NİYƏ BELƏYİK

“Yanıq Kərəmi”yə süzən soydaşım,
Rüşvətin içində üzən soydaşım,
Gerçəyi yalana düzən soydaşım,
Gerçəkdən daha çox yalan, kələyik,
Baş açmaq çətindi, niyə beləyik.

Milli dəyərlərə çəp — çəp baxırıq,
Özümüzçün canı oda yaxırıq
Vicdanın gözünə barmaq taxırıq,
Şəxsi istəklərə quluq, köləyik,
Baş açmaq çətindi, niyə beləyik.

Bomba səsləri də bizi oyatmır,
Dərd uzanır, qeyrətimiz boy atmır,
Ruhu oyaq dədələrin, ta yatmır.
Kim deyir ki, günahsızıq, mələyik,
Baş açmaq çətindi, niyə beləyik.

Toyumuz, yasımız oxşamır ona,
Çoxdan meyilliyik əcnəbi dona,
Bizdən üz dondərib qırqovul, sona.
Barmağa həsrətli paslı tətiyik,
Baş açmaq çətindi, niyə beləyik.

Torpaq gedir, mənlik itir, dinmirik,
Nahaqdan çəkinib, haqqa dönmürük,
Vətən param-parça, heç isinmirik.
Ağlımız oynayıb, bəlkə dəliyik,
Baş açmaq çətindi, niyə beləyik.

Qorxuram bu miskin, yazıq durumdan,
Sönmüş, külə oxşar soyuq qorumdan,
Birliyim yox, yarımıram xorumdan.
Zibili seçməyən xəlbir, ələyik,
Baş açmaq çətindi, niyə beləyik.

Müəllif: MAYIL DOSTU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru