QƏLBİ BİRLƏŞDİRƏN BİR ÇİÇƏK OLUB

Eli-obanı say, eldən qida al,
Yolundan çox çıxma , öz yolunda qal!
İşə bax, şərəfsiz-alçaq ağsaqqal,
Nadana tay olan ağbirçək olub.

Hər işi baş-ayaq, tərsdi bu dövran,
Bilənə, qanana dərsdi bu dövran,
Doğruyla aranı kəsdi bu dövran,
Yalanı, yamanı, ta, gerçək olub.

Göz görür, olanı ürəklər anlar,
Sanki, bəhsə girib qəstə duranlar,
Qırar inamı da qəlbi qıranlar,
Qəlbi birləşdirən bir çiçək olub.

Yeri var güvəncin, yeri var ərkin,
Əyilmir, sınmağı tez olur bərkin,
Daxili çirkinsə, gözəl də çirkin,
Könüllə sevilən yar köyçək olub.

Sülh deyən qan ilə badə qaldırar,
Arını arıya dövran çaldırar,
İldırım, yol kəsən karvan saldırar,
Ürək bulandıran bir milçək olub.

Müəllif: İLDIRIM ƏKBƏROĞLU 

Allah rəhmət eləsin… Ruhu şad olsun… Bu şeir (sonetlər) “İldırım Əkbəroğli – 70” layihəsi çərçivəsində N : 14 qeydi ilə yayımlanır. Eyni zamanda bu layihə çərçivəsində İldırım Əkbəroğlunun 70 illik yubileyi münasibəti “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında nəşr olunacaq “İldırım Əkbəroğli – 70” kitabına daxildir.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru