RÖVŞƏN ABDULLAOĞLU / ROVSHAN ABDULLAOGLU ENTERPRİSE ISLAND ADLI YERDƏDİR.

Cənuba doğru irəlilədikcə hava daha da sərtləşir. Duman ətrafı bürüyür, arabir qar yağır.

İndicə elan etdilər ki, biz Enterprays adasına yaxınlaşırıq. Çox güman ki, adaya çıxmaq mümkün olmayacaq. Çünki adada, demək olar ki, gəzməyə yer yoxdur, əksər hissəsi qalın buz qalxanı ilə örtülüdür. Əvəzində isə motorlu qayıqlarla adanın ətrafını dolaşmaq, ondan qopan buz parçalarını yaxından izləmək, adanın hündür buzlaqları üzərində toplaşmış pinqvin dəstələrini müşahidə etmək olar.
Ekspedisiya bələdçisi bunları deyərkən bu adanın çox maraqlı keçmişi olduğuna da işarə etdi. Adanın sahilində qəzaya uğramış bir gəmi olduğunu dedi. Görəsən, kimlərin gəmisi olub, sərnişinlərinin başına nə gəlib? Maraqlıdır. Bu barədə növbəti paylaşımda.

========================================================

RÖVŞƏN ABDULLAOĞLU / ROVSHAN ABDULLAOGLU ENTERPRİSE ISLAND ADLI YERDƏDİR.

Balınaların ahı

Enterprays adası. Hava hazırda çox soyuqdur, sular da bir az dalğalıdır. Yenə qruplar şəklində motorlu qayıqlara minirik. Biz C qrupundayıq. Ağzımızı, gözümüzü bərk-bərk bürümüşük. Qarşıda çoxlu aysberqlər var. Yaxınlaşanda qayığı saxlayıb müşahidə edirik. Rəngləri və ətraflarındakı sular da göydür. Bu Aysberqlər Enterprays adasından qopub okeana düşmüş buz parçalarıdır.

Adanın 15-20 metrliyində qəzaya uğramış köhnə bir gəmi vardı.

Gəminin çox maraqlı və kədərli bir tarixçəsi var. Norveçə məxsus olub. İribuynuzlu heyvanların daşınması üçün nəzərdə tutulmuş bu gəmini bir şirkət alır və balina ovu və emalı üçün istifadə etməyə başlayır. 1913-cü il üçün əla təhciz edilmiş bu gəmidə ovladıqları balinaları hissələrə ayırır, əti çeşidləyib qablaşdırır, sümükləri üyüdür, piyi çəlləklərə yığırdılar.

Həmin vaxtlar Antarktida sahillərində balinaların sayı xeyli çox idi, müxtəlif ölkələrin gəmiləri burada ovla məşğul idilər. Təkcə bu gəmi birinci il 500, ikinci il 400-dən çox balina ovlayıb. 1915-ci ildə Foyen buxtasında, Enterprays adasının yaxınlığında olanda gəminin sakinləri növbəti uğurlu ovdan sonra göyərtədə əyləncə təşkil edirlər. Ehtiyatsızlıq üzündən gəmini alov alır. Kapitan gəmini tam sürəti ilə sahilə sürür. Gəmi saya oturur və bütün ekipaj xilas olur. Qəzaya uğramış gəmi isə illərdən bəri burda dayanıb, görk olsun deyə. İndi atılmış bu gəmi quşların məskənidir.

Daha bu sularda balina ovuna icazə verilmir. Həmin illərdə kütləvi tələf edildikləri üçün bu nəhəng, ziyansız heyvanların sayı kəskin azalıb. Doğrudan da, təbiətin insandan böyük düşməni yoxdur. Bu gəmi də bu düşmənçiliyin acı nəticəsini əks etdirən abidədir indi.

Sahilə çıxmaq üçün adanı dövrə vurduq, lakin yan almağa bir yer tapa bilmədik. Bütün sahil hündürlüyü bir neçə metr olan qar təpələri ilə əhatə olunmuşdu. Qayıqlarla bir müddət müşahidə apardıqdan sonra gəmiyə geri qayıtdıq. Adadan fotolar:

Uğurlu yollar!!! Səfər boyu məlumat verəcəyik.

Mənbə: Rövşən Abdullaoğlu / Rovshan Abdullaoglu

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru