Sakit savaş – 1
(Novella)

Soyuqluğum, əslində əsəblərimi sakitləşdirmək üçün tapdığım mənasız, heç bir işə yaramayan yöntəmiydi. Təsəvvür edin, halalca ərin var və sən özünü onun arvadı yox, məşuqəsi kimi hiss edirsən. Əminəm ki, mənimlə yatmaq üçün məşuqəsindən icazə alır, bir başında gəzdirdiyi qırx cür dilindən hansı sözlər dürr olub tökülür ki, ayda bir dəfə mənim də başıma sığal çəkə bilsin. Təbii, bunlar hamısı bəhanədir. O, biz iki qadını; mənim tərəfimdən başını sakitləşdirmək üçün, onun tərəfindən əylənmək üçün əməllicə barmağına dolamışdı. Zamanı gələndə, özünü iki ovun arxasınca eyni anda düşüb uduzmuş ovçu kimi hiss edəcək və üçüncü ovunu tapmaq üçün arada qalmış “qurban”  kimi özünü bayraq edib, onun xəyanətinə bugün “kişidir, ona hər şey olar” deyənlərə səbəb göstərəcək. Kənardan baxanda isə, qurban mən özüməm. Onu gecələr özümün də sərhəddini bilmədiyim şəhvətimlə dəli etmək üçün aldığım açıq-saçıq gecə paltarlarını qayçıyla səbrlə kəsib doğramışdım, xəyanətin hirsi təpəmdə isti-isti, saçlarımı kəsmişdim, o,özünü çatdırmasaydı, üzqırxanla özümü keçəl də eləmişdim. Qaşlarımın bəxti saçlarım qədər gətirməmişdi. İndi-indi tüklənir və qaşıma baxanda elə bil qələm çəkilib. Gözlərimin üstünü, altını qaralamaq xoşuma gəldiyindən nazik qaşla, düzü , kənardan heç də yaxşı qadın kimi görünmürdüm. Ərimin məşuqəsinin yeganə rəqibi mənəm, halbuki, axmaq hələ də bilmir ki, mən ona çoxdan uduzmuşam. Mənim davam əmim oğlu Etibar – ərim və qan qohumlarımdır. Gecədən allı-güllü, 90% pambıqlı, qalın gecə paltarımı geyinmişdim, gözümü yumub bütün günü şəhəri tək gəzib ancaq salonda vaxtımı keçirəcəyimi xəyal etmişdim ki, bir il ərzində həyatımda baş verən hadisələri bir günlük də olsun unudum, alınmadı. Plan qurmaq mənə düşmür. Planlarıma nə qədər məsuliyyətlə yanaşıramsa, bir o qədər uduzuram..
Budur, səhər ilk işim instagrama girdim və qəsdən dostluq atdığım, arada zarafatla dediyim günümlə ərimin bir yerdə çəkdirdiyi şəklini səhifəsində gördüm.
Qadının məndə nömrəsi də varıydı, Etibarın telefonundan götürmüşdüm. Bilmirəm özümə yaraşdırmırdım, ya Etibarın qorxusundanmı, bircə dəfə də olsun onu yığmamışdım. Mənim də nömrəm onda varıydı. Bir-birimizi vatçapda izləyirdik, eləcə izləyirdik. İnanın, o məndən beş dəfə artıq cəsarətli qadındır. Məndən fərqli olaraq qorxusundan yox, bicliyindən yazmırdı mənə. Məni cırnatmaq üçün vatçapında Etibarla şəkillərini paylaşır, davada ilk addımımı atmağımı gözləyirdi. Yəqin ovunu əyilərək gizlənən şirlərə televizorda baxmısız. Bax, mən o qadını, ovunu parçalamaq üçün hazır vaxtı gözləyən şirə bənzədirdim. Mən ona nifrət eləməkdən o mənə nifrət edirdi. Kənardan mən onun sevdiyini əlindən almışdım, o mənim yox. Qadın haqlıydı, o, ərimi məndən çox sevirdi. Çox sevirdi yox, ümumiyyətlə, mən Etibarı iynənin ucu boyda da olsa sevmirdim. Biz sevərək ailə qurmamışdıq. Amma sosial şəbəkədə ilk dəfəydi şəkil paylaşdı, ərimi sevməsəm də qadınlıq qürurum vardı, istər-istəməz adamın heysiyyatına toxunurdu. Özümdən çıxmışdım, kontaktdan “məşuqə” yazdığım adın üstünə baş barmağımla toxunmaq istədim, dayandım. Damarlarımdakı qanı əzablarla coşduran hirsim məni quduzlaşmış itə döndərmək yerinə, ağladırdı. Axı, qadınla danışa bilməyəcəkdim. Söyüşlərim də boğazımda düyün olub məni susduracaqdı, boğula bilərdim. Mənim kimi ümidləri hər yerdən kəsilmiş qadının indiki vəziyyətdə ancaq təmiz havaya ehtiyacı vardı. Gücüm ayağa qalxıb pəncərələri açmağa çatdı. Dərindən nəfəs almaq istəyirdim, ağlımda ancaq qisas almaq vardı. Bu qisas xəyanət olmamalıydı. Qüruru tapdalanmış, mənliyi alçalmış qadının xəyanətini ancaq insan iztirablarını barmaqlarının ucuna qədər yaşamış insan başa düşərdi. Başa düşərdi, haqq verməzdi. Çoxdandır başqa arzularımdan bir arşın çox arzuladığım qisas vardı ağlımda. Özümə yaraşdırmırdım. Özümdən başqa məni bu addımı atmağa vadar edən hər kəsə layiq bildiyim qisasıydı.

Səkinin kənarında gəzirəm, gözlərim işıqforu gözləməyə hövsələsi çatmayan insanların tələskənliyini müşahidə edir. Maşının içindəki sürücülərin dodaqlarını oxumağı zamanla öyrənmişəm.Onsuzda yönlü söz çıxmır ağızlarından. Qırmızını gözləməyən piyadanı haqlı söyən sürücü olmağı mən də istəyərdim. Piyada, sürücü fərqi yoxdur, hamının üzündə mənim simamdan seçilməyən ümidsizlik vardı. Deyəsən, onlar da mənim kimi sevgisiziydi. Niyə bilmirəm, bircə küçəyə çıxanda qarabəxt olmadığımı düşünürdüm. Mənim məsələm əslində qarabəxtsizliyimdə deyildi, valideyinlərimizin bizim üçün yazdığı ədalətsizlikdəydi. Etibar zamanında demişdi, məni sevmir, sevib ailə qurmaq istəyir. Kaş dediyi kimi dediyini əməl etməyi bacaran kişi olardı. İndi nə o, bədbəxt olardı, nə də mən. Bədbəxtliyimizdə də fərq vardı. O, yalnız mənimlə bədbəxtiydi, mən onla, ya da onsuz bədbəxtiydim. Yaxşı ki uşağımız olmadı, ədalətli olmaq lazımdırsa, mənim uşaqlığımda olan problemlərə görə hamilə qala bilməmişəm. Axırıncı dəfə nə vaxt yaşamışıq, onu da xatırlamıram, özümü qız uşağı kimi hiss edəcək qədər aylar keçib üstündən. Xəyanətini bildiyim gündən yox, düzü, üzümə “Neynim, səni yox, onu sevirəm” dediyi gündən özümə yaxın buraxmadım. Etibara da yazığım gəlirdi.
Özümü maşının altına atmağı gözümün qabağına gətirirəm, ancaq ürəyim gəlmir. Çünki sürücünün Etibar kimi evindəkinə əzab verib-verməyəcəyini dəqiq bilmirəm. Bilsəydim,vallah, atardım, mənim də canım qurtarardı, onun evindəkinin də. Nəinki ərim üçün, məni ona kəndir edənlərə də ən yırtıcı qadın olmaq istəyirəm. Dilimin ucundakı əqrəb zəhəri qədər təhlükəli sözləri deməyə adam axtarıram. Dünyanın ən günahkar adamını. Tanıdıqlarımın ikisi məndən böyük – atalar, ikisinin vuran əli var- qardaşlarımdır. Vicdanla danışmaq lazımdırsa, Etibarın qadın döyməklə arası yoxdur, o tərbiyəsizliyin yiyəsi deyil. O, adamı səbrlə diri-diri basdırmağı bacaranlardandır. Tapdım, sancaraq zəhərimi ürəyinə boşaldacağım uyğun namizəd Etibardır. İş yerinə aparan iki küçə geridəydim.
Addımlarımı sürətləndirdim, hikkəli qadınlar kimi addım atmağım yəqin mənlə üzbəüz gələn adamların diqqətindən yayınmamışdı ki, gözlərini gözlərimə zilləmişdilər. Mənsə böyük olmayan nazik, balaca dodaqlarımı bir-birinə kipləşdirmişdim.
Alqı-satqınım qarısında dayandım, dodaqlarımı bir az aralayıb dərindən nəfəs aldım. Əzəldən düzgün nəfəs almağı bacarmamışam. Toppuşluğuma səbəb olanlardan biridə tək burunla nəfəs almağı bacarmamağımdır. Özüm-özümə düşmənəm.
Nə isə…”Azad insan cəsarətli insandır” düşüncəsiylə qapını açıb içəri girdim. Etibar əlində telefon mesajlaşırdı, deyəsən, getməyə hazırlaşırdı. Məni görəndə tutuldu. Çünki iki ildən sonra ilk dəfəydi iş yerinə gəlirdim.
– Canan.
– Deyəsən, gedirdin.
– Yemək yeyəcəkdim.
– Nahara çox var, axı?!
– Arvadım səhərlər yeməyimi qabağıma qoymayanda, nahara qədər iki dəfə yeməyim də normaldı.

Etibar hər cəhətdən yanımda həm günahkar, həm də güclüydü. Bizim cəmiyyətdə Etibar kimiləri nəticədə həmişə haqlı olub. Düşündüm ki, gəlmişəmsə məşuqəsinin səhvini də gözünə soxub bir az rahatlaşım.
– Söhbət eləmək istəyirəm. Belə evdə danışa bilmirik.
Etibarın üzündən mənim gəlişimdən razı qalmadığı açıq-aşkar hiss olunurdu. Məncə, o, sarışınıyla kef çəkməyə gedirdi, mane oldum. Amma yumşaq tərzdə soruşdu.
– Nə danışaq?
Onun başqasının həyatına rəng qatıb, mənim həyatımda boz rəngdə qalması, məni inandırmışdı ki, mən nəinki Etibarsız, ümumiyyətlə, həyatda kişisiz yaşasam da, əl dəyməsə, könlünə kişi düşməyəcək qadınam. Kənardan ailə görünsək də, əslində, biz daxildən çox əxlaqsız ailəydik. Bəli, bəli, bizi bir-birimizə bağlayan ancaq ehtirasdır. Qəribədir, ortada sevgi yoxdur, amma ehtiras var. Ona qarşı şəhvətim indi də var, niyə bilmirəm. Əvvəlcədən yazdığım kimi qürurum imkan vermir əli əlimə dəysin. İstər-istəməz özümü pula çıxan fahişə kimi hiss edə bilərəm, qadın kimi qalsın bir kənara, özümə insan kimi hörmətim qalmaz.
– Niyə susdun? Görək o nədir ki, evdə danışa bilmirik, burda danışırıq.
– Boşanmaq istəyirəm.
Etibar təəccüblənmədi, gec-tez belə bir addım gözləyirdi məndən. Əksinə, dodağı bir az kinayəylə qaçdı. Heç əhvalını da korlamadı.
– Ağlını başına yığ, əmim qızısan. Səni boşaya bilmərəm. Bizim boşanmağımız iki qardaşın düşmənçiliyi deməkdir. Qadınsan, belə şeyləri başa düzməzsən.

Çiynimi atıb ” hmm” eləyə bildim. İndi hirsim yerimdə rahat oturmağıma imkan verməsə də, sakitçiliyimi qorumağa çalışırdım.
– Deməli, iki qardaş 35 yaşlı kişinin q…lə görüşməsini başa düşür.
Etibarın hirslə qabağındakı nazik dəftəri üzümə çırpmağından başa düşdüm ki, onun hirsi məni görən dəqiqədən boğazında düyünlənib qalmışdı, partlayan bomba vəziyyətini almışdı, düyməsi məşuqəsinə etdiyim təhqir olmuşdu. Fərqi yoxdu, haqsız olduğunu dərk edən çox kişinin özünümüdafiə üsulu qadına qarşı kobudluqdan başlayır.
– Danışığına fikir ver. O, mənim sevdiyim qadındır.
Haqlıydı, biz yaşıdıq və o qadın ikimizdən 12 yaş balacaydı. Mənim yanımda sütül qızıydı. Özünü ruhən də Etibara vermişdi. Arada qurban gedən mən olurdum və haqsızlıq bir tərəfə, paxıllıq hissi də məni özümdən çıxardırdı.
– Onda boşa məni. Get sevdiyin qadının yanına. Yanımda nə sülənirsən?
– Onda get əminə, atana de ki, boşanmaq istəyən sənsən.
Ruhən o qədər yorğunam ki, tez süst düşürəm, ət kimi oluram. Axıracan qışqıra bilmirəm, səsim cırlaşır, qarşımdakından çox, səsim öz başıma düşürdü. Halsızlaşdım: – Atama bir-iki dəfə demişəm. Boşanmaq istəməyən sənsən. İkili oynayırsan.
– Nəyin çatmır? Onsuzda evlənəndə bilirdik ki, bir-birimizi sevmirik. Guya baz olduğumu əvvəlcədən bilmirdin də. Kişi kimi vaxtı-vaxtında səni təmin eləmirəm? Ya pul xərcləmirəm?
Qışqır-bağır salmaqla nəysə nəticəyə gəlməyəcəyimi çoxdan başa düşmüşdüm.
– Yox, vaxtı-vaxtında təmin eləmirsən.
– Özün imkan vermirsən.
Haqlıydı: – Çünki səndən iyrənirəm.
Arada iyrənirdim: – internetdə dostluğunda dost-tanışlardan, qohum-əqrabalardan kimlər var?
– Yenə fındıq boyda başınla nə fikirləşmisən?
Əllərim əsirdi, sakit vaxtlarımda da əsirdi, o qədər fikir vermirdim. Mənim yaxşı psixoloqa ehtiyacım vardı. Əsəblərimi müalicə eləməsəm, əlbirliyiylə məni dəlixana sakini eləmək əllərində iki vur ikiydi. Telefonu ona uzadanda əllərimin əsməsinə baxdı.
– Ay yazıq, həkimə aparım səni, əllərin əsir. Axırda psix olub məni zibilə salacaqsan.
– Şəklə bax.
Etibar telefonu əlimdən almaq istədi, imkan vermədim. Uzaqdan sevgilisiylə şəklinə baxdı.
– İnstagramda paylaşıb.- deyə bildim.
– İt qızı – deyib, öz telefonuyla sevgilisini yığdı.
– O şəkli tez sil. Sənə deyirəm, sil.
Sonra telefonu stolun üstünə atdı.
– Dincəldin?
İlahi, özünü elə aparır, elə bil ki səhnədə tamaşanın sonunda tamaşaçının üzündən razı qalıb-qalmadığını öyrənməyə çalışır. Onu danlamaq, vaxt itkisindən başqa bir şey deyildi. Artıq sözlərimə heyfim gəlirdi. İnsan susaraq mübarizə aparanda dəyərli olurmuş. Bugün Etibardan öyrəndiyim bu oldu.
– Deməli, bu qədər asandı? Çox sağ ol, xəcalət verdin.
Ayağa qalxdım, iti addımlarla qapıdan çıxdım. Hiss edirdim ki, arxamca baxır, daha onun səsini eşitmək, üzünü görmək istəmirdim. Qərarımı vermişdim, Etibar adlı insan ömürlük həyatımdan silinməliydi. Azlıq çoxluğa tabe olduğundan birgə keçirdiyimiz az günlərin xoş xatirəsini də yaddaşımdan silmək çətin olmayacaqdı….

Onunla mənasız danışığımızdan sonra evə getmək istəmirdim. Avtobusa minib hər küçədə qarşımıza çıxan restoranların birinə yaxın dayanacaqda düşdüm, restorana girdim. Sevdiyim yeməkləri bişirməyə həvəsim yoxuydu. Çoxdandı bişirdiyim yeməklər kartof və toyuğun döş ətinin qaynatması olurdu. Pəhriz saxlamırdım, həyat eşqim yoxuydu. On kilo atıb səksən kikoya düşmüşdüm. Etibarın axşam gec gəlməyinə öyrəncəli olduğumdan, nənələrimiz demişkən, ocaqdan qazan asmağın mənası yoxuydu. Restorana girdim, pəncərəsi küçəyə baxan tərəfdə oturdum. Danışmağa adam tapmayanda gözlərim insanların az qala bir-birinə dolaşan ayaqlarıyla təmas edirdi. Kaş mənim də ayaqlarımın məni aparacağı yer olardı. O zaman belə çarəsiz qalmazdım. Ofisiantın səsi məni fikirlərimdən ayırdı.
– Xoş gəlmisiz. Buyurun – menyunu mənə uzatdı. Menyuya ötəri nəzər saldım: – Balaca boşqabda mərci və qreçka. Mümkünsə, qreçk duzsuz olsun.
– İçməli nəysə olacaq?
– Adi soyuq olmayan su. Aa çoban salatı da gətirin.
– Baş üstə.
Ofisiant getdikdən sonra qarşı stolda bir kişinin gözlərini mənə zillədiyini gördüm. Çox güman mən restorana girəndən diqqətindən yayınmamışam. Özümü elə apardım, guya onun mənə baxdığını hiss eləmirəm. Yenə pəncərədən küçəyə baxdım. Vatçapımın mesaj səsini eşitdim. Mesaj yazan bacımıydı. Hal-əhval tutduqdan sonra şou-biznesdən xəbər verən jurnalistlər kimi həyəcan təbili çaldı.
– Şəkli qaynımacan hamı görüb. O qancıqda səndə olmayan nə var, axı? Papagil də boşanmağına razı deyil. Ən yaxşısı, özünə bir gün ağla.
Bacım sualı özü də bilmədən haqlı olaraq vermişdi. O qancıqda məndə olmayan uzun ayaqlar və düz qarın vardı. O, sarışınıydı, mən qaraşın, bir az da toppuş. Bəs yaxşı, bacımın qaynı sarışının dostluğunda nə gəzirdi? Şəkli paylaşanda ərimi işarələməmişdi. Düzü, mesajlaşmağı uzatmamağın dərdindən bu sualımı düşündüyüm kimi də tez unutdum. Bacımın özünə “gün ağla” cümləsi adamı daha çox düşündürürdü.
– Gün ağlayım, neynəyim? Özümə kişi tapım? – yazdım.
– Ortaya çıxsa, səni öldürərlər. Biabırçılıq olar – yazdı.
Əsəblərim yenə korlandı: – Onda bu oğraşı niyə öldürmürlər? – yazdım.
– Uşaq olsa, bəlkə düzələr.
Hər dəfə anamla bacıma alçalmağımı izah eliyəndə, niyə uşaq məsələsini ortaya atırlar, mənə çatmır. Onlar da məni özlərindən soyutmuşdular. Bacımla bir az da yazışmağa davam etsəydim, cinnət keçirib restoranı öz başıma uçurdub, başqa biabırçılıqlara yol aça bilərdim.
– Sonra yazışarıq, gələn var – yalandan yazdım.
Telefonumu çantama atdım, qarşımdakı kişiyə baxdım. Əslində, hələ də mənə baxıb-baxmamasını dəqiqləşdirirdim. Niyə, özüm də bilmirəm. Maraqlı göz quruluşu vardı. Ciddi baxışlarıyla gözümə baxırdı. Mən ona gülümsədim, o da gülümsəməyimdən cəsarət tapmışdı ki, gülümsədi. Gözümü ondan yayındıranda, yad kişinin sinəmə, dodaqlarıma, əndamıma gizlin baxması istər-istəməz məndə özümə qarşı inam hissimi hardasa yaratmışdı. Deməli, çirkin qadın deyildim, istədiyim kişini əldə edə bilərdim. Etibarı asanlıqla əldə edə bilməmişdim, böyük xeyir-duasıyla elçilikdən bir həftə sonra zifaf gecəmiz olmuşdu. O, məni rahat yatağına salmışdı. İndi də yadıma düşəndə, özümü ilk dəfə müştərisiylə tanış olduqdan bir saat sonra yatağa girən əxlaqsız qadın kimi hiss edirəm.
Daxilən keçirdiyim sarsıntıdan ağlımdan bəlkə şeytanın yadına düşməyəcək fikirlər keçirdi. Ofisiant dediklərimi gətirdi, stolun üstünə düzdü. Yemək yeyə-yeyə kişiyə gülümsəyirdim. Arada pəncərədən küçəyə baxırdım ki, məni sırtıq qadın hesab eləməsin. Həyəcan keçirirdim, qəfildən ona baxanda gözlərinin sinəmdə olduğunun fərqində oldum. ” Bütün kişilər eynidir” deyəndə yəqin nəzərdə tutulan birinci onların oğraş baxışlarıdır. Yaxşı bilirəm, mən ona hərdənbir yatmaq üçün lazımam. Guya o mənə daima lazımıydı? Qətiyyən!…Onu qisas almağım üçün ilkin mərhələ hesab edirdim…

Yeməyimi bitirdikdən sonra ofisianta əlimlə işarə elədim ki, hesabı gətirsin. O, hesabı gətirənə qədər tualetə getdim. Güzgünün qarşısında simama diqqətlə baxdıqdan sonra, məni ağlamaq tutdu. Yaxşı ki məndən başqa heç kim yoxuydu. Gözlərimin qarası yayılmasın deyə ikinci barmağımı alt kipriyimin altına apardım ki, göz yaşım barmağımı islatsın. Dodağıma, yanağıma su vurdum, öz-özümə danışırdım.
– Şeytan məni yoldan çıxardır. Mən nə iş görürəm?
İlkin dəqiqələrdə Etibardan qisas almaq üçün tanımadığım kişiylə yatmağa hazırıydım. Bacım haqlıydı, xəyanətim ortaya çıxsaydı, Etibar kimi dilim qolum uzunluğunda olmayacaqdı, əksinə, dili gödək olacaqdım. Baxmayaraq ki, kağız üstündə olsa da, həqiqətdə mən kişisiz qadın sayılırdım. Amma yox, qisasımı almalıydım. Boynuma alım ki, sakit yoxa çıxsam, məni elə özümkülər pozğun qadın çıxaracaq. Yox, uşaq kimi davranmamalı, əsl siyasətçi kimi hərəkət etməliydim. Addımlarımı ehtiyatla atmalı, başda ərciyəzim olmaqla, yaxın qan qohumlarıma od qoymalıydım. Çünki arada mənim həm də sağlamlığım təhlükədədir və bu heç kimin vecinə deyildi. Nə qədər ki, qəzəbimdən qızmışam, Etibara layiqli xəyanəti etməliydim. Elə xəyanət ki, sübut da eləsinlər, amma mənim təmiz qadın olmağımla bağlı şübhələri də olsun. Bu bir az qəlizdi. Deyəsən, adam özünü elə pis günlərdə tanıyır. Şəxsən ağlıma gəlməzdi, ərdə ola-ola yad kişinin üzünə gülümsəməyim. İlk addımı atmışdım, yataq mənim üçün çətin olmazdı. Şəhvətli qadınam, bir halda ki, arada iyrəndiyim kişiyə qarşı bədənim həmişə öz hərarətini saxlayır, başqasına qarşı niyə soyuq olmalıdır?
Şeytani düşüncələrlə dodaqlarıma qırmızı pomadamdan sürtüb yerimə qayıtdım. Ofisiant mənə yaxınlaşdı, başıyla qarşımdakı kişini işarə elədi: – Ödənilib.
Sonra hesab kitabçasını qarşıma qoyub getdi. Kitabçanın arasında kişinin vizitkası vardı. Vizitkanı çantama qoyub, adama gülümsədim, hesabı ödədiyi üçün başımla təşəkkürümü bildirdim. Əlimlə ona zəng edəcəyimi işarə etdim, beləliklə, yad kişini ümidləndirdim. Restorandan çıxıb qarşıda dayanan taksilərin birinə yaxınlaşdım. İstəmirdim çıxdıqdan sonra mənə yaxınlaşsın. Taksiyə mindikdən sonra onu qapının ağzında gördüm. Barmaqlarımı tərpədərək sağollaşdım.
Evə girən kimi hamama keçdim, paltarımı soyunub paltaryuyan maşınına atdım, ilıq suyun altında içimdəki zəhəri, uğursuzluğumu, bədbinliyimi ruhumdan tökənə qədər ağladım, sonra dincəldim. Hamam xələtində qonaq otağına gəldim. Yatmaq istəyirəm, yuxum gəlmir. Yuxu gətirmək üçün fərqli üsullarım vardı. Bunu kişisiz qaldığım gecələrdə kəşf eləmişdim. Gecələr cüt yatağımın tək adamı olmaq, qisas üçün çağırışıydı. Googlda porno saytların birinə girdim, sonra stulda oturdum. Başqalarının çılpaq bədəninə baxmaq mənə nə zövq verirdi, nə də şəhvətə gətirirdi. Onların səsi məni mən olmaqdan çıxardırdı. Gözlərimi yumanda öz fantaziyalarım mənə bəsiydi. Fantaziyamdakı kişi nə Etibarıydı, nə də bugün üz verdiyim kişi… Bir dəfə yuxu görmüşdüm, tanımadığım kişiylə sevişirdim. Yaraşıqlı deyildi, çirkin də demək olmazdı. Amma məni özünə sıxan güclü qollarını yuxudan sonra da hiss eləmişdim. Ərim məni onun kimi kürəyimin sümüklərini şaqqıldadacaq qədər ürəkdən sıxmamışdı. O gündən fantaziyalarımın şəhvət hissəsində o kişi vardı. Gözlərimi yumdum, yenə o kişi, şəhvətli səslərin sədasında yuxuya getmişdim.
Bir saatdan çox olardı oturduğum yerdə yatmışdım. Qəfildən qadın qışqırığına diksindim. Etibar divanda oturmuşdu, ayağını ayağının üstünə aşırmışdı. Özümü yığışdırdım. Çılpaq sinəmi, sağ ağayımı xələtimin altında gizlətdim. Bir az utanmışdım. Utanmağımdan çox, stulda yatdığımdan boynumun quruduğunu hiss elətdirdim. Əlimlə boynumu ovuşdura-ovuşdura ayağa qalxdım.
– Məndə deyirəm bu mənsiz necə dözür? Məlum oldu.

Xəyanətimdə də belə tutulsam, vəssalam, həyasızlıq edib qanımı özlərinə halal edəcəklər. O, ayağa qalxdı, asta addımlarla mənə yaxınlaşdı.
– İnadkarlıq eləmə. Kişilər dünyaya bölüşdürülmək üçün gəlib.

İkinci cümləni deməsəydi, saçlarıma toxunanda ola bilərdi ki, təslim olum, şəhvətimi öldürən adi kişi kimi baxım. Amma yox, sonsuzluğumu xatırlatdı.
– Deməli, problem uşağımızın olmamağı deyil, hə?
– Guya uşağı olan kişilər gəzmir? Sən mənim arvadımsan. Namusumsan. Əmim qızısan. Bizimki belə gətirib. Xoşbəxt olmağa məcburuq.
Qəfildən güldüm. Gülüşüm onun danışığı qədər həyasızıydı. Dəqiq bilirəm divarın o üzündə qonşu da gülüşümü eşitdi.
– Tarixi-Nadiri yarıyacan oxumuşam, belə cümlə rastıma çıxmayıb.
Əlini əlimlə itələyib divanda oturdum. Gülərək gözüm dolmuşdu. Onu yaxşıca söymək istəyirdim
– Ay…Ay əmioğlu, biz bədbəxt olmağa məhkumuq. Amma mən bu işi belə qoymayacam.
– Neyniyəcəksən?
– Başa düşmürsən ki, ölürəm? Hamınız özünüzü düşünürsüz.
– Yaşayaq da. Məni özünə yaxın buraxmırsan, amma bütün günü başqa kişilərin şeyinə baxırsan. Mən dərdimi kimə deyim, ay Allah?!
Rəhmətlik nənəm yadıma düşdü. O da əsəbləşəndə əlləriylə dizlərini döyərdi. Etibarın fərqi oydu ki, yöndəmsiz dırnaqlarıyla üzünü cırıb iz qoymurdu. Bu hərəkəti kişiyə yaraşdırmırdım, bəlkə də etdiyi hərəkət qışqırmağıma səbəb oldu.
– Sevirsən ki, yatasan?
– Fərqi nədi? Ehtirasım var.
– Ona ehtiras demirlər. De ki, sənə toxunanda gözümün qabağına o gəlir. De ki, sənlə olmaq üçün özümü zorlayıram. Allah hamınızı öldürsün. Səni də, atamı da, əmimi də, hamınızı öldürsün. Adınıza tüpürüm. Adınıza görə imkan vermirsiz, adam balası kimi yaşayım.
Üzümü tutub hönkürtüylə ağlamağa başladım. Təbii ağlamağım həmişəki kimi Etibarın vecinə deyildi. Məni hədələdi, yenə də alçaltdı. Bizim aramızdan pərdə bugünkü qədər götürülməmişdi. Mən ona səsimi yüksəltməmişdim, o da açıq-aşkar özünü belə gülməli vəziyyətə salmamışdı.
– Tfuu…Öl canın çıxsın. Bundan sonra yalvarsan da sənə toxunmaram. Nəymişsən az sən? Boşanmağı ağlından çıxart, beynimlə oynama. Bilirsən nə var? Yaxşı eləyirəm. Başqa arvadlar necə, sən də elə. Elə bil xəyanət eliyən tək mənəm. Ərlərindən xəyanət görən bütün arvadlar sənin kimi eləsəydi, ölkədə ailə qalmazdı ki. Hamısı boşanardı. O arvadlardan çox bilirsən?Bəlkə atan anana xəyanət eləməyib? Bəlkə atam anama? Şəxsən özüm neçə dəfə atam qadınla yolnan gedəndə görmüşəm. Anam yanımda…Necə əsəblərimə toxundun e.
Cavab verib növbəti dəfə alçalmağımın şahidi olmamaq üçün susdum. Sadəcə susdum. İçimdəki qisas alovuna benzin töküb notebooku stolun üstündən götürüb evdən çıxdı. Ayaqlarımı aralayıb yerə bir nöqtəyə baxdım, baxdım… Hirslə pəncərəyə yaxınlaşıb açdım. Etibar maşına minmişdi. Qışqırmaq istəyirdim ki, qapı döyüldü. Etibar maşını xodlaşımdı. Xələtimə yenidən əl gəzdirdim, bir əlimlə sinəmi bağladım, qapının arxasında bədənimi gizlətdim, qapını açdım.
Gənc oğlan əlində reklam vərəqləri mənə baxırdı. Daha doğrusu, tam qurumamış saçlarıma.
– Üzr istəyirəm, deyəsən, vaxtsız gəldim.

Başa düşmürdü ki, tam vaxtında gəlim. Artıq Etibarın gecə gəlməyəcəyinə əminiydim….

– Sizə nə lazımdır?
– Mən bizim şirkətin mallarını reklam edirəm. Televizor, tozsoran, soyudu….

Bu işdə yeni olduğu o dəqiqə hiss olunurdu. Əvvəllər də reklam üçün qapımızı döyənlər az deyildi. Amma onlar cütüydü, bu oğlanın tək gəlməsi mənə qəribə gəldi. Əvvəlcədən əzbərlədiyi şablon sözləri sonacan dinləməyə hövsələm çatmadığı üçün danışmağa imkan vermədim.
– Neçə yaşın var?
Oğlan sualıma təəccüblənmədi. Görünür məndən qabaq ondan yaşını soruşan çox olub.
– İyirmi
Yoox, iyirmi yaşında beyni hələ də ağ vərəq olan gənci qurban seçmək özü vicdansızlıq və əxlaqsızlıqdır. Özünü tapmayan, gələcəyi qabaqda olan bir gənci özümə öyrəşdirsəm, ikimiz üçün də problem olacaq. Mənə problem yaratmayan insan lazımdır. Yeri gələndə qisas məqsədiylə ona yaxınladığımı bilməli, mənə bu yolda dəstək olmalıdır. Yaxşı, hansı kişi axı kişiyə qarşı özünü alçaldar? İndi dəqiq bildiyim bir şey vardı, qarşımda dayanan gənc oğlan qurban olmaqdan azad olunmuşdu.
– Səni göndərən göndərib, neyləmək olar? Yanımda uşaqsan. Sənə pislik eləmək olmaz.
Gərgin olanda həddindən artıq dürüst olmağı sevirəm. Səmimiyyətim oğlanı təəccüləndirmişdi.
– Heç nə başa düşmədim.
Onun təəccübü mənə bir az əyləncəli gəlmişdi. Ona görə könlümdən zarafat eləmək keçdi.
– Fikir vermə. Evdə hər şey var, kişidən başqa.
Düzü, burda bir az özümü də, gənci də utandırdım.
– Başa düşürəm. İcazə verərdiz, mallarımızdan danışardım. Vaxtınızı çox almayacam. On dəqiqə bəsimdir.
– Danışmaq lazım deyil. Böyük fincan var? Yetimdoyuzduranlardan?

Gənc güldü, elə mən də sualıma güldüm. Evdə yetimdoyuzduran fincan nə qədər desən vardı. Sadəcə, görünür, işində təcrübəsiz olan gənci geri qaytarmaq istəməmişəm.
– Var.
– Onda mənə yetimdoyuzduran, bir də çaydan gətir. Toka taxılandır da yəqin.
– Bizdə ancaq odu.
– Yaxşı, sən gətirənə qədər paltarımı dəyişərəm.
– Yaxşı.

Saçlarımı qurulamağa ehtiyac olmadı. Oğlan gələnə qədər tələsik ev paltarımı geyindim, qulaqlarımın arxasına bacımın məşədi qaynanasının mənə bağışladığı, qızılgülün qoxusunu xatırladan ətirdən vurdum. Qapı döyüldü, açanda gənc əlində dediklərimi qonaq otağına apardı.
Koftamdan qara rezini çıxardıb saçlarımı yığdım, oğlandan cəld tərpənib çaydanı qutusundan çıxartdım. Danışmışrdı, bu işin peşəkarı olsaydı, dil-dil ötmüşdü.
– Yoxlasam, etiraz eləmərsən? Keyfiyyətli olub-olmadığını yoxlamaq istəyirəm.
– Əlbəttə, buyurun
Mətbəxə keçib çaydanı doldurdum, qonaq otağına qayıdıb toka taxdım.
– Xoşum gəlməsə qaytaracam.
– Narahat olmuyun. Yaxşı çıxmasa, qaytarın.
– Borcum nə qədərdi? – fincanı heç qutusundan çıxartmadım.
– Otuz manat.
– Çox deyil?
– Bizdə firma malıdır. İndiyə qədər narazı qalan olmayıb.

Yüz manat da olsaydı, gətirib verəcəkdim. Qazanan Etibarıydı. Pul qazanmaqda fərasətli kişiydi. Onun mənə rəhmi gəlmədiyi üçün, mən də onun əziyyətinə dırnaqarası baxırdım. Otuz manatı gəncə uzatdım.
– Buyur. Ümid edirəm, işlədiyin şirkətdə daha yaxşı yerlər tutarsan. Sağ ol.
– Təşəkkür edirəm.
Gəncin arxasınca baxdım, öz gəncliyim yada düşdü. Ata evindən ər evinə gələnə qədər necə xoşbəxt uşaqlığım, gəncliyim olub, İlahi!…
O, qapını açıb ayaq saxladı, mənə baxdı.
– Siz həm gözəlsiz, həm də çox mərhəmətlisiz.
– Nə deyim, çox sağ ol.

Əslində, o gənc özü də bilmədən özündən mənə özgüvən verib getmişdi, xəbəri yoxdu. Telefonuma zəng gəldi, lakin mən yerimdən tərpənmək istəmirdim. Ayaq üstə düşünürdüm. Sonra mesaj gəldi. Düşündüm ki, ya bacımdı, ya da anam. Ən çox danışdığım insan orta məktəbi bir oxuduğum rəfiqəmiydi. Yataq otağına keçib çantamdan telefonu götürdüm. Vatçapa yazan ərimin sevimli məşuqəsi sarışınıydı.
– Salam. Bu mesajı yazıb-yazmamaqda tərəddüd edirdim. Məncə, bunu sən də bilməlisən. Mən hamiləyəm. Etibar da bu uşağı istəyir. Deyir, boşana bilmərsiz. Mən sənin yerində olsaydım, özümə hörmət edərdim. Sağ ol.
Məşuqə indi qalib olduğuna əmindir, qızıl kuboku isə bətnindəki uşağıydı. İstədim yazam “bu ədəbiyyat cümlələrini hansı əsərdən götürmüsən?” yazmadım. Ona nəysə yazmaq özümə qarşı ən böyük hörmətsizlik olardı. Niyə yalan deyim, bir anlıq evi dağıtmaq, televizoru balkondan atmaq ürəyimdən keçdi. Gözümün qabağına da gətirdim. Yox, bu da mübarizə aparmaq üçün çıxış yolu deyildi. Gəncdən sonra sarışın da mənə güc vermişdi, daha dayanmaq lazım vaxtı deyildi. Hər şeyə bu gecədən başlayacaqdım…

İnstagramda, facebookda başqa ad-soyadda profil yaratdım. Yarıçılpaq qadın şəklini profil şəklinə etdim, ümumilikdə isə öz şəklimi paylaşdım, yalnız dostlarım görə bilərdi. Heç kimə dostluq atmırdım, gözləyirdim mənə dostluq təklifi gəlsin. Elə də oldu, çox kişidən mesaj gəldi, aralarında eləsi vardı ki, profil şəklimdən məni çoxdan bar qadını kimi düşünmüşdü, öz şəklimi görüb birbaşa pul qarşılığında otelə dəvət edirdi. Bütün mesajları screen edib telefonumda saxladım, beş-altı kişini fərqli saatlarda fərqli məkanlara görüşə çağırdım. Hamısı subaydı. Ailəsi dağılmış qadın kimi evdə arvadını bədbəxt edən evli kişiylə görüşmək məndə ancaq ikrah hissi yaradardı. Fikir vermişəm, evindəkini xoşbəxt eləməyən kişi, çöldəkini çətin xoşbəxt eləsin. Yəqin bu xəyanət edən qadınlara da aiddir. Mənim bu addımım ailəmin içini bilib məni başa düşən üçün qisasdır, bilməyən üçün təbii xəyanət. Ömründə bəlkə də heç bir qadına gül almayanların inboxda göndərdikləri gülləri toplasam, evdə oturmağa yer tapmazdım. Hələ utanmaz-utanmaz penisini göndərən qurşaqdan aşağı göstəricini xatırladan başlardan yazmıram. Yazmağa dəyməz axı.
Sabaha geyinmək üçün don seçdim. Tərslikdən donlarımın hamısı uzunuydu. Məni arıq və cəlbedici göstərən qara donumu seçib qayçını şkafın içindən götürdüm. Onu bir az qısaltdım. Nəticədə, yazışdığım kişilərə özümü namuslu qadın kimi təqdim etməmişdim. Özümə kənardan baxıram, sakit, başını aşağı salıb saman altından su yeridən insan təəssüratı bağışlayırdım.
Donu həll etdikdən sonra rəfiqəmə zəng elədim.
– Necəsən? Sənə göndərdiyim mesaja baxdın? Yox, boşanacam. Belə yaşamaq olmaz. Heç kim tərəfimi saxlamır, saxlayan olsa da, qorxusundan səsi çıxmır. Bir az da dözsəm, o ləçərlə bir evdə yaşayacam….Yaxşı. Oldu. Sağ ol.

Rəfiqəmin yoldaşı rəhmətə getmişdi, iki oğluyla yaşayırdı. Qurban olduğumun torpağı da harda insan kişi varsa, elə bil qadından çox sevir, özünə tərəf çəkir. Nərminin əri beş illik evlilik həyatlarında bir dəfə olsun onu incitməmişdi. İndi hirsli başla yazıram, kaş torpağın altında onun yerinə Etibar yataydı. Keçən zaman adamın hirsini də soyudur, kini də özüylə aparır deyirlər. Gələcəkdə ərim, bizimkilər haqqında indi düşündüyüm kimi düşünəcəmmi, onu da dəqiq bilmirəm. Ondan əminəm ki, bizimkilərin mentalitet bəhanəsiylə Etibarın və ləçərinin məni sakitcə iynələməsini ört-basdır eləməyinə imkan verməyəcəm.
Səhər Etibar yenə evə gəlməmişdi. Beş-altı dəst paltar, nazik paltonumu, iki cüt ayaqqabı götürüb çəmadana səliqəli yerləşdirdim. Qızıllarımı, evdəki beş min manatdan dörd min beş yüz manatı götürüb çantama qoydum. Bir müddət bizimkilərdən gizlənənə qədər mənə pul lazım olacaqdı. Beş yüz manatı əslində Etibarı yandırıb-yaxmaq üçün saxlamışdım. Dünənki gəncdən aldığım çaydanı, yetimdoyuzduranımı da götürmüşdüm.
Saat 10-da Həsən Əliyev küçəsində yeni açılmış restoranda görüşüm vardı. Donumu geyindim, deyəsən, bir az qısa kəsmişdim. Gözlərimi daha da qaraltdım, dodağıma qırmızı pomada sürtüb, çəmadanımı götürüb evdən “uff” demədən çıxdım. Kinolarda evindən ayrılmamışdan qabaq son dəfə evinə həsrətlə baxan qadınlar kimi evimə son dəfə də olsun baxmadım. O evə baxarlar ki, əzəldən içində sevgi olsun. O ev üçün darıxarlar ki, o evdə həqiqətən səni adam yerinə qoysunlar. Mən onların heç birini yaşaya bilmədim. Nə üçün təəssüflənməliydim?
Amma yolda ürəyim qabardı, elə bil hansısa əl ürəyimi sıxırdı. Taksilərin birinə mindim, restoranın qabağında düşdüm. Görüşə çağırdığım kişidən on dəqiqə əvvəl gəlmişdim. Qapıdan girən kimi məni tanıdı.
Ortayaşlı kişiydi. Başa düşdüm ki, profilə qoyduğu şəkil cavanlıq şəklidir. Şəkildə gicgahlarında ağ tük yoxuydu. Çox güman evliydi, bəlkə nəvələri də vardı. Yaxınlaşanda ayağa qalxdım, əlimdən tutub öpdü. İlk dəfədir bir kişi əlimdən öpürdü, qəribə hisslər keçirdim, bədənimə üşütmə keçdi.
– Salam. Necəsiz?
– Çox sağ olun. Rahat gəldiz?
– Hə, rahat yerdədi. Söz soruşmaq istəyirəm, amma səhv başa düşməyin.
– Buyurun.
– Canan əsl adınızdır? Cana yaxın adınız var.

Kişi məni əməlli-başlı ov bilirmiş. Yadıma düşdü ki, özümü aristokrat qadın kimi göstərməyin mənası yoxdu. Kişi rahat görsün deyə, ayağımı ayağımın üstünə aşırdım ki, məni əxlaqlı qadın bilməsin. Gözlərini çöldə qalan qıçımdan, budumdan çəkmirdi. Tez-tez baxırdı….

Hər halda bacardığım qədər şübhə yeri qoymurdum. Heç şübhəsiz özünü mənə ölkənin digər kişilərindən fərqli göstərəcəkdi. Bədbəxt günlərimdə məni başa düşən kitablarıydı. Hər birində haqqımda nələrsə yazılmışdı, ya da mən axtarıb tapırdım, ən pis halda özümə elə gəlirdi. Ən pis halda yazıram, çünki psixoloji problemlərimin olduğunu hiss edirəm. Axı, normal qadın belə qisas almaz. Oxuduğum psixoloji kitablardan gəldiyim nəticə buydu.
– Mənə özünüzdən danışa bilərsiz?
– Evliyəm, iki uşağım var.
Sırtıqlığına salıb özünü subay adam kimi təqdim etdiyi üçün üzr isrəməkdən, utanmadan danışırdı. Mənə mən deyərlər.
– Necə ola bilər? Subay olduğunuzu yazmışdız.
– Evli olduğumu yazsaydım, sizlə necə görüşə bilərdim? Haqqınızda “evli adamlar narahat eləməsin” yazmısız.

Xülasə, bir saat çay süfrəsi arxasında özünü nəyi var, təriflədi. Orta məktəbdə tarix müəllimimin bir cümləsi yadıma düşdü “Özünü tərifləyənlərin zibili boyunu keçir” .Telefonun vatçap bölümünə girib əlimdə saxladım. Səbrlə, qarşımdakı kişini ürəyimdə söyə-söyə dinlədim, yalandan heç kimimin olmadığını dedim. Axşam 9-da məni görüşdüyümüz restoranın qabağından rayonların birinə aparacağını vədələşdik, sonra sağollaşdıq. Çəmadanımı əvvəlcədın ofisianta vermişdim ki, saxlasın. Kişi məni taksiylə yola saldı. Taksi on dəqiqə sürdükdən sonra saxlatdırdım.
– Mən qalası oldum.
Sürücü pulu qaytarmaq istədi, götürmədim.
– Lazım deyil. Halal xoşunuz.
Komedik vəziyyətə düşmüşdüm. Yarım saat gözlədikdən sonra görüşümə ikinci qurban gəldi. Cavanıydı və üzündən abırsız, sırtıq adam olduğu o dəqiqə hiss olunurdu. Elə bilin ki, alnına yazılmışdı.
Çılpaq ayaqlarımsa ruhunun əxlaqsız tərəfini tez üzə çıxrtdı. Özün təriflədikdən sonra yenidən vatçapın mikrofonunu basdım.
– Gözəl qadınsız. Görünür, sizin də görüşməyə ehtiyacınız var.
– Məqsəd mənim ehtiyacımı qarşılamaq üçündür? – gülümsəyib ikinci barmağımı əlinin üstündə oynatdım.
– Mən sizin bütün ehtiyaclarınızı qarşılaya bilərəm.
– Şübhə eləmirəm.
– Hara gedək.
– Buralara yaxın qalıram. Axşam 9-da istədiyin yerə gedə bilərik.

Yenə vatçapa mənə lazım olan yerləri səsə köçürtdükdən sonra, rəfiqəmin gəlməsi bəhanəsiylə sırtığı yola saldım. Çəmadanımı ofisiantdan götürüb taksiyə mindim, üçüncü görüşə gecikmək olmazdı. Əhmədlidə metronun yanındakı restorana gələndə şəklini öncədən gördüyüm, yaşı təxminən 30-35 olan qurbanımı gördüm. Salamlaşdıqdan sonra, özündən danışdı. Amma evliydi. Barmağıma dolayacağım adam olduğundan daha subay olub-olmamağı vecimə deyildi.
– Şəxsi sual verəcəm. Yəqin etiraz eləmərsən.
– Buyur, canım.
– Yoldaşınızı restorana axırıncı dəfə nə vaxt aparmısız?
– Yoldaşımın restoranda nə işi var.
– Başa düşmədim – üzümün zəhrimar tərəfini qaşlarımı alnımın ortasında düyünləməklə göstərdim. Ağzındam çıxartdığı cümləyə peşman olmuşdu.
– Oğlumuzun qırxı hələ çıxmayıb. Yoxsa qadının istirahəti üçün restorana da aparmaq olar, rayona da.
– Aydındır.

Geyimi bəzək, içi təzək üçüncü kişiciyi də beləcə yola saldım. Gündə beş-altı kişinin qoynundan çıxan qadınlara ürəyim ağrıdı. Üçüylə danışmışdım, tamam yorulmuş, hətta, beşinci kişiylə görüşü özlüyümdə təxirə salmışdım. Bir saat gözlədim, cavan oğlan yaxınlaşdı mənə.
– Canan xanım?
Üzünə gülümsədim: – Şəkildəki oğlandan daha yaraşıqlısan. Əyləş
Safıydı, amma qarşımda özünü tülkü kimi aparırdı. O, danışdıqca, bir-neçə saniyəlik ona yazığım da gəlmişdi.
– Gedəcək yeriniz yoxdursa, mənim evimdə qala bilərsiz.
– Bəs, ailəniz?
– Ailəm rayonda yaşayır. Məni pis başa düşməyin. Çəmadanı gördüm, dedim, qalmağa yeriniz olmaz.
– Rəfiqəm sevgilisiylə bir həftəlik rayona dincəlməyə gedib. Harda qalacağımı bilmirəm. Sənə narahatçılıq vermək istəmirəm.
– İstəsəz, indi otelə də gedə bilərik. Sizi yerləşdirib gələrəm.
– Evdə səndən başqa kim qalır?
– İki dostum qalır. Desəm, bir həftəlik çıxarlar.
– Belə edək. Otelə aparıb artıq xərcə düşməyin mənası yoxdu. Ən yaxısı, mən səni burda gözləyim. Demirsən ki, yaxın qalırsan? Get onları qov, yanıma gəl. Sən gələnə qədər darıxaram sənin üçün – əriyimi əzdirməyə başladım, iyirmi qəpik geydirmə dondurma kimi az qala ərimişdi. Razılaşdıq, getdi.
Vatçapdakı səsli mesajları bir-bir Etibara göndərdim. Nəinki Etibar, heç bir kişi bu səslərdən sonra özünü elə bir zərbənin altında hiss edəcək ki, istəyir dünya gözəliylə sevib-sevilsin, xoşbəxt olmayacaq. Qadından bu cür qisası heç bir kişi gözləməzdi.
Sonra telefonu söndürüb, küçəyə çıxdım. Telefonu metronun yaxınlığındakı zibil qabına atdım. Kimin qismətinə çıxa.
Qalibiyyətimi yüksək əhval-ruhiyyəylə ruhumda qeyd edirdim. Çünki o an ruhumun göylərdə gəzdiyini hiss edirdim.. Haqqımda danışılanları təsəvvürümdə canlandırdım; Atamla qardaşlarım məni öldürmək üçün özlərini az qala yerə-göyə çırpırlar. Etibar ona çoxdan xəyanət elədiyimi deyir.
Səmimi etiraf edim, anamla bacıma yazığım gəlirdi. Bacım qaynanasıgilin yanında mənə görə həmişə utanacaq, mənə düzgün tərbiyə vermədiyi üçün atam anamın başına məni qaxınc edəcəkdi. Elə də oldu. Mən bunların hamısını yaşadım. Pis günlərimin üstündən iki il keçib. Etibar məni boşamış,sarışınlyla evlənmişdi. Bir qızı var. Atam evdə şıkillərimi yandırıb, məni övladlıqdan silib. Qardaşlarım ondan betər…Türkiyədə olduğumu isə, yalnız anamla bacım bilir və susurlar….
Son.

Müəllif: Şəfaqət Cavanşir

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru