OLSUN

Axı sən söz verdin öz aramızda,
Saf sevgin sevgimə yaraşıq olsun.
Şad-xürrəm yaşayaq eşq dünyamızda,
Qəlbindən qəlbimə nur işıq dolsun.

Yanımda susmasın qoy şirin dilin,
Heç zaman çıxmasın əlimdən əlin,
Tez getsən, izin ver, arxanca gəlim,
Məzarda ömrümüz qarışıq olsun.

Sevgilim, fələkdən bircə gün çalaq,
Vətən torpağını ayaqdan salaq,
Zülmət gecələrin qoynunu yaraq,
Ay doğsun, yolumuz gur işıq olsun.

Amalam, dostlarla hey deyək, gülək,
Sevinci paylaşaq, kədəri bölək,
Qohumun-qardaşın qədrini bilək,
Küdurət nə lazım, barışıq olsun.
28. 12. 2018.

<<<SONA AMAL ==== SONA AMAL >>>

HƏSRƏTİM

Gözdən də xoş olar, sözün xumarı,
Telimdə ta gəzmir əlin tumarı,
Sağalmır qəlbimin həsrət qubarı,
Həsrətinə açır qucaq həsrətim.

Naxış vurdu ömrə sevgi naxışın,
Payızlaşdı nədən bahar baxışın?
Yağdı taleyimə həsrət yağışın,
Həsrətinə açır qucaq həsrətim.

Ürəyimiz birgə eşqlə çarpdı hey,
Eşq dünyamda həsrət atın çapdı hey,
Sevinc hürkdü, məni kədər tapdı hey,
Həsrətinə açır qucaq həsrətim.

Lal eylədi susqun həsrət dilimi,
Xoşbəxtlikdən üzdüm ta mən əlimi,
Kimdən alım axı, mən təsəllimi,
Həsrətinə açır qucaq həsrətim.

Çəkib getdin, daha mənə yadsan, yad,
Çəkmisən qəlbimə dağı qatbaqat,
Mənasızdır ta Amala bu həyat,
Həsrətinə açır qucaq həsrətim.
26. 12. 2019.

Müəllif: SONA AMAL

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru