Bir zaman həm atam, həm anam vardı…

Hanı o keçmişim, hanı o günlər?
Bir zaman həm atam, həm anam vardı.
Dağıldı oylağım, dağıldı ellər,
Bir zaman qardaşım, həm yarım vardı,
Bir zaman həm atam, həm anam vardı.

Fələk yaman kəsdi qapımı mənim,
Niyə qəmlə doldu mənim gözlərim?
Uzalı qalıbdı yenə əllərim.
Evimdə bir yanan çırağım vardı,
Bir zaman həm atam, həm anam vardı.

Necə xoşbəxt idik, necə bəxtəvər,
Yaman ötüb keçdi bu zaman, illər,
Neçə məzar gördü bu qəmli gözlər.
Bütün varlığımı fələk apardı,
Bir zaman həm atam, həm anam vardı.

Deyirsiz qəmliyəm, necə edim mən?
Axı ayrı düşdüm baba elindən,
Hər an dərs alardım nənə sözündən.
Ötən xatirəylə qəlbim də yandı,
Bir zaman həm atam, həm anam vardı.

Dayılarım, xalalarım hardadı?
Bibilərim, əmilərim gordadı,
Keçmişimdə görün kimlərim vardı.
İndisə həyatım sanki xəyaldı,
Bir zaman həm atam, həm anam vardı.

Vidadiyəm, ömrü başa vurmuşam,
Yetmiş pilləsinə ayaq qoymuşam,
Deyəsən dünyadan artıq doymuşam.
Ömrümün gülləri yaman saraldı,
Bir zaman həm atam, həm anam vardı.

Müəllif: VİDADİ AĞDAMLI

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru