AİDA ADIGÖZƏL “ÜÇ YARPAQ”-DA

Təsəlli

Sıxma ürəyini gözünə qurban,
mən nələr itirdim, sən nələr tapdın ?!
Həyat da bu imiş ..gözəl deyilən
bacarırsan yaşa, bəxtdən nə qapdın.

Olar çiçək açar ömrün payızı ,
olar çiçək bitməz təpə , dağında .
Payızda yağışa həsrət qalarsan ,
bircə toxum bitməz yazda bağında.

Olar sevinərsən xoşbəxtəm deyə ,
olar dərdlənərsən bu nə bəxt , yazı ?!
Görərsən əlində olsa da qələm ,
sənlik deyil imiş bu yazı , pozu .

Bircə ürəyim var əlimdə qalan ,
o da paramparça , sınıb tökülmüş .
Demirəm tikiş at ,demirəm sağalt ,
bir azca təsəlli , evi tikilmiş …

Sıxma ürəyini gözünə qurban ,
mən nələr itirdim ,sən nələr tapdın ?!
Həyat də bu imiş …gözəl deyilən ,
bacarırsan yaşa , bəxtdən nə qapdın !
03.12.2014

<<<AİDA ADIGÖZƏL>>>

Özündən qaçış

Bir gün yıxılarsan ürəyin üstə ,
acı etirafdan :- “sevmirəm səni”…
o gündən taparsan dərdi, kədəri,
canından çıxmayan qəmi qüssəni .

anlarsan…
Sevmək də dəhşətmiş , sevilməmək də !

Sınıb dağılarsan qaranlıqlara ,
hər qırıq bağrında min yara açar ,
inamın yıxılar , güvənin itər ,
daha şübhələrin min yerə qaçar .

anlarsan…
Unudulmaq dəhşətmiş , unutmamaq da !

Özünü aldadıb inandırmağa
tapıb yapışarsan saman çöpündən ,
ömrün uzadarsan xəyallarının ,
çıxmaq istəməzsən yalan gölündən .

anlarsan …
Getmək də dəhşətmiş , gedəmməmək də !

Uduzmaq ağırmış ,həzm etmək çətin ,
ölmək istəyərsən dəyərin üçün ,
bir gün anlayarsan demə dəyməzmiş ,
səni istəməyən birisi üçün .

anlarsan…
Ölmək də dəhşətmiş, öləmməmək də !
05.12.2019

<<<AİDA ADIGÖZƏL>>>

Tanış hekayələr

Sənlə rastlaşanda payız gəlmişdi ,
sənin saçlarına nə qədər qırov
mənim gözlərimə sazaq düşmüşdü .
Biz üşüyürdük !

İkimiz ağ saçlı , gözü eynəkli ,
soyuqlar düşəndə canı ağrıyan ,
ümidsiz sevgidən qəlbi göynəkli…
Biz tanış idik !

Bəlkə şeir idi bizi bağlayan ,
bəlkə misraların tilsimindəydik ,
bəlkə sözlər idi bərk əfsunlayan ?
Biz sözə aşiqdik !

İndi qarşımızda bir fincan tünd çay ,
gözümüz yumulu barmaqlar qatdaq ,
görüş günümüzü hesabla say, say …
Biz darıxırdıq !

Qarışmış bu ara bir az duyğular ,
pərdə arxasında qara kölgələr ,
ortalıq qarışıq , artıb qayğılar
Biz uzaqlaşırdıq !
05.12..2019

Müəllif: AİDA ADIGÖZƏL

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru