RÖVŞƏN ABDULLAOĞLU / ROVSHAN ABDULLAOGLU SOUTH POLE, ANTARCTİCA ADLI YERDƏDİR.

 Bristol, Birləşmiş Krallıq · 

Öz qazdığımız çuxura düşdük:

Hələ səfər etməmişdən əvvəl buzlaqlar içində gecələmək şansımızın olacağını eşitmişdim. Bunun üçün səfərdən 7-8 ay öncə növbə götürmək lazım idi, elə də etdim. Bütün səfər boyu da o anın nə zaman gələcəyini səbirsizliklə gözləyirdim. Antarktidada buzlar arasında, açıq səma altında gecələmədən oranın təbiətini tam hiss edə bilməzsən.

Axır ki, o günün gəlişini elan verdilər. Həmişəki kimi brifinq keçirildi. Brifinqdə iştirak etmədən kempinqə (Antarktidada düşərgə salmağa) icazə verilmirdi. Brifinq zamanı düşərgənin necə salınacağını, orada nə edəcəyimizi, təhlükəsizlik tədbirlərini öyrəndik. Brifinqdən sonra bir çoxu bu işin onlar üçün olmadığına qərar verib buzlu materikdə gecələmək fikrindən vaz keçdilər.

Ertədən şam edib sahilə yan aldıq. Bələdçilər gecələyəcəyimiz yerləri müəyyənləşdirdilər. Hər kəs öz ölçülərinə uyğun və dərinliyi bir metr olan yer qazmalı idi. Bu çuxur bizi soyuqdan və küləkdən qoruyacaqdı. Yatacağımız üçqatlı kisələrin -18’C-ə qədər şaxtadan qorumaq gücündə olduğunu dedilər. Yerimizi tez hazırlayıb bitirdik, ətrafı gəzmək üçün xeyli vaxtımız qalmışdı.

Gecəyarısına az qalıb, ancaq saata baxmasan gecə düşdüyünü təyin edə bilməzsən. Ay çıxıb, hər tərəf süd rəngli işığa bələnib, sanki heç gecə deyil. Ətrafda bir az dolaşdıqdan sonra düşərgəyə qayıtdıq. Gecənin kənar səslərdən arınmış havası, dağın dümağ ətəyi və okeanın indi daha fərqli səslənən uğultusu qəribə bir əsrar yaratmışdı. Dünyanın sonunda, bəlkə də başlanğıcında bir-birinə qovuşmuş buz və su səhrası. Əzəmətlə dayanmış dağların soyuq nəfəsini hiss edirsən. Bütün bu ehtişamın təsiri ilə köksün fərqli hisslərlə qalxıb-enir.

Təbiəti öz saflığını hifz etmiş bu uzaq diyarda fərqli, heç yerdə görmədiyim qədər şəffaf səma ilə üzləşəcəyimi zənn etmişdim. Qaşlarını çatmış göy üzündə, hündür dağların düz zirvəsindən boylanan Aydan başqa heç nə görə bilmədim.

Antarktikaya gələndən bəri məndə yaranmış qəribə bir hiss burada daha şiddətləndi. Yadlıq hissi. Bu barədə başqa bir paylaşımda danışacam.

Hava getdikcə soyuyurdu, hamı bir-bir yatacağı yerlərə üz tuturdu. Yatmaq üçün olan kisələrə girmək özü də ayrı bir əziyyətdir, bu barədə bir dəfə ətraflı danışaram. Narahat bir gecə keçirdim. Tez-tez oyanıb o yan-bu yana çevrilirdim. Sərt buz parçaları bədənimizi yaralayırdı. Kisəni bir az açıb nəfəs almaq istəyirdim, o dəqiqə soyuq üzümü dalayır, kisənin içinə dolub bədənimə üşütmə salırdı.

Səhər yuxarıdan, elə bil dağın başından gələn səsə oyandım. Bələdçi idi, nəsə suitilərdən danışırdı. Kisənin içindən çıxıb paltarlarımı geyinənə qədər səhərin soyuqluğu iliyimə işlədi. Ətrafa boylandım. Yavaş-yavaş hamı öz çuxurundan çıxmağa başlamışdı. Okeana tərəf boylananda gördüyüm mənzərədən heyrətlənməyə bilmədim. Sular sahildən 50-60 metr geri çəkilmişdi. Sahil isə suitilərlə dolmuşdu.

Bir müddət Antarktida sübhünün gözəlliyinə tamaşa etdik, sonra arxamızca gələn qayıqlara minib gəmiyə qayıtdıq. Yəqin ki, hər kəs o qəribə gecənin təəssüratlarını hələ uzun müddət xatırlayacaq. UNUDULMAZ ANLARIN FOTOLARI:

Uğurlu yollar!!! Səfər boyu məlumat verəcəyik.

Mənbə: Rövşən Abdullaoğlu / Rovshan Abdullaoglu

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru