxlamışdım. Nə qədər çalışsam da, bacarmırdım, aradabir hıçqırıq boğurdu məni.
Alagöz bir an da olsa dayanmadan kişnəyirdi. Bizdən bir az aralıda, bayaqkı erməni qadını ərinin qollarından tutaraq ona nə isə deyirdi. Boynunu çiyninə qoyub, göz yaşları axıtmağından hiss etmək olurdu ki, ərindən nə isə xahiş edir. Yalvardıqca da hönkürürdü. Əri isə onu kobudcasına kənara itələyib qovdu.
Qadın düz onun gözlərinin içinə baxdı, sonra əlini atıb stolun üstündən bir stəkan götürərək yerə çırpdı və əri tərəfə tüpürərək ağlaya-ağlaya evə qaçdı.
Biz küçəyə çıxdıq. Elə bil erməninin o dəbdəbəli həyət-bacasında bir qırıq da olsun nəfəs almamışdım. Küçəyə çıxanda dərindən nəfəs almağa başladım. Azacıq da olsa rahatlandım. Rahatlanmağım Alagözü gördüyümə görə idi, onsuz da qəlbimdən qara qanlar axırdı.
Alagözün səsi hələ də gəlirdi. Yazıq heyvan nələr çəkirdi mən bəxtiqaranın əlindən.
Maşına oturub evə gəldik. Ağazadədən xahiş etdim ki, məni yola salsın, gedirəm. O, çox yapışdı ki, bir-iki gün də qalım. Amma razı olmadım. Bildirdim ki, mənim burada qalmağımın o yazıq heyvana da ziyanı var. Atda hissiyyat güclüdür, axı. Buradan nə qədər tez uzaqlaşsam, ona da rahat olardı.
İranlı dostum daha bir söz deməyib, məni keçid məntəqəsinə gətirdi. Ayrılanda ona dil-ağız elədim. Xahiş elədim ki, bu neçə gündə çəkdiyi əziyyətlərə görə məni bağışlasın və zəhmətini mənə halal etsin. Bir də dedim ki, narahat olmasın çalışıb onun borcunu qaytaracağıq.
O mənə təskinlik verib dedi ki, belə şeylər üçün narahat olmayım. Nə etmişəmsə halal xoşun olsun, – dedi.
Ağazadə ilə ayrılanda boynumu qucaqlayıb: – yenə də gücümü vuracağam, bəlkə bir şey edə bildim, – dedi.
– Nahaq yerə özünə əziyyət vermə, onlar xoşluqla bir şey qaytaran deyillər. – dedim.
Bakıya hava qaralanda çatdım. Uşaqlarla görüşüb, öpüşdüm. Yaman qəribsəmişdik bir-birimüzçün. Bir az rahatlanandan sonra olub-keçənləri uşaqlarıma danışdım.
Bir müddət nə oğlum, nə də gəlinim dinib, danışmadılar. Elə beləcə, lal-dinməz oturub bir-birimizin üzünə baxdıq. Sonra oğlum gəlib divanda, yanımda oturdu və qolunu boynuma salıb dedi:
– Atacan, bu illər ərzində gör nə qədər əziyyət çəkdin. Daha olan olub, keçən keçibdir. Bundan sonra darıxmağın nə mənası var. Xahiş edirəm, olanları unudasan. Qaldı pul məsələsinə, narahat olma, yavaş-yavaş ödəyərik o kişinin pulunu. O da səndən ötrü çox əziyyət çəkibdir.
Bir söz deməyib, başımın işarəsiylə oğlumun sözlərini təsdiqlədim. Əslinə baxsaydın, deməyə də sözüm yox idi. Nə deyəcəkdim ki, oğlum düz deyirdi də…
Elə səhəri gün oğlum İrana, Ağazadənin ünvanına bir qədər pul yola saldı.
Bu hadisənin üstündən bir həftəyə yaxın vaxt gəlib keçdi. Axşam evdə oturub şam yeməyi yeyirdik. Birdən telefon zəng çaldı. Oğlum dəstəyi götürəndə məlum oldu ki, zəng vuran İrandandır. Bunu bilən kimi dik yerimdən qalxdım. Mənim belə qalxmağım evdəkiləri də diksindirdi.
Telefonun dəstəyini qulağıma tutanda Ağazadənin səsini eşitdim. Çox sevindim. Bir-birimizin kef-əhvalını soruşandan sonra, bildirdi ki, göndərdiyiniz əmanəti alıb. Narazılığını bildirdi, dedi ki, nə xəbərdi, məgər qaçaqaçdı, nə vaxt olsaydı göndərərdiniz də…
Ürəyimdə dedim ki, ay sağolmuş, sizin tərəfdə bilmirəm, biz tərəfdə, doğurdan da, qaşaqaçdır.
Sonra Ağazadə bir az susdu. Handan-hana bildirdi ki, Həsən kişi, sənin atın Alagöz dünən öldü…
Bu sözləri eşidəndə gözlərim qaraldı, Otaqda heç kəsi görmədim. Kor adamlar kimi əllərim havadan asıla qaldı. Yıxılmayım deyə divardan yapışdım. Çətin nəfəs alırdım. Düşündüm ki, bu dəqiqə ürəyim partlayacaqdır.
Oğlum qolumdan yapışıb divanda əyləşdirdi. Elə başım dolmuşdu ki, yazıq Ağazadəylə heç xudahafizləşə də bilmədim. Demək, Alagöz də bu dərdə tablaşa bilmədi, çərləyib öldü. Demək o, sahibiylə ayrılığa dözəmmədi. Mənsə o boyda yurd-yuvamı, var-dövlətimi, həyat yoldaşımı, qohum-əqrabamı itirdim, amma ölə bilmədim. O şüursuz heyvan, mənsə şüurlu bir insan…
Beləcə, həftələr, aylar ötdü. Oğluma yalvardım ki, mənə rayonların birind bir yer tapsın, daha Bakıda qala bilmirəm. Oğlumla, gəlinim çox dedilər, yalvardılar ki, belə etməyim. Amma mən heç kəsin sözünü eşitmədim. Çarəsiz qalıb axırda razı oldular.. İstəmirdim ki, bu vərəmli canımla onların da ömürlərini çürüdəm. Onlar hələ gənc idilər, həyatda nə görmüşdülər ki? Oğlum da sözümdən çıxmayıb, dediyim kimi məni sizin rayona gətirdi.
– Hə, qardaş, mən bədbəxt oğlunun başına gələn müsibət budur. Yazan olsa, bir kitablıqdır. İndi gəzib, dolanıram, amma nə faydası. Qabaqlar deyirdilər ki, kişini kişi eyləyən üç şeydir: – arvad, papaq, birdə ki, at. Arvadı o yurdda qoydum, torpağa da tapşıra bilmədim ki, heç olmasa ermənilər onun meyidini təhqir etməsinlər Papağıda qaçhaqaçda salıb itirdim. Atı da ki verdim erməninin əlinə. Ona görə də, Allah bunların cəzasını bu dünyada mənə çəkdirir. İnan ki, o dünyada mənə cəhənnəm odu yoxdur Mən orada çəkdiklərimi elə bu dünyada çəkirəm. Bir gözləməm var, onu gözləyirəm. Dörd-beş aydan sonra, inşallah, arzuma çataram. Elə ona görə də bu dayçanı almışam. Alagözümün dayçalığına çox oxşayır. Gözlərimdən kənara buraxmıram ki, qoy, gözümün qabağında olsun, bağrım çatlamasın, bəlkə o gözlədiyim gün gəlib çata.
– O hansı gündür, – dedim, – Həsən kişi? Bəlkə, Kəlbəcərin azad olunduğu günü gözləyirsən? Yəni, Kəlbəcər beş-altı aydan sonra azad olunacaqdır?
– Yox, qardaş, onu demirəm. O günü mən görməyəcəyəm. Nə qədər ki, kəlbəcərlilər, yurd-yuvalarından didərgin düşən bütün qaçqın, köçkünlər, dizəcən çırmalanıb, ayaqqablarını əllərinə götürərək gözləyirlər ki, torpaqları kimsə alsın, onlar da ayaqyalın, başıaçıq ora qaçsınlar, o gün olmayacaq. Guya, bunu nəzir boyun alıblar. Başqaları vətən yolunda, torpaq yolunda döyüşüb, şəhid olurlar, bizsə ayaqqablarımızı çıxarıb götürmüşük əlimizə… Yox, qardaş, belə getsə bu xamır hələ çox su aparacaq. Mən başqa günü gözləyirəm, əgər maraqlansan biləcəksən.
Hava qaralmışdı. Payızın soyuq nəfəsi adamın boyun-boğazına soxularaq bədənini üşüdürdü. Bayaqdan bəri oturmaqdan qıç-qolumuz da keyləşmişdi. Ayağa qalxdıq. Həsən kişi dayçanın çidarını açdı, onun belinə bir-iki dəfə tumar çəkib dərindən köks ötürdü. Sonra isə mənimlə xudahafizləyib, mal-qaranı hoyladı…

***
Artıq yazın ikinci ayı da girmişdi. Hər tərəf gül-çiçəyə bürünmüşdü. Havalar da yavaş-yavaş istiləşirdi.
Axşamüstüydü. Həsən kişini gördüm. Çoxdan idi ki, görüşmürdük. Yaman dəyişmişdi, bu dörd-beş ayın ərzində xeyli qocalmışdı. Artıq dayçası da böyüyüb yekə at olmuşdu. Bir az ordan-burdan söhbət etdik. Bulanıq gözlərinin dərinliyində güclə seziləcək bir işartı görünürdü. Sanki qatı dumanda görünən günəş şüasının zərrəsi idi. Bilmək olmurdu, bu işartı sönməyə doğrudur, yoxsa…
Həsən kişi sözlü adama oxşayırdı. Hiss etdim ki, ağzını dodurub mənə nə isə demək istəyirdi, amma ürək eləmirdi.
Elə mən də istədim ondan soruşam ki, o dediyin gün nə oldu, Həsən kişi, gəlib çıxmadımı? Amma onun qəmli, kədərli baxışlarından ehtiyat etdim. Qorxdum ki, onun yaralarının qaysağını qopardaram, sonra pis olar. Odur ki, heç nə demədim. Onunla xudahafizləşib ayrıldım.
Həsən kişiylə görüşdüyüm vaxtdan bir müddət də gəlib keçdi. İşdən evə qayıdırdım, gördüm ki, on iki-on üç yaşlarında bir oğlan uşağı at belində mal-qara otarır. Yaxınlaşanda fikir verib gördüm ki, oğlanın mindiyi at Həsən kişinin atıdır.
Salam verib, Həsən kişini soruşdum. Uşaq pencəyinin qoluyla burnunu silə-silə: – əmi, o öldü e.., – dedi.
– Necə yəni öldü? Nə vaxt öldü?! – deyə təəccüblə soruşdum.
Aprel ayının 2 – də, gecəyarısı özünü tövlədən asıb öldürüb, – uşaq dedi. Bu atı da hələ sağlığında mənə verəcəyini demişdi. Axı, mən ona kömək edirdim. Atın da adı Alagözdü e…
Oğlan bu sözləri deyib, atın yüyənini dartdı. At yerindən götürüldü.
Yerimdəcə donub qaldım. Fikirləşdim ki, görəsən, Həsən kişi niyə görə özünü aprelin ikisində öldürüb? Məgər onun gözlədiyi gün o gün idi? Ayın ikisində, axı nə olmuşdu?
Nə qədər fikrimi toplasam da, bir şey anlamadım. – Yox, o gün nə isə olmalıydı, axı. Bu unutqanlıq nə bəladı keçib bizim boğazımıza, – deyə, öz-özümü danladım.
Birdən, həmin uşaq Alagözün yüyənini dartıb, atı geri döndərdi və uzaqdan səsləndi:
– Əmi, bilirsən Həsən kişi özünü niyə aprelin 2-də öldürüb?! O gün, axı, Kəlbəcərin işğal olunduğu gündür!!!..
2000-2001- ci illər…

SON.

Müəllif: Meyxoş Abdullah

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru