ƏRİTMƏZ Kİ, BAXIŞIN

Bağlanıbdır, sənə gedən yol, cığır,
Ayrılığın məni yandırıb-yaxır,
Fərqi yoxdur, ha harayla, ha çağır,
Atəşimi soyutmaz ki, barışın.

Sabahım yox, neyləyirəm dünəni,
Kimsə duymaz, mən tək bəxti dönəni,
Eşq çırağı sübhdən öncə sönəni,
Yüz dua et, isitməz ki, alqışın.

Kim qızdırar, haqdan sönən qəlbimi,
Kim calayar, eşqdən sınan qəlbimi,
Bulud kimi içdən dolan qəlbimi,
Heç ovutmaz, kiritməz göz yağışın.

Bivəfasan, verdin mənə gözdağı,
Vurdun elə dağ üstündən yüz dağı,
Daşa dönüb, qəlbim olub buz dağı,
Günəş olsa, əritməz ki, baxışın.

Eşq mələyim ünvanımı çalınca,
Mehr-ülfəti təkcə səndən alınca,
Ruh kimidir, Amal sənsiz qalınca,
Ürəyimi ovutmaz ki, çağrışın.
27. 11. 2019.

Müəllif: SONA AMAL

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru