SON GÖRÜŞ

Qayıdıb gözümə baxdın son dəfə,
Gizlətdin ilk dəfə gözünü məndən.
Varlığım yox oldu, getdi səninlə,
Çevirdin yoxluğa üzünü məndən.

Düşən parıltının dalınca getdin,
İstəyin qəlbində qalınca getdin.
Bəxt səni əlimdən alınca getdin,
Sən də alıb getdin özünü məndən.

Sökülməz aradan həsrətin səddi,
Açılmaz eşqimin bükülən qəddi.
Qoşulub qəlbim də qəlbinlə getdi,
Tale gizlədibmiş düzünü məndən.

Yuxumu çin eylə, tər çiçək üz gəl,
Ruhumu ələ al, yollara döz gəl.
Daha itirmişəm səmtimi, tez gəl,
Gözləmə harayı, söz ünü məndən.

İldırım, sözün yox, daha, deyəsi,
Qəlbi tanrı bilər ,bir də yiyəsi.
Sevənin sözü yox, eşqin niyəsi,
Təki, qəlb danmasın sözünü məndən.

Müəllif: İLDIRIM ƏKBƏROĞLU 

Allah rəhmət eləsin… Ruhu şad olsun… Bu şeir (sonetlər) “İldırım Əkbəroğli – 70” layihəsi çərçivəsində N : 04 qeydi ilə yayımlanır. Eyni zamanda bu layihə çərçivəsində İldırım Əkbəroğlunun 70 illik yubileyi münasibəti “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında nəşr olunacaq “İldırım Əkbəroğli – 70” kitabına daxildir.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru