ƏLVİDA, GÖZƏL, ƏLVİDA!

(“Tələbəlik illəri” silsiləsindən.)

Qaşlarını çatıb getdin,
Al günəştək batıb getdin.
Neçə ilin sevincini,
Qəm üstünə atıb getdin,
Əlvida, gözəl, əlvida.

Saçlarımda incə dənsən,
İnciyən sən, incidən sən.
Üzüm gülməz hörsən belə
Hər telini incidən sən,
Əlvida, gözəl, əlvida.

Ayrılığı göy də duyar,
Ləpirini yağış yuyar.
Gözümdəki göz izini,
Gün gələr-gül baxış yuyar,
Əlvida, gözəl, əlvida.

Sözüm ağlar, gözəl, günlə,
Qəlb dağlayar gözəl günlər.
Xatirəmə yağar qartək,
Sənlə keçən özəl günlər,
Əlvida, gözəl, əlvida.

Bir gün sözüm yada düşər,
Yaddaşında oda düşər.
Armudun da ən yaxşısı,
Daş ürəkli yada düşər,
Əlvida, gözəl, əlvida.

Bir baharsan öz ömrünə,
Ola bilməz söz ömrünə.
Düşünmə ki, indən belə,
Ürək tutsun üz ömrünə,
Əlvida, gözəl, əlvida.

Sənli günlər nağıllaşır,
Dəli könlüm ağıllaşır.
Yollarımız haçalanır,
Gəl, səninlə sağollaşım:
“Əlvida, gözəl, əlvida!”

Azərbaycan. Bakı-Quba.

1985.

25.11.2019.

Müəllif: Abdulla Məmməd

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru