NADAN ƏLLƏRİNDƏ ÇÖRƏYƏ BAXMA

Qəm-kədər içində gün keçdi hədər,
Tay,dönməz o günlər,geriyə baxma!
Səni yıxa bilər bir qəza-qədər,
Zirvə ucalıqdan dərəyə baxma!

Dəryaya baş vurma,bil,heydən salar,
Özündən küs, inci batırsa sular,
Səni qurtarmağa yetməz arzular,
İmdada yetişən bərəyə baxma!

Düşərsən irəli, yolun kəsməsə,
Bir nadan tor qurub , yolu kəsməsə.
Qollar güclü olub, qılınc kəsməsə,
Hədərdir, çəkilən nərəyə baxma!

Özünü itirən yolu itirər,
Bu torpaq tikan da, gül də bitirər.
Acından ölməzsən,Tanrı yetirər,
Nadan əllərində çörəyə baxma!

İldırım, bax, demə, kimsə qoymadı,
Bu gözəl dünyadan heç kim doymadı.
Hər dərdə, kədərə yandın qıymadı,
Halına sızlayan ürəyə baxma!

Müəllif: İLDIRIM ƏKBƏROĞLU 

Allah rəhmət eləsin… Ruhu şad olsun… Bu şeir (sonetlər) “İldırım Əkbəroğli – 70” layihəsi çərçivəsində N : 15 qeydi ilə yayımlanır. Eyni zamanda bu layihə çərçivəsində İldırım Əkbəroğlunun 70 illik yubileyi münasibəti “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında nəşr olunacaq “İldırım Əkbəroğli – 70” kitabına daxildir.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru