BİGANƏ İNSAN

Qəlbin daşa dönüb, hissin dəmirdi,
İncitmir göz yaşı, qəm-kədər səni.
Nədən vicdanını şeytan gəmirdi,
Kim amansız etdi, bu qədər səni?

Özünü düşündün, belə yaşadın,
Xeyrə, şərə yaramadın, yad oldun.
Bir heyvanla qoşa çəkildi adın,
Adın özgələşdi, başqa ad aldın.

Ürəyin döyünür, başın üstündə,
Fəqət, duyğun iflic, ruhun ölüdü.
Adamlıq boğulub qara tüstündə,
Vücudun yanıbdı, qalan külüdü.

Hara getdi vicdan boyda kişilər,
Dizlərimə döyür, təsirlənirəm.
Halıma bax, cılızlaşan dünyada,
Kişilik axtarır, ər sülənirəm.

Yalquzaq xislətli biganə insan,
Kiminsə sevincin, qəmin bölmürsən.
Dünya dağılsa da, heç anlamazsan,
Sən diri deyilsən, çoxdan ölmüsən.

Müəllif: MAYIL DOSTU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru