Rövşən Abdullaoğlu:

“Antarktida səyahəti insana daha bir sahədə öz sərhədlərini aşmaq fürsəti verir: arzu etsən, buzlu okean sularına baş vura bilərsən.

110 nəfərlik komandamızdan cəmi on nəfər suya girməyə razılıq verdi. Təlim zamanı baş verə biləcək fəsadları izah etmişdilər: soyuqdan insanda qəfil qıcolma, yaxud ürək tutması baş verə bilər. Bir sözlə, hazırlıqsız adam qəfildən buzlu suya yıxılsa, sadəcə ölə bilər. Ancaq həkimlər mənə səhhətimin bununçün uyğun olduğunu demişdilər.

Hər kəsin belindən kəndirlə bağladılar ki, ehtiyac olsa, dərhal sudan çıxara bilsinlər. Qayıqda iki nəfər xilasedici də kömək üçün hazır idi. Suyun neçə dərəcə olduğunu dəqiq bilmirəm, ancaq gəmidə termometr havanın -4`C olduğunu göstərirdi.

İlk anda nə hiss etdim? Bədənin sənə tabe olmaqdan imtina edir. Buz kimi su bütün bədəninə sarmaşır və bütün əzələlərin qıc olur, yandığını, yoxsa donduğunu ayırd edə bilmirsən. Ürək şiddətlə döyünür, nəfəsalma çətinləşir. Çətinliklə də olsa, əllərimi tərpətməyi bacardım, bədənimdə hərəkət yarandı. İçimdə bir əminlik baş qaldırdı, sanki bir qədər də cəhd etsəm, artıq üzə bilərmişəm.

Bəzən deyirlər ki, filan iş mənim arzumdur, məqsədimdir. Yox, belə bir düşüncəm yox idi, mən sadəcə fürsət düşmüşkən öz sərhədlərimi yoxlamaq, bu təcrübəni da yaşamaq istədim. Çox fərqli bir hiss idi, sözlə tamlıqla ifadəsi də çətindir. Sudan çıxdıqdan sonra qəribə bir gümrahlıq yaranır. Yenidən baş vurmaq istədim, bu dəfə icazə vermədilər. Çox maraqlı, unudulmaz təcrübə idi.”

Rövşən Abdullaoğlu South Pole, Antarctica adlı yerdədir.

 Amundsen-Scott South Pole Station, Antarktida · 

Okeanda çimənlərə özəl barbekü qonaqlığı

Özü də açıq havada. Zarafat edirəm, sırf bizə özəl deyildi, hər kəs iştirak edirdi.

Aşpazımız Cənubi Afrika Respublikasındandır. Onunla elə ilk günlərdə tanış olduq. Biləndə ki, biz Afrikada olmuşuq, çox sevindi. Necə bir hissdirsə, bu buzlar ölkəsində belə insanlar özlərinə bir köynək yaxın birini görən kimi istər-istəməz ona qarşı nəsə fərqli bir mehribanlıq bir doğmalıq hiss edirlər; bizim bu aşpaz da sanki özünə həmvətən tapmışdı, minlərlə kilometr uzaqdakı bu gəmidə onun vətənini tanıyan, vətəni barədə danışa biləcəyi insanlara rast gəldiyi üçün sevinirdi.

Səfər boyu onunla tez-tez görüşmək imkanımız oldu. Bizi Cənubi Afrikaya dəvət etdi. Oradakı görməli yerlər barəsində elə maraqla danışdı ki, artıq düşünürəm, bir dəfə də oralara getmək lazımdır.

O gündən bəri aşpazımız bizi möhtəşəm əl qabiliyyəti ilə təəccübləndirməyə davam edir. Demək olar ki, hər dəfə ofisiantlar bizə “şefdən özəl” yeməklər gətirirlər. Səfərdən 7-8 ay əvvəl bütün səyyahlar üçün menyu tərtib olunur və hər kəs öz rasionunda üstünlük verdiyi qidaların siyahısını yazır. Biz seçimimizi balıq məhsullarından yana etmişdik.

Biz azərbaycanlıların da damaq zövqünə verdiyi önəm danılmazdır, odur ki, özü Afrikadan olsa da, aşpazlıq təhsilini Fransada almış bu möhtəşəm usta ilə dostluq lap yerinə düşdü.

Uğurlu yollar!!! Səfər boyu məlumat verəcəyik.

Mənbə: Rövşən Abdullaoğlu / Rovshan Abdullaoglu

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru