RÖVŞƏN ABDULLAOĞLU ORNE HARBOUR, ANTARCTİCA ADLI YERDƏDİR.

 Glendale, Amerika Birləşmiş Ştatları · 

Orne buxtası, nəfəskəsən gözəllik.

Hava çox küləklidir, şaxtalıdır, okean da dalğalıdır. Gəmimiz buxtaya girdi. Buxta kiçik körfəz deməkdir, yəni burada okeanın bir parçası quruya daxil olub, gümüşü sular üç tərəfdən dümağ dağlar, təpəliklərlə çevrələnib.

Həmişəki kimi yenə bələdçilər motorlu qayıqlarla sahili müşahidə etməyə getdilər. Çox keçmədən xoş xəbər aldıq, havanın çox soyuq olmasına baxmayaraq, sahilə yan ala biləcəkdik.

Qruplarla sahilə endik, buradan da dağın başına doğru çıxmalı idik. Bizdən öncə sahili təhqiq etmiş bələdçilər hərəkət trayektoriyasını müəyyənləşdirmiş, keçid yerlərinə qırmızı bayraqlar sancmışdılar. Hər bir halda, əksər ekspedisiya üzvləri üçün zirvəyə dırmanmaq heç də asan olmadı. Getdikcə hava pisləşirdi, külək adamı yıxır, duman görüntünü bir qədər də məhdudlaşdırırdı. Bütün bunlara sinə gərib bir müddət sonra zirvəyə yetişdik.

Dəyərmiş. Gördüyümüz mənzərə bütün təsvirlərin fövqündə idi, möhtəşəm bir gözəllik. Bütün buxta və bütün Antarktida ovcumuzun içində idi. Real aləmdə olduğumuza bizi sağa sola yırğalanaraq hərəkət edən pinqvin sürüləri inandırdılar. Sürü deyirəm sizə, özü də dağın başında. Təəccüblü idi, çünki biz adətən onlara adaların suya yaxın aşağı hissələrində rast gəlirik, orada qida tapmaq da daha asandır. Bu dəfə isə tam əksini görürdük, dağın başı pinqvinlərlə dolu idi. O özünəməxsus yerişləri ilə bura necə dırmanıblar, maraqlıdır. Pinqvinlər təpəliklərin üstündə o yan-bu yana gedir, bəzən də təpədən aşağı sürüşürdülər.

Bir neçə saat bu gözəlliyin qoynunda keçirdik. Sonra qayıtmaq vaxtı olduğunu dedilər. Aşağı düşmək çıxmaqdan çox çətin idi. Yeriyərək çıxmışdıq, ancaq indi külək ayaq üstə durmağa imkan vermirdi. Yamac çox dik və sürüşkən idi, aşağı yuvarlanmaq riski çox böyük olduğundan hamımız məcbur kürəyi üstə sürüşərək enməli olduq.

İndi artıq gəmidəyik. Bu gün Antarktida səfərinin, bəlkə də bütün səyahətlərimin ən unudulmaz epizodlarından birini yaşadım.


RÖVŞƏN ABDULLAOĞLU SOUTH POLE, ANTARCTİCA ADLI YERDƏDİR.
 AMUNDSEN-SCOTT SOUTH POLE STATİON, ANTARKTİDA · 

Buzlaqlar, aysberqlər – bu təbiət möcüzəsini öz gözümüzlə görmək fərqli duyğudur. Ara vermədən yağan qar bərkiyərək torpağın üzərində bəzən qalınlığı bir kilometrdən çox olan buz təbəqəsinə çevrilir.

Aysberqlər də bu buz təbəqəsindən qopmuş parçalardır. Şimal qütbündə aysberqlərin əksəriyyəti Qrenlandiyada, cənubda isə Antarktidada əmələ gəlir. Dünyada ən böyük aysberq məhz Antarktidadadır. Sahəsinin 11 min kv.km olduğu deyilir, təsəvvür edin ki, Bakıdan beş dəfə böyükdür.

Materikə yaxınlaşdıqca aysberqlərin, buz lövhələrinin sayı da çoxalır. Gəmimizin sürəti də azalır, kapitan bu buz qayalarını əvvəlcədən görür və buna uyğun istiqamət götürür. Buz lövhələrinin ölçüsü böyük olduqca yarada biləcəkləri təhlükə də artır. Bir də hərəkət etdiklərini düşündükdə təhlükəni daha real təsəvvür etmək olur.

Üstəlik, aysberqin çox kiçik hissəsi görünür, təxminən 90 %-i suyun altında olur. Hündürlükləri də fərqlidir, buralarda 30-40 metrə çatan aysberqlər var. Yayda onların sudan çöldə qalmış hissələri qismən əriyir, lakin yay ayları elə də uzun sürmədiyindən tezliklə ərimiş bu hissə yenisi ilə əvəzlənir və beləliklə də buz lövhələri daha da böyüyür. İndi bu prosesin illərcə davam etdiyini düşünün. Bir də bu nəhəng soyuq qayalara lap yaxınlaşanda, gölgəsi üzərinə düşəndə soyuq havayla birgə içinə dolan möhtəşəmlik duyğusu var…

RÖVŞƏN ABDULLAOĞLU ORNE HARBOUR, ANTARCTİCA ADLI YERDƏDİR.

 Glendale, Amerika Birləşmiş Ştatları · 

Aysberqlər nə rəng olur, sizcə? Ağ, buz mavisi… Doğrudur. Amma bir də göy, çəhrayı, hətta qara aysberqlər varmış.

Bəs bu fərqliliklərə səbəb nədir? Aysberq hərəkət edərkən onda çatlar əmələ gəlir, bu çatlara dolan okean suyu donanda artıq ağ yox, göyümsov rəngdə olur. Həqiqətən də kənardan aysberqə baxanda ağ-göy zolaqlı olduğunu görürsən. İldən ilə aysberqin səthi bir az boşalıb yenidən donunca tərkibindəki hava qabarcıqları çıxır və aysberqin rəngi tündləşir, beləliklə, dümağ buz parçalarının hələ çox cavan olduğunu ayırd edə bilirik.
Bəzən gün işığında açıq çəhrayı rəngə də çalırlar, möhtəşəm görüntüdür.

Qara aysberqlərə hələ ki rast gəlməmişik. Aysberqin alt hissəsinin rəngi qopduğu torpaqdan, yaxud da üzərkən okeanın dibindən götürdüyü qumdan, süxurlardan tündləşir. Yayda aysberq qismən əriyəndə bəzən çevrilir və qaralmış hissə səthə çıxır, bu çevrilmə təkrarlananda aysberqdə tünd rəngli laylar əmələ gəlir, uzaqdan baxanda bütünlükdə rəngi dəyişmiş olur. Qabaqlar dənizçilər qara aysberqlərin uğursuzluq gətirdiyinə inanarmışlar. Hardasa haqlıdırlar, çünki gecə qara, aysberq də qara olunca, onu vaxtında görmək çətinləşir və qəza təhlükəsi artır. Deyilənə görə, məşhur “Titanik” gəmisi də məhz qara aysberqlə toqquşaraq okeanda qərq olub.

“Titanik” demişkən, gəmidəki ilk təlimlərdə bizə izah etdilər ki, gəmi qəzaları zamanı suya düşmüş adam suda maksimum bir neçə dəqiqə qala bilir və çox keçmədən donur. EGE Hospitalda müayinə zamanı dostumuz Xayyam həkimlə bu barədə danışmışdıq, odur ki, mümkün fəsadları təsəvvür edə bilirəm: ani qıcolma, ürək tutması. Hər şeyə rəğmən, Cənub okeanının buzlu sularına baş vurmaq təklifi o qədər cazibdir ki. Neçə gündür, uyğun hava şəraitinin yaranmasını gözləyirəm, əlbəttə, bu yerlərdə uyğun hava şəraiti bizim bildiyimizdən fərqlənir.


Uğurlu yollar!!! Səfər boyu məlumat verəcəyik.

Mənbə: Rövşən Abdullaoğlu / Rovshan Abdullaoglu

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru