İLDIRIM ƏKBƏROĞLUNUN YENİ İL ARZULARI:

“Yeni ilin planetimizə daxil olmasına lap az günlər qalır-bu il xatirələrə, tarixə dönəcək, gələn il isə , qəlbimizdəki arzuların həyata keçəcəyi illərdən biri olacaq , inşallah! Bizim isə , qəlbimizdə olan arzuların ən müqəddəslərindən biri yağı düşmənlərimizin ağızlarını yumduğumuz kimi, Qarabağdan ayaqlarını da kəsmək-onları doğma yürdlarımızdan qovaraq öz Qarabağımıza qovuşmağımızdır. Əziz dostlarımız, həmvətənlərim, sizi gələn yeni il münasibəti ilə təbrik edirəm və arzu edirəm ki, qəlbimizdən keçən bütün arzularımıza qovuşaq və sevinc hisslərimizi işğaldan azad olunan torpaqlarımızda keçirək!”

27 dekabr 2018. Beyləqan, Kəbirli.

KÖHNƏ DÜNYAMIZA TƏZƏ İL GƏLİR

Yaxşını xar edib günlərin nəsi,
Pisə zər bəzəyib həyat səhnəsi.
Hər ömrə iz vurub gedir köhnəsi,
Köhnə dünyamıza təzə il gəlir.

Yaşından nişan yox buzlu qaşında,
Qardan papağı var soyuq başında.
Ahıl libasında, uşaq yaşında,
Köhnə dünyamıza təzə il gəlir.

Kədəri,sevinci qoşa, dəst olub,
Qəmə yox,sevincə hər vaxt qəst olub.
Məstlərin tostundan özü məst olub,
Köhnə dünyamıza təzə il gəlir.

Açır könülləri toqquşan camlar,
Zər-xara içində bərq vurur şamlar.
Fikirlər keçmişə gedir axşamlar,
Köhnə dünyamıza təzə il gəlir.

Dünyadan halıdır köhnə il,fağır,
Qərbdə çil-çıraqdır, şərqdə od yağır.
Hələ,çaşqın-çaşqın, çox ağır-ağır,
Köhnə dünyamıza təzə il gəlir.

Demirəm,qan töküm,qəzəb-kin olum,
Yurdu talanmışam, haqqı çin olum.
Göstərim düzü-düz, bələdçin olum,
Köhnə dünyamıza təzə il gəlir.

Müəllif: İLDIRIM ƏKBƏROĞLU 

Allah rəhmət eləsin… Ruhu şad olsun… Bu şeir (sonetlər) “İldırım Əkbəroğli – 70” layihəsi çərçivəsində N : 10 qeydi ilə yayımlanır. Eyni zamanda bu layihə çərçivəsində İldırım Əkbəroğlunun 70 illik yubileyi münasibəti “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında nəşr olunacaq “İldırım Əkbəroğli – 70” kitabına daxildir.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru