
Bu gün (16 dekabr 1934) onun ad günüdür. Görkəmli şair və tərcüməçi Tofiq Bayramı hörmətlə anır və yaradıcılığından nümunələr təqdim edirik. Ruhu şad olsun. Amin. Amen:
Ana təbəssümü
Baxıram şəklinə hörmətlə bu an,
Ana təbəssümü dodağındadır.
Dünənki Volodya, qıvrımsaç oğlan,–
Bu günün Lenini qucağındadır.
Necə də sığınmış ana qoynuna!
Çatıb qaşlarını xəyala gedir…
Doğrusu maraqla baxıram ona:
Bu uşaq Leninmi, o rəhbərmidir?
Sən ona nur verdin ana gözündən,
Bilmədin günəş tək ucalacaqdır.
Zülmətlər içində kor olan Vətən
Onun gözlərindən nur alacaqdır.
Dil açıb o, ana dedi bir səhər,
Qəlbində dil açdı min arzu, istək.
Bilmədin, hər dildə bütün körpələr
İlk dəfə dil açıb Lenin deyəcək.
Sənin layla səsin axdı otağa,
Nəğməsi dodaqdan-dodağa axdı;
O, sənin əlinlə qalxdı ayağa,
Əliylə millətlər ayağa qalxdı.
Ona oğul deyib öyündüyün tək,
Bəşər ata deyib öyünür bu gün.
Ana ürəyində döyünən ürək
Milyon ürəklərdə döyünür bu gün.
İllər ömrümüzdən keçib aşdıqca,
Bizimlə yaşayır, birgə qurur o,
Doğulduğu tarix uzaqlaşdıqca
Gələcək tarixə yaxın durur o.
Ey müqəddəs qadın, mehriban insan,
Bu eşqin əbədi bir dastan oldu.
Ana qucağına bir zaman sığan,
Cahana sığmayan bir cahan oldu.
Uşaq və dəniz
Gün çıxır, od tutub yanır üfüqlər,
Dəniz də qızınır onun odunda.
Qızıl balıq kimi qızıl şəfəqlər
Üzür ləpələrin göy qanadında.
Qızarmış uşağın gül yanaqları,
Bu gözəl səhnədən o, göz çəkməyir.
İstəyir yerisin sulara sarı,
Ləpə iməkləyir, o iməkləyir.
Xurmayı saçını dağıdır külək,
Qəlbinin inadı oxunur üzdən.
Bir istək aparır, onu bir istək–
Qızıl şəfəqləri alsın dənizdən.
Güclənir, hay salır bu an ləpələr,
Qoparmaq istəyir o, duran yeri.
Sahilə pələng tək cuman ləpələr
Sahildən quzutək qayıdır geri.
Yenə göy sulara al şəfəq düşür,
Yüyürüb gəl deyir, o, yenə gəlmir.
Əl atır, ovcundan çıxıb sürüşür,
Bu necə balıqdır əlinə gəlmir?
Gözündə qorxudan görünmür bir iz,
Qalxır ləpələri qaldırsın deyə.
Köksündə gəmilər oynadan dəniz
Oyuncaq görünür indi körpəyə.
Qoca daşyonan
Gedir kənd yoluyla o, asta-asta,
Gözümdə dağ kimi ucalıb gedir.
Güclü qayalara güc gələn usta
Zəif çəliyindən güc alıb gedir.
Təntiyib o, nəfəs alır dərindən,
Əsən meh qəlbinə sərinlik yayır.
Alnında görünən çapıq yerindən
Gümüş saqqalına tər damcılayır.
Neçə ev hörübdür sal qayalardan,
Onları seyr edir, o, bir-bir indi.
Gözü nurdan düşüb, əli tutardan
Çəliyə söykənib yeriyir indi.
Ürəyi köyrəlir hər addım başı,
Qanadsız quş kimi uçmaq istəyir.
Bir zaman çəkiclə yonduğu daşı
Titrək əlləriylə qucmaq istəyir.
Düşünür getdikcə bu saçları qar,
Ürək təngiməsin, əl yorulmasın.
O gəzər dünyanı, təki bu yollar
Ömür yollarının sonu olmasın.
Yaşamaq istəyir qoca daşyonan,
Yaşamaq eşqini o, əzəl deyir.
Amma çəlik yeri səsləyən zaman
Yer onu səsləyir, ona gəl deyir.
Demir ki, bir heykəl qoyulsun ona
Qalalar fəth edən qəhrəman kimi.
Hər uçulmaz divar, yıxılmaz bina
Onunçün ən böyük heykəl deyilmi?
Müəllif: Tofiq Bayram
Allah qəni-qəni rəhmət eləsin. Ruhuna fatihə.
USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru