
OYUNCAQ SİLAH
(Hekayə)
–1–
Onu Seymurla birlikdə görənlər çox vaxt onları sevgili hesab edirdilər. Adamlara nə var ki?.. Onsuz da gördüklərinə inanırlar. Əlbəttə, o da, Seymur da bilirdi ki, belə bir şey yoxdur, sadəcə dostdurlar, vəssəlam! Onun özünə qalsa, çox istəyərdi ki, elə adamların düşündüyü doğru olsun. Hələ ürəyində bu dedi-qodulara bir az sevinirdi də… Onsuz da Seymuru sevirdi, amma aşkarda ölsə də, biruzə verməzdi. Elə edirdi ki, bir zərrə də şübhə düşməsin Seymurun ürəyinə. Az qalırdı arsız-arsız “qardaş” da desin ona… Hələ utanmadan bir dəfə “gəl səni evləndirək” də demişdi. Seymur da, daş idi elə bil… Bütün günü onun yanında olsa da. bircə dəfə dilini tərpədib demirdi ki, sən mənim sevgilimsən, dostumsan, ya lap elə düşmənimsən, nəsən…
Hərçənd ki, xəyalında azı min dəfə Seymur ona öz sevgisini etiraf etmiş, o da dərhal utana-utana razılaşmış, hətta uzaq ölkələrə səyahətə, filana də çıxmışdılar. O uzaq ölkələrin otellərində Seymur onu o ki, var sevib əzizləmişdi. Hələ bu bəs etmirmiş kimi əl-ələ verib birlikdə uzun ömür sürmüş, oğul-uşaq sahibi olmuş, xoşbəxtcəsinə qocalmışdılar da… Amma bunlar xəyalında idi. Onsuz da xəyal qurmağı çox sevirdi. Son vaxtlar bütün xəyalları da Seymurla bağlı olurdu. Həqiqətdə isə onunla sevgili olmaq məsələsində aralarında dağlar, dərələr qədər məsafə vardı. Nə qədər sirr bölüşsələr, birklikdə gəzib dolaşsalar, bir-birinin qayğısına qalsalar da, Seymurda bir hökmranlıq, əzəmət də vardı ki, bu da aralarında məsafə yaradırdı. Hecə deyərlər, əlini uzatsan çatacaq adam deyildi Seymur… Amma həyatda bütün yaxşı hesab etdiklərinin ölçüsü idi. Güclü kişi, yaxşı dost, dünyanın altını -üstünü bilən yaxşı adam, güvənc yeri deyəndə o gəlirdi gözlərinin önünə.
İnsafən Seymur da çox yaraşıqlıydı. Hündür boyu, iri mənalı gözləri, şax yerişi vardı. Adamın gözlərinə baxıb ürəyini oxuyurdu. Universitetdə düz beş il birlikdə oxumuşdular. Tələbə vaxtı qızlar başına dolanırdılar. O da heç kimə əhəmiyyət vermirdi. Universitetdə Seymurla çox yaxın idilər. Elə bu yaxınlıq da onda əminlik yaradırdı ki, Seymur da onu sevir. Amma nə universitet illərində, nə də sonralar ondan səs-səda gəlmədi. O da hər şeyi hesablayandan, olanları çək-çevir edəndən, baş verənləri “toplayıb-çıxdıqdan” sonra qərara gəldi ki, Seymurdan “sevirəm” sözünü gözləmək səhranın ortasında sərin bulaq arzulamaq kimi bir şeydir. Odur ki, xeyli müddət özüylə mübarizə aparıb Seymuru ürəyindən çıxartmağa çalışdı. Amma çalışmaqla deyil ki… Nə qədər cəhd etsə də ürəyində olanları silib atammadı.
Universitetdən sonra hərəsi bir yerə işə düzəldi. Sonra Seymur evləndi. Bir daha inandı ki, Seymur onun deyil. Özünü inandırandan sonra Seymurdan bir az da uzaq dolanmağa çalışdı. Əlbəttə, dostluqları öz yerində qalacaqdı… İstəsələr, dost kimi yenə də ara-sıra görüşə bilərdilər. Amma daha bu gözləntilər, həsrət, filan olmayacaqdı. Onsuz da son vaxtlar ara-sıra görüşürdülər. Universitetdən sonra Seymur yaxşı vəzifəyə düzəldiyindən elə də boş vaxtı olmurdu. Özü demişkən. ətrafındakı akademik adamlar, cansız zəhmli kreslo onu istismar etmişdi.
Seymurun işləri yaxşı gedirdi. Vəzifəsini də qaldırmışdılar, gözəl ailəsi də vardı. Amma o, Seymurdan uzaq dolansa da, ərə getməmişdi, onu ürəyindən silib ata bilmirdi.
Seymurdan da xeyli vaxtdı xəbər yoxdu. Bu da onun işinə yarayırdı. Düşünürdü ki, nə qədər gec görsə, o qədər tez unudar. Odur ki, özü də zəng edib xəbər tutmurdu. Elə Seymuru tamamilə unutmağa çalışdığı, onu sevdiyinə görə özünü “ağ yuyub qara sərdiyi” bir vaxtda ondan zəng gəldi. Telefonda elə şirin –şirin danışırdı ki…
-Gəl, səni də yanıma işə götürüm. İstəyirəm yanımda yaxın adamlarım olsun… Həm də, sənə ehtiyacım var. Bir çox şeyləri anlamağa başlamışam. Məni sənin kimi heç kim duya bilməz. Sabah ətraflı danışarıq…Əslində, çoxdan danışmalıydım səninlə…
Ürəyi titrədi. Seymurun zəngindən o qədər həyəcanlandı ki, nə cavab verəcəyini, nə deyəcəyini bilmədi. Həmişə beləydi, həlledici məqamlarda danışa bilmirdi. Bu dəfə danışmaq o yana, iş məsələsinə görə heç əməlli-başlı təşəkkür də edəmmədi. Amma Seymur çox danışdı. Özü də birinci dəfəydi ki, taleyindən şikayətləndi. İnsanın gözləmədiiy yerdən zərbə almağından, qismətdən qaçmaq olmadığından danışdı. Bir müddət görünmədiyinin səbəbini də açıqladı. Arvadından ayrılıbmış…
-Xasiyyətimiz uyğun gəlmədi-qısaca anlatdı – dost kimi ayrıldıq, hərəmiz öz yolumuzla gedirik…
İstədi nə isə soruşsun, amma Seymur səhər işdə görüşəcəklərini bildirib sağollaşdı.
Hər şeyi unudub yenidən Seymura tərəf qanadlandı. Deyir, yaxın adamımsan…Sənə ehtiyacım var…Sabah çox şeyləri açıqlayacaq… Bundan gözəl nə deyə bilərdi ki?.. Ürəyini çoxdan duymadığı fərəh hissi bürüdü.
Küçədə xeyli gəzişdi. Seymuru düşündü. Arvadından ayrılıbmış. Görəsən, Seymura necə təsir edib bu ayrılıq? Səsində elə də kədər hiss olunmurdu. Amma taledən şikayət filan…Hər necə olsa da ürəyində sevindi.Ürəyində etiraf etdi ki, bu ayrılıq onların yollarını birləşdirəcək. Qismət bu günəymiş. O, xoşbəxtdi. Xoşbəxtliyini dərk etsə də, sevinməyə qorxdu. Sınamışdı ki, sevinmək ona düşmür. Həmişə xoşbəxtliyini itirməkdən qorxurdu… Odur ki, qərara aldı ki, sabaha kimi başqa şeylər barəsində düşünsün, bir növ özünü aldatsın.
-2-
İşdə ilk rastlaşdığı Seymurun katibəsi oldu. Kompüterin qarşısnda əyləşib nəsə yazırdı. Xoşu gəlmirdi katibədən, görməyə gözü yoxdu. Doğrudur, aralarında heç bir münaqişə, filan olmamışdı. Seymurun yanına gələrkən qapıda rastlaşırdılar. Ağızucu salamlaşıb keçirdi. Ona elə gəlirdi ki, katibə salamı da minnətlə alır. Hiss edirdi ki, katibə də onu sevmir. Əvvəllər ürəyində bir qısqanclıq da vardı. Katibəni Seymura qısqanırdı. Tərslikdən Seymur da həmişə onu tərifləyirdi. “İşini yaxşı bilir, sənədləri gözüyumulu oxuyur” –filan…
İndi məcbur qalıb katibənin yanında əyləşməli oldu. Bu dəfə katibə ona ehtiram göstərdi, çay təklif etdi. Görünür Seymur burda işləyəcəyini xəbər vermişdi. Katibə başının işarəsilə Seymuurn otağını göstərdi:
– Hələ gəlməyib, deyəsən gecikir.
-Bilirəm, zəng eləmişdi, bir az gecikəcək.- özü qəsdən belə dedi. Qoy bilsin ki, Seymurla yaxındır. Katibə mənalı-mənalı onun üzünə baxdı, zorla gülümsündü. Əslində, katibəylə mehriban olmaq istəyirdi. Bilirdi ki, bir halda ki, burda işləyəəck, gərək hamıyla yaxşı münasibət qursun. Amma elə şeylər vardı ki, özündən asılı deyildi.
Katibə klavyaturanı döyəcləyə-döyəcləy nə isə yazmağa başladı. Bir qədər sonra “barbi gəlinciyi”nə bənzəyən bir qız da gəlib katibənin yanında əyləşdi. Şirin-şirin söhbətə başladılar.
-Yuxuda qan görmüşəm. Qan səkinin üstüylə axıb gedirdi. Hər tərəf qan idi. Katibə həvəslə yuxusunu analdırdı.
–Qan qovuşmaqdır, sevinəcəksən, dəqiq bilirəm- “barbi gəlniciyi” rəfiqəsini sevindirməyə çalışdı. Katibə əlindəki sənədləri Seymurun otağına apardı. Fikir verdi ki, katibə hündür kabluklu ayaqqabıda çox rahat gəzir. Belə ayaqqıbılar ən yaralı yeriydi. Çox arzulasa da hündür ayaqqabıda gəzəmmirdi. Birdən-birə yenə də ürəyinə qısqanclıq doldu. Amma dərhal da özünü danladı: “Bura işdir, belə şeyləri beynindən çıxartmalısan! Seymur işində ciddidir. Özü də bir dəfə deyirdi ki, işin iş qanunları var, bu qanunları pozsan işləyə bilməzsən.
Yarıaçıq qapıdan Seymurun divaradan asılmış portreti görünürdü. Şəkildə özündən yaşlı düşmüşdü.
Ayağa qalxıb dəhlizə çıxdı. Dəhlizdə gəzişdi. Otaqlardan çıxan işçilər onunla salamlaşıb keçirdilər. Heç kim burda niyə dayanmağıyla maraqlanmırdı. Görünür, xəbərləri
vardı burada işləyəcəyindən.
Dəhlizin başından yaşlı bir kişi ona yaxınlaşdı. Salamlaşıb əlindəki açalardan birini topasından çıxarıb ona uzatdı:
-Buyur, sənin otağının açarıdır. Keç əyləş. Bu, deyəsən gec gələcək…
Açarı kişidən alıb ürəyində Seymura təşəkkür elədi. “Sağ olsun, diqqətlidir. Artıq otaq da ayırıb”.
Qapını açıb içəri daxil oldu. Otağın başındakı pəncərəni açdı. Pəncərə çoxdan açılmadığından içəri xəfif toz doldu. Dodaqlarında narın qum dənələrini hiss etdi. Pəncərədən aşağı boylandı. Aşağıda bozaran asfalt çox vahiməli göründü. Bir neçə gün əvvəl xəbərlərdən eşitdiyi bir qadının özünü pəncərədən ataraq intihar etməsi xəbərini xatırladı. Bədəni üşündü. Pəncərəni çəkib bağladı. Otaqda gəzişməyə başladı. Görəsən, Seymur bu gün nələri etiraf edəcək? Ürəyini harda açacaq?.. Yəqin ki, işdən sonra danışacaq. Yəqin yaxınlıqdakı kafelərdən birində əyləşərlər… Onsuz da, hər şey bəllidir… Yenə də ürəyi həyacanla döyünməyə başladı. Sanki Seymuru birinci dəfə görəcəkmiş kimi həyəcanlanırdı. Qərara aldı ki, bu dəfə o da açıb hər şeyi Seymura bildirəcək. Bildirəcək ki, onu çoxdan sevir. Ondan başqa heç kimə baxa bilmir. Deyəcək ki, bu qədər müddətdə ona dost kimi baxmayıb. Sadəcə gizlədib. Deyəcək ki, həyatı başdan- başa ondan ibarətdir. Deyəcək…
–3–
Birdən –birə dəhlizdən qarmaqarışıq səslər eşidildi. Səs əvvəlcə uğultu kimi gəldi, sonra aydınlaşdı.
– Seymuru vurublar. Güllə ilə vurublar, öz maşınında getdiyi yerdə… Düz alnından vurublar!
– Kim vurub? Niyə?
– Bəlkə də, ona atəş açmayıblar heç, deyirlər, yanında vəzifəli, imkanlı adam olub- ola bilər, ona atıblar, amma buna dəyib.
– Hanı, qan qovuşmaqdır deyirdilər, yuxuda görmüşdüm, bəs nə oldu, ay Allah, bu nə xəbərdir?! Katibənin səsi dəhlizdən gəldi,sonra eşidilməz oldu.
Qapını açıb dəhlizə boylandı. İşçilər dəhlizə toplaşmışdılar. Hamı bir-birini sorğu- suala tuturdu. Seymurun müavininin sürücüsü ortada dayanmışdı. Xəbəri o gətirdiyindən suallara da o cavab verirdi.
– Yəqin, səhvən güllə ona dəyib…
– Nə olur-olsun, hər halda, bunu öldürüblər…
– Üzündə maska olub atəş açanın, iki nəfər olublar- müavinin sürücüsü dilləndi.
Katibə o tərəf- bu tərəfə qaçıb telefonlara cavab verirdi. Seymurun otağında telefonlar susmurdu.
Telefonuna zəng gəldi:
Tələbə yoldaşı Dinarə idi. Təlaşla xəbəri çatdırdı:
– Hardasan? Xəbərin varmı, Seymuru vurublar. Bu nə iş idi?! Gəl, evlərinə gedək. Mən getmişdim irəli keçəmmədim. Polislər, jurnalistlər qapını kəsiblər…
Qayıdıb otağa girdi. Eşitdyi xəbərdən sonra beyni uğuldayır, heç nə düşünə bilmirdi. Sanki beyni bütün fəaliyyətini dayandırmışdı. Ürəyində küt bir ağrı vardı, ağrı hərdən sızıltıya çevrilib bədəninə yayılırdı. Qəribədir ki, ağlaya da bilmirdi. Gözləri qupquru idi, təkcə ürəyi bərk-bərk döyünürdü. Deməli, Seymur daha yoxdur. Olmayacaq.
Bir daha onun həyatında belə bir adam olmayacaq. Onsuz olacaq. Bəs nəyə görə yaşayacaq? Bütün edəcəyi hərəkətləri ona görə hesablayırdı. Həyatında olan bütün yaxşı şeyləri ona həvəslənib edirdi. Bəs indi nə marağı olacaq həyatının? Marağını, həvəsini hara yönəldəcək? Hər tərəf boşluqdur. Boşluğun üzəriylə yerimək mümkündürmü? Bəlkə, boşluğun qorxulu ağrısını çəkmədənsə elə bir dəfəlik boşluğun dibinə yuvarlanmaq, bütün mənasızlardan, bozluqlardan xilas olmaq? Pəncərənin qarşısına gəldi. Aşağı boylandı. Yenə də xəbərlərən eşitdiyi özünü pəncərədən atan qadını xatırladı. Bəlkə, o da… Bəlkə, o da sınasın… Cəmisi bir dəqiqə… Bir dəqiqə sonra hər şey birəcək…Ağrılar, acılar yox olacaq. Pəncərəni açıb hündürlüyü yoxladı. Ürəyində hesabladı ki, özünü atsa neçə dəqiqədən sonra yerə çırpılar? Gözlərini yumdu… Dizləri titrədi. Belində, dizlərində asfalta yapışacaq canının ağrısını hiss elədi. Başını pəncərədən geri çəkib pəncərəni bağladı.
Dəhlizdən keçib aşağı endi.
Anası zəng etdi.
-Hardasan, yeni iş günün necə keçir? Təbrik edirəm. Mən demişdim axı, hər şey əla olacaq. Nə deyirsən, bəlkə, axşam qeyd edək?!
Hiss etdi ki anasının kefi kökdür
. Telefonu söndürdü. Gözlərinin qabağına Seymur gəldi. Sakitcə uzanıb. Ruhu uçub gedib. İnana bilmədi. Seymura sakitlik yaraşmırdı.
Yalnız indi fikir verdi ki, dəhlizdə heç kim yoxdur. Hamı aşağıya- şirkətin qarşısına yığışıb.
Seymurun müavininin sürücüsü əli ilə hadisəni ətrafdakılara təsvir edirdi. Həvəslə danışırdı, sanki detektiv filmin ssenarisini izah edirdi.
– Bax belə vurublar, burda dayanıblar, üzü bu tərəfə. Seymur sağ tərəfdə əyləşibmiş. Üzü pəncərəyə doğruymuş. “Makarov”tipli silahla vurublar…
Adamların arasında xeyli dayandı. Görəsən, Seymur pəncərədən çölə boylanarkən nəyi düşünürmüş? “Makarov” tapançası dedikləri necə silahdır?
– Açarı verərdiniz, zəhmət olmasa…
Səhər açarı ona verən kişiydi. Kişi nəsə danışıdı, ayırd edəmmədi. Son sözü bu oldu ki, açar qarışıqda itə bilər, həm də burda işləyib işləməməsi hələki bilinmir. Lazım olsa , yenə də qaytarıb verər. Çantasını qurdalayıb açarı işçiyə verdi.
Beynində o qədər suallar vardı ki, heç birinə cavab tapammırdı. “Yanındakı adamı vurmalı imişlər… Görəsən, Seymur o adamla hara gedirmiş?” Bir kənara çəkilib ağlamaq istəyirdi. Amma gözlərindən yaş gəlmirdi.
Müavinin sürücüsü kiminləsə danışdı, sonra camaata bildirdi ki, hələlik dağlışmaq lazımdır. Sabah dəfn edəcəklər. Sabah hamı vidalaşmağa gələ bilər.
–4–
Gəlib köhnə və böyük avtobusa əyləşdi. Avtobusun arxa oturacağındakı uşaq nənəsinin qucağından sürüşüb ona tərəf atıldı. Əlindəki oyuncaq tapançanı onun alnına tuşladı:
-Əllər yuxarı! Təslim ol! Yoxsa öldürəcəm!
Nənəsi uşağı dilə tutdu:
– Xalanı vurmaq olmaz, xalanı vurma! Yazıqdır…
Uşaqsa elə hey ona tərəf dartınır, oyuncaq silahını düz alnına tuşlayırdı.
“Seymuru da alnından vurublar. Bircə güllə ilə nişan alıblar… Maşının pəncərəsindən ətrafa baxırmış. Düz alnından…”
– Gəl, əllərinin çirkini silim. Uşaq dartındı, nənə güc-bəla ilə əlindəki nəm salfetlə uşağın əllərini silməyə çalışdı.
Avtobusun pəncərəsindən çölə boylandı. Şüşə çirkli olduğundan ətrafı yaxşı görə bilmədi. Hər tərəf dumanlı görünürdü, arabir ağacların budaqları qarışıq xətlər kimi gözə dəyirdi. Dəstə-dəstə cikkildəşərək vurnuxan quşlar kirli şüşənin arxasında özlərini güllə kimi quru budaqlara çırpırdılar.
Bu an əllərini uzadıb pəncərənin çirkli-paslı şüşəsini silmək keçdi ürəyindən…
Son.
Müəllif: NARINGÜL NADİR
USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru